Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan 7 iyun 2026-cı il parlament seçkilərinə düz bir il qalmış bütün ermənilərin katalikosu II Qareginə qarşı savaş açdı və baş keşişin kürəyini yerə vurmadan dayanmaq niyyətində deyil. Ermənistan mətbuatı yazır ki, Paşinyan yüksək ruhanilərlə mübarizədə əməli fəaliyyətə keçib və bütün ermənilərin katolikosunu postundan uzaqlaşdırmaq üçün koordinasiya qrupu yaratmaq niyyətindədir.
Gerçək adı Ktriç Nersisyan olan II Qaregin bütün ermənilərin 132-ci katolikosudur.O, O, 27 oktyabr 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edir. Bu tarixdə hansı hadisənin baş verdiyini diqqətli oxucu yaxşı bilir - 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı - güllələmişdi. Faktiki olaraq Qaregini qan üzərində kilsə rəhbərliyinə gəldiyini söyləmək olar.
II Qareginin Rus Pravoslav Kilsəsinin Moskva İlahiyyat Akademiyasında aspiranturasını bitirməsi, həmçinin din xadimi olan qardaşı Arxiyepiskop Ezrasın (Mkrtıç Nersisyan) Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri olması bu ailənin Rusiyaya nə qədər yaxın olduğunu demək üçün bəs edər. Nikol Paşinyanın devrilməsi planının gündəmdə olduğu bir vaxtda Qaregin və onun çevrəsindəkilərin hədəf seçilməsi təbii sayıla bilər. Çünki Paşinyan üçün hakimiyyət Ermənistanın gələcəyindən daha çox, özünün, ailəsinin terrordan xilas planıdır. Dəfələrlə ölümlə hədələnən Nikol kreslosunu qorumaqdan ötrü hər şeyə getməyə hazırdır. Nəlli olur ki, Üçkilsədəki (Eçmiədzin) qrupun ilk 10 üzvünü baş nazirin özü seçəcək. Meyarlara uyğun gələnlər isə bunlar olacaq: İsa Məsihə bütün varlığı ilə inanırlar; həyatlarında ən azı bir dəfə Müqəddəs Kitabı əvvəldən-axıra qədər oxuyublar; son 5 ildə ən azı bir dəfə oruc tutan, hər gün dua edən. N.Paşinyanın fikrincə, “ruhun gözləri” bu kriteriyalara cavab verib-vermədiyini anlamağa kömək etməlidir.
Erməni baş nazir bütün ermənilərin katalikosunu elə zəif yerindən vurub ki, səsini çıxara bilmir. Bir neçə gün əvvəl Nikol Paşinyan Qaregində gizli övladının olub-olmadığı barədə sual ünvanlamışdı. Baş keşiş susdu və ardınca Baş nazir II Qaregini subaylığı pozmaqda günahlandıraraq bildirdi ki, lazım gəlsə, əlavə faktları ortaya qoya bilər, ona görə də katalikos kilsənin rəhbəri postunu boşaltmalıdır. Təbii ki, bu barədə dəlil-sübutu Paşinyana kəşfiyyat xidməti təqdim edib, Qaregin üçün qara günlər başlayıb. Bu mənada onun hansısa xarici ölkədən dəstək almaq imkanları da tükənmiş görünür: çünki kilsə andını pozmuş adama kimsə dəstək olacaqsa, özü də onun tayı olacaq.
Ötən həftə Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzinə baş çəkərək bütün ermənilərin katolikosu II Qareginlə müzakirələr apardı, “Ermənistan hakimiyyətinin 1700 illik tarixi olan erməni apostol kilsəsinə konstitusiyaya zidd təcavüzlərini kəskin şəkildə pislədi”, Qareginə dəstəyini ifadə etdi. Amma qoca, düşkün, ciddi elektorata sahib olmayan Ter-Petrosyanın dəstəyi nəyə yarayacaq?
Son bir ayda üç dəfə Qərbi Zəngəzura səfər edən Paşinyan faktiki olaraq seçki kampaniyasına start verib. O əhali ilə görüşüb, onlara reallıqları çatdırmaqla yanaşı, şeytan yuvasını – katolikosun qalasını da bombardman edir. Buna preventiv zərbələr də demək olar, Nikol erməni kilsəsinin qəfil demarşı haqda informasiya da əldə etməmiş deyil. Qareginin gizli övladından xəbər tutan birisi üçün belə məlumatları əldə etmək çətin olmaz. Üstəlik, Paşinyanın hakimiyyəti məsələsi Qərb və Rusiya arasında gizli mübarizə mövzusuna çevrilib. Rusiya rəsmilərinin son səfərləri, Ermənistan rəhbərliyinə “ağıllı ol”, mesajları fonunda Fransanın Gorusa baş konsulluq açması, Avropa İttifaqının kəşfiyyatçılarının bu ölkədə möhkəmlənməsi, İrəvanın Moskvadan uzaqlaşmaq tendensiyası Kremli də alternativ planları işə salmağa vadar edir. Bu mənada anti-Paşinyan aksiyalarının başında kilsənin getməsi daxildə və xaricdə ermənilərin birləşməsinə təkan verə bilərdi.
Ermənistan daxilində sosial vəziyyət də getdikcə pisləşir. Paşinyana “Qarabağ kartı” ilə bata bilməyən rəqibləri erməni əhalinin durumunun ağırlaşması, devolmasiya və sair məsələlərdən istifadə edib, elektoral baza yarada bilərlər. Üstəlik, Rusiyaya bağlı şirkətlərin müxalifətə dolayı və birbaşa yardımları da Nikol üçün arzuolunmaz nəticə verə bilər. Odur ki, Nikol Paşinyan kilsəyə qarşı müharibə ilə əvvəlcədən atəş açıla biləcək səmtdə atəş nöqtəsini susdurur.
Burada digər məqsəd də olmamış deyil. Söhbət Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsini imzalamasını gecikdirməkdir. Paşinyan sülhü imzalamağa hazır olduğunu iddia edir, amma rəsmi Bakının şərtlərini icra etməkdən yayınır. Beləliklə, Paşinyan daxildə süni savaş vəziyyəti yaradır, Azərbaycana demək istəyir ki, fürsət verin, Ermənistanın içərisindəki radikalları, erməni kilsəsini və digərlərini susdurum, sonra konstitusiya və Minsk qrupu ilə bağlı tələblərə baxım. Bu, sadəcə manevrdir və əmin olun, Paşinyan yerini möhkəmləndirəndən sonra yenə sülhdən qaçacaq. Söhbət təbii ki, kağız üzərində qalacaq sülhdən getmir. 2020-ci ilin 10 noyabr bəyannaməsinə atdığı imzaya hörmət etməyən, 9-cu bəndi yerinə yetirməyəndən nə gözləmək olar? Nə olsun ki, Qurban bayramı ilə bağlı təbrik yazıb, ardınca Qarabağı “itirilmiş vətən” adlandıran birisindən müsbət addım gözləməyə dəyməz...Nə oldu, Qareginin uşağı indi yadına düşdü?..Bəlkə Paşinyan desin, balaca Qareginin neçə yaşı var?..
Odur ki, Nikol Paşinyan başımızı "Qaregin savaşı" ilə qatmağa çalışmasın, Azərbaycana qarşı ərazi iddiasının əks olunduğu konstitusiyasını dəyişsin. Ermənistan ordusu Ağdamdan, Kəlbəcərdən, Laşından, Xankəndidən rədd olub gedəndə, ağ bayraq qaldıranda Qaregin neyləyə bildi ki, indi də nəsə etsin? Bəlkə hakimiyyəti devirdi. Dəfələrlə Paşinyan adamları Qareginin kortejini İrəvan küçələrində saxlayıb, yesir vəziyyətinə salıblar. Ona görə də oyunbazlığa son qoymaq lazımdır, cənab Paşinyan! Bir Qurban bayramı təbriki ilə "saqqızımızı oğurlaya" bilməzsən!
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ