İnsanlara hürriyət, millətlərə istiqlal!

Koreyanın Azərbaycana ötürmək istədiyi tibb təcrübəsində nələr var - rəylər

Həkim: “Onkoloji və ortopedik problemlər sahəsində Koreya tibbi xeyli öndədir, ona görə...”

Koreya Respublikası Azərbaycandakı tibb müəssisələrinin sığorta siyasəti üzrə bacarıqlarının artırılması layihəsi vasitəsilə Koreyanın səhiyyə təcrübəsini Azərbaycana ötürmək üçün səy göstərir.

“Yeni Müsavat” xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Koreya hökuməti ilə birgə layihəsi çərçivəsində dövlət tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı məqsədilə keçirilən təhvil-təslim mərasimində çıxış edərkən deyib.

Səfir qeyd edib ki, bu layihə vasitəsilə Azərbaycanda səhiyyənin inkişafına töhfə verməyə ümid edir. Bildirib ki, Koreya Azərbaycanın sağlam gələcəyi üçün hər zaman onun yanında olacağına söz verir.

Bəs Koreyanın tibb təcrübəsində hansı mühüm məqamlar var? Onların Azərbaycana ötürmək istədiyi təcrübə nədir? Bunu qəbul etməliyikmi?

Qeyd edək ki, Koreya təbabətinin üstünlüyü ondan ibarətdir ki, o, cərrahi skalpel tələb etməzdən əvvəl əməliyyatsız müalicəyə üstünlük verir. Koreyalı həkimlər hesab edirlər ki, təkcə xəstəliyi müalicə etmək deyil, insanı sağlamlaşdırmaq, sağlamlığını bərpa etmək lazımdır. Koreya ənənəvi təbabətinin özəlliyi də budur.

Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun statistikasına görə, 2019-cu ildə COVİD-19 yayılmasından əvvəl Koreyaya 497 464 əcnəbi xəstə səfər edib. 2017-ci ildə xəstələrin ümumi sayı 367 849 nəfər olub, yəni iki il ərzində onların sayı 1,35 dəfə artıb.

Əgər əhatə dairəsini 2009-cu ilə, yəni 10 il əvvələ qədər genişləndirsək, daha təsirli nəticələr görə bilərik. 2009-cu ildə əcnəbi xəstələrin sayı təxminən 60 min nəfər olub - bu, 10 ildə 8 dəfədən çox xəstə deməkdir.

Koreyada tibbi xidmətin yüksək səviyyədə olmasının səbəbi ilk növbədə yüksək keyfiyyətli tibb personalı ilə bağlıdır. Qlobal nöqteyi-nəzərdən belə yüksək təhsil, təlim və tibb kadrlarının sosial statusuna malik ölkə tapmaq çətindir. Tibb işçilərinin sosial vəziyyəti yüksək olduğundan, əsas kurikulum çərçivəsində ən yüksək nəticələr göstərmiş mütəxəssislər tibb institutlarına daxil olur, 6 ildən artıq təcrübə keçdikdən sonra nəzəriyyə ilə praktikanı birləşdirərək iş yerinə gətirilirlər.

Cərrahiyyə əməliyyatına gəlincə, Koreya təbabətinin xüsusi üstünlükləri var. O qədər ki, xaricdə daha məşhur olan həkimlər var. Müxtəlif növ cərrahiyyə, o cümlədən plastik cərrahiyyə xüsusi üstünlüklərə malikdir. Bundan əlavə, belə mütləq üstünlüklərə xərçəng müalicəsi, həm cərrahi, həm də konservativ müalicə daxildir.

Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun 2019-cu il Xarici Xəstələrin Cəlb edilməsi üzrə Statistik Təhlil Hesabatına əsasən, tibb şöbələrinin cəlb edilməsi qaydası belədir: hərtərəfli daxili xəstəliklər, plastik cərrahiyyə, dermatoloji müayinə mərkəzləri, mamalıq və ginekologiya və ortopedik cərrahiyyə. Onların arasında plastik cərrahiyyə və dermatologiyaya müraciət edən əcnəbi xəstələrin sayı əvvəlki ilə nisbətən 35,1% və 33,8% artıb ki, bu da bir çox əcnəbinin hələ də plastik əməliyyat üçün Koreyaya getdiyini göstərir. Lakin bu kəskin artıma baxmayaraq, plastik cərrahiyyə xarici xəstələrin ümumi sayının yalnız 20%-ni təşkil edir.

Nəticə etibarı ilə xəstələrin ümumi sayı kəskin artdıqca plastik əməliyyata müraciət edənlərin sayı da artıb. Ümumi xəstəxanalara və üçüncü (ən böyük) ümumi xəstəxanalara müraciət edən xəstələrin vəziyyətində 2018-2020-ci illərdə ilk beşlikdə aşağıdakılar müəyyən edilib: Qastroenterologiya, Ümumi Müayinə, Cərrahiyyə, Ortopediya, Hematologiya və Onkologiya, ona görə də onkoloji cərrahiyyə xəstələrinin sayının artması kimyaterapiya və transplantologiya.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu, xoş xəbərdir. Çünki icbari tibbi sığorta ölkəmizdə yenidir. Bu sahədə ölkələrin təcrübəsinin öyrənilməsi, informasiya mübadiləsi olduqca faydalıdır. Azərbaycanda da bu proses gedir. Əslində qardaş Türkiyə ilə belə bir mübadilə prosesi var. Digər ölkələrdə baş verən sığorta prosesləri öyrənilir və mümkün qədər sığorta prosesləri öyrənilir. Koreya texnoloji olaraq inkişaf etmiş ölkələrdən sayılır. Ümumiyyətlə, Şərqi Asiyada  texnoloji inkişafı dəstəkləyən ölkədir, onların istehsal etdiyi tibbi cihazlar bizim ölkədə də uğurla tətbiq edilir. İcbari tibbi sığorta, səhiyyə, idarəetmə sahəsində də Koreyanın özünəməxsus təcrübələri var. Sığorta barədə onu deyə bilərəm ki, Koreyada sığortanın əhalinin daha çox hissəsini əhatə etməsindədir. Statistik məlumata görə, icbari tibbi sığorta Koreyada əhalinin 95-97 faizə qədərini əhatə edir. İkinci məsələ ondan ibarətdir ki, texnoloji avadanlıqlar nə qədər baha olsa da, müsbət cəhəti odur ki, bu tibbi xidmətlər həm də digər ölkələrə nisbətən ucuz qiymətə başa gəlir. Ucuz ödəmələrlə başa gəlir.

Bundan əlavə, Koreya tibbinin müxtəlif sahələrində öyrənməli istiqamətlər var. Onkoloji və ortopedik problemlər sahəsində Koreya tibbi xeyli öndədir. Bir də xəstə göstəriciləri ilə, DATA-larla  bunların korrelyasiyası ilə bağlı Koreya tibbində öyrənməli bir sıra məqamlar var. Bu baxımdan düşünürəm ki, belə bir əməkdaşlığın olması ölkəmiz üçün faydalı addımlardan biri olacaq".

Qeyd edək ki, Koreya hökuməti tərəfindən Azərbaycana ianə edilən ilk avadanlıqlar deyil. Bundan əvvəlki illərdə Cənubi Koreya hökuməti koronavirus pandemiyasından sonrakı dövrdə həssas əhali qruplarından olan uşaqların sağlamlığının qorunması məqsədilə Azərbaycana tibbi avadanlıqlar ianə etmişdi. İanə edilmiş avadanlıqlar defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulmuşlarda tənəffüs çatışmazlığının profilaktikası məqsədilə qeyri-invaziv cihaz, yenidoğulanlar üçün küvəz və radiant qızdırıcı, fototerapiya cihazı və oksigen tənzimləyicidən ibarətdir. Avadanlıqların ümumi dəyəri 300 000 ABŞ dolları (510 000 manat) təşkil edir.

Defibrilyator həyati təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək üçün nəzərdə tutulub. Defibrilyator vasitəsilə monitor rejimdə elektrokardioqrafiya (EKQ) müayinəsi, saturasiya, qan təzyiqi, bədən hərarətini və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür.

Böyüklər, uşaqlar və yenidoğulmuşlar üçün nəzərdə tutulan və çoxsaylı ventilyasiya rejimlərinə malik 2 ədəd anesteziya aparatı 38 sm ölçüdə rəngli monitorla təchiz edilib. 3 ədəd fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.

İanə edilmiş 5 ədəd küvəzdə havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvəzlər rentgen kasetlərlə təchiz edilib.

6 ədəd süni tənəffüs aparatı intensiv terapiya şöbələrində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub. 33 sm ölçüdə toxunma ekranla təchiz edilən cihazda müxtəlif ventilyasiya rejimlərini seçmək mümkündür. Xəstəxanadaxili nəqliyyat rejimi pasiyenti fasiləsiz sürətdə ventilyasiya ilə təmin edərək tibb müəssisəsi daxilində süni tənəffüs aparatına qoşulu vəziyyətdə daşımağa imkan verir. Daxili enerjisaxlayıcı elektrik enerjisi kəsildikdə, cihazın 150 dəqiqə fasiləsiz işini təmin edir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR