İnsanlara hürriyət, millətlərə istiqlal!

Körpəsi olan analara XƏBƏRDARLIQ 

“Süddə olan qida maddələri ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə edilir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, əgər əvvəllər süd verən qadının rasionu bir çox qida maddələrindən məhdudlaşdırılıb və xüsusi pəhriz təklif edilirdisə, son zamanlar demək olar ki, bu məhdudiyyət aradan qaldırılıb:

“Ümumiyyətlə, ana südünün keyfiyyəti ananın pəhrizindən asılı deyil. Ana südü kifayət qədər sabit tərkibə malikdir və yalnız ananın qida rasionundan seçici şəkildə təsirlənə bilir. Ananın qida rasionunda kifayət qədər olmasa belə, ana südünün karbohidrat, zülal, yağ, kalsium və dəmir tərkibi çox dəyişmir. Yalnız suda həll olunan vitaminlərin (vitamin C və B qrup vitaminləri) tərkibi birbaşa ananın qidalanmasından asılıdır. Qida ilə B1, A və D vitaminlərinə olan ehtiyac ödənmədikdə isə, ana südündə bu maddələrin miqdarı daha az olur. Odur ki, vegan analar ana südü ilə qidalandırılan zaman bədənlərinin kifayət qədər miqdarda D və B qrup vitaminləri, dəmir, kalsium və sink alınmasını təmin etməlidirlər”.

Pediatr qeyd edib ki, laktasiya dövründə arıqlama məqsədli pəhriz edilməməlidir:

“Süd verən analarda qida ilə alınan enerjinin 80%-i süd istehsalı üçün istifadə edilir. Orta hesabla 800 ml qədər süd ifraz etdiyi diqqətə alınarsa, süd verən analar gündəlik 1800 kaloridən az enerji qəbul etməməlidirlər. Gündəlik alınan maye miqdarının təxminən 3 litr olmasına da diqqət göstərilməlidir. Laktasiya dövründə ananın yod və xolinə ehtiyacı artdığından, ilk il ərzində gündəlik 290 mikroqram (mkq) yod və 550 milliqram (mq) xolin istehlak etməyi tövsiyə edilir. Buna görə də ana südü ilə qidalandıran analara balanslı şəkildə qidalanmaq məsləhət görülür. Körpə gündə ən azı səkkiz dəfə döşlə qidalanmalı və hər ay orta hesabla 600-800 qram çəki artırmalıdır. Daha tez-tez qidalanma südün miqdarını və yağ tərkibini artırır”.

A.Məmmədova bildirib ki, əmizdirən analar istehlak etdikləri dəniz məhsullarının miqdarına və növlərinə diqqət yetirməlidirlər:

“Əksər balıqlarda ana südü ilə körpəyə keçə bilən civə olduğundan, civə səviyyəsi az olan balıqlar seçilməlidir. Həmçinin, çox yüksək kofein qəbul edən anaların körpələrində əsəbilik, yuxu rejiminin normal olmaması nəzərə alınaraq daha az kofein istehlak etməli və spirtli içkilərdən istifadə məhdudlaşdırılmalıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR