Onlayn ictimai-siyasi qəzet
Onların gəlişi ermənipərəst konqresmenlər tərəfindən Azərbaycana sanksiya tətbiq edilməsi haqda qanun layihəsi irəli sürülməsi dövrünə təsadüf edir; Elman Nəsirov: “Azərbaycan-ABŞ münasibətləri ziqzaq xarakterlidir”
Milli Məclisin Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir qrup köməkçisi ilə görüşüblər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, sülh prosesi, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən çıxması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri və digər məsələlər barədə fikirlərini çatdırıb.
Görüşdə iştirak edən Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məlahət İbrahimqızı, Emin Hacıyev qonaqları maraqlandıran suallara cavab veriblər, Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər. ABŞ konqresmenlərini köməkçilərin Bakı səfəri ilk deyil. Ümumiyyətlə konqresmenlərin köməkçilərinin müxtəlif dövlətlərə belə səfərlər praktikası var. Amma bunlar əsasən tanışlıq və texniki səfər kimi dəyərləndirilir. Bəs belə səfərlərin hansısa əhəmiyyəti varmı? Xüsusən də səfər ermənipərəst konqresmenlərin Azərbaycanda 40 nüfuzlu şəxsə sanksiya tətbiq edilməsi haqda irəli sürdüyü qanun layihəsinin gündəmdə olduğu dövrə təsadüf edir. Ümumən Konqresdə erməni lobbisinin təsiri altında olan üzvlər var, bir də obyektiv mövqe sərgiləyənlər var. Bu görüşdə isə Seyidov onlara bütün aktual məsələləri çatdırıb. Bu görüş münasibətlərə təsir edəcəkmi?
Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-ABŞ münasibətləri ziq-zaq xarakterlidir. E.Nəsirov ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin olmasına baxmayaraq, münasibətlərdə geriləmə və irəliləmə yaşandığını söylədi. “Azərbaycanı sanksiyalarla hədələyirlər, Dövlət Departamenti qərəzli hesabat yayır, antiterror əməliyyatı fərqli təqdim olunur, guya erməni əhalisinin getməsinə səbəb olmuşuq, yəni belə bəyanatlar səslənir. Lakin paralel olaraq Azərbaycan informasiya sahəsində mövqeyini möhkəmləndirir. Ona görə də Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və işçi qrupunun üzvləri görüş keçirib”. E.Nəsirov qeyd etdi ki, Azərbaycan bu yolla həqiqətləri ABŞ ictimaiyyətinə çatdırır: “Biz istəyirik ki, regionda nə baş verdiyini bilsinlər. Amerika bilsin ki, onunla düşmən olan ölkələrlə eyni arealda yaşayırıq. Bizimlə diktə, təhdid dili ilə danışmaq Vaşinqtona divident qazandıra bilməz. Həmçinin, bizi Moskva ilə yaxınlaşmağımız ABŞ əleyhinə deyil, Vaşinqtonla təmaslar da Rusiyaya qarşı yönəlməyib”.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzetimizə açıqlamasında bu görüşlərin vacibliyini ikitərəfli əlaqələrin güclənməsində görür: “Biz ABŞ kimi mühüm tərəfdaşla gərginliyin artmasında maraqlı olmamalıyıq. Razıyam ki, hansısa konqresmen suyu bulandırır. Amma bizə Blinkenin mövqeyi vacibdir. ABŞ-Azərbaycan əlaqələri son vaxtlarda yüksəlişdə olmasa da, Vaşinqton addımlarımıza əngəl olmur. Orada seçki dövrüdür deyə erməni lobbisindən dəstək almaq üçün bizi narazı salan addımların atılması gözləniləndir. Ancaq Azərbaycan təmasları davam etdirməlidir və konqresmenlərin köməkçiləri ilə müzakirələr də onların məlumatlandırılması baxımdan yaxşıdır”.
S.Əsədlinin fikrincə, Tramp prezident seçilsə, münasibətlər indiki formada olmayacaq: “ABŞ alqışlamalıdır ki, onun düşməni olan Rusiyanın sülhməramlı qüvvələri bölgədən razılaşma əsasında çıxıb. ABŞ sevinməlidir ki, onun rəqibi Rusiyanın vasitəçiliyi olmadan Vaşinqtonun dəstək verdiyi Paşinyan administrasiyası ilə rəsmi Bakı arasında ikitərəfli formatda sülh mətninin razılaşdırılması müzakirə edilir, kəndlər qaytarılır, praktiki olaraq sərhədlərin dəqiqləşməsi prosesi başlanıb, Ermənistanla Azərbaycan arasında bir etimad mühiti formalaşmaqdadır...Yəni orada hansısa bəyanatlar verməkdənsə, hesabatlar yaymaqdansa, əsassız qanun layihələri irəli sürməkdənsə, proseslərin Qərbin istədiyi şəkildə inkişaf etməsinə diqqət yetirməlidirlər”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlıya görə, ABŞ-da Bakıya qarşı gündəmə gələn “sanksiya siyahısı”nın əsas səbəbi kimi Azərbaycanda insan haqları göstərilsə də, hədəf 44 günlük müharibə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir: “Təşəbbüsün müəllifinə və mahiyyətinə diqqət edəndə bu aydın görünür. Sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir, xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir. Eyni zamanda, ABŞ-ın xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma ”soyqırımı"nın ildönümündə ANCA-ya “hədiyyəsi” də hesab etmək olar".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ