İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqresdə “Qarabağın gələcəyi” müzakirəsi - USAİD yenə Bakıya qarşı

Bu gün Baydenin Qafqaz üzrə nümayəndələri məruzə ilə çıxış edəcəklər, ermənipərəst təşkilatın rəhbər şəxsləri də dinləmələrdə iştirak edir; Novella Cəfəroğlu: “Qərb istəyir ki, Azərbaycan da Rusiya ilə düşmən olsun, onda...”

Bayden administrasiyasının Qafqaz siyasətinə cavabdeh olan əsas nümayəndələr bu gün - noyabrın 15-də Konqresin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı məruzə edəcəklər.

“Yeni Müsavat” bildirir ki, xəbəri “Turan”ın Vaşinqton müxbiri yayıb. Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O,Brayn və USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbərinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Aleksandr Sokolovski dinləmələrdə məruzəyə hazırlaşırlar. Konqresmen Tomas Kinin (Nyu-Cersi ştatından respublikaçı) keçirəcəyi tədbir Komitənin saytında birbaşa efirdə yayımlanacaq. O’Brayn Parisdə Ermənistanın baş naziri Paşinyanla görüşüb. Müzakirələrdə USAİD-in iştirakı xüsusi maraq doğurur. Məlumdur ki, USAİD-ə qatı ermənipərəst Samanta Pauer başçılıq edir. USAİD Azərbaycanda fəaliyyəti 1991-ci ildən başlayıb. ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi regionunda lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAİD dərhal özünü göstərdi və qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi. O, səfər zamanı “qaçqınlar”a 2.5 milyon dollar yardım göstəriləcəyini vəd etdi. USAİD-in Azərbaycana qarşı qərəzli münasibəti gün kimi aydındır. Ona görə də Konqresdə gözlənilən müzakirələrdə  hansı mövqe tutacağı indidən bəllidir. Bu isə ABŞ-ın nə xarici siyasətinə, nə də regionda yürütdüyü xəttə uyğundur. Madam ki belədir, o halda niyə USAİD hələ də Azərbaycanda fəaliyyətini davam etdirir? Axı bunun “sirri” nədir? Üstəlik, bir sıra QHT-lərin onunla əməkdaşlığı var. Bundan əlavə, ABŞ-ı, onun Konqresini “Qarabağın taleyi”ndən bu qədər “narahat olmağa” nə vadar edir?

Azərbaycan Qafqazda təklənib” - Novella Cəfəroğlu

Novella Cəfəroğlu

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, bu dinləmələrin keçirilməsi təsadüfi deyil. Hüquq müdafiəçisinin fikrincə, Ermənistan Amerika və Avropanın qucağında oturub, Qərb də onların könlünü xoş etmək üçün dəstək xarakterli tədbirlər təşkil edir: “Bu dinləmələr, qətnamələr də Paşinyanın qərbyönümlü siyasətinin nəticəsidir. Qərb istəyir ki, Azərbaycan da Rusiya ilə düşmən olsun, onda bizim əleyhimizə danışmazlar. Amma bu mümkün deyil, əvvəla, Rusiya yaxın qonşudur, orada milyonlarla azərbaycanlı yaşayır, ikincisi, torpaqlarımızı işğaldan azad edəndə işimizə böyük ölçüdə əngəl olmadı. Ona görə də Qərb Ermənistanı tutub onu müdafiə edir”. N.Cəfəroğlunun sözlərinə görə, Azərbaycan öz gücünə, ordusunun hesabına erməni işğalçılarını məhv edib: “Azərbaycan heç bir xarici gücün diktəsi ilə siyasət yürütmür. Eyni zamanda ölkəmizdə milli həmrəylik var. Bu da kimlərinsə xoşuna gəlmir. Ermənistan isə özünü Qərbə tərəf yıxıb və onlara indi dəstək üçün dinləmələr keçirilir, müzakirələr aparılır”.

Hüquq müdafiəçisi hesab edir ki, insan haqları tək bizdə pozulmur, hər yerdə var: “Azərbaycanda siyasi məhbuslar da olmayacaq. Bu gün Avropa korrupsiya içində batır, Makronun adamları korrupsiyaya bulaşıb. Sadəcə, Azərbaycana paxıllıq edirlər”. N.Cəfəroğlu USAİD-lə əlaqələri davam etdirməyin, danışıqlar aparmağın tərəfdarıdır: “Onların nə istədiklərini öyrənmək lazımdır. Bu təşkilatın Bakıdakı işini bağlamaq, onunla əməkdaşlıqdan imtina etmək çıxış yolu deyil. Ümumiyyətlə, hamı ilə təmaslar qurmalıyıq. Bizim dövlət qurumları, vətəndaş cəmiyyəti onlarla işləməlidir ki, nə istəkləri öyrənilsin. Biz həm ittihamlarına cavab verməliyik, həm də əməkdaşlıq etməliyik. Yəni söhbət tək USAİD-dən getmir, ABŞ-ın, Qərbin institutları ilə əməkdaşlıq etmək lazımdır və bu yük də daha çox vətəndaş cəmiyyətinin üzərinə düşür”.

Elşad Musayev: Vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalıdırlar

 Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin  sözlərinə görə, Ermənistanın arxasındakı qüvvələr bu dinləmələri təşkil edirlər. Partiya sədri hesab edir ki, o qüvvələr ermənilərin rüsvayçı məğlubiyyətini həzm edə bilmirlər: “Tutaq ki, Konqresdə müzakirə etdilər, sonra? Axı nə dəyişəcək? Onlar hansı qərarı verə biləcəklər? Bu cür dinləmələr Azərbaycana qarşı  təzyiq mexanizmi ola bilməz. Dünyada müxtəlif münaqişə ocaqları var, Konqres Qarabağdansa, onları müzakirə etsin. Hazırda Yaxın Şərq və Ukrayna cəbhələrində qırğınlar baş verir, Konqresi bu hadisələr narahat etmirmi? Sadəcə, ermənipərəst dairələrin təşəbbüsü ilə keçirilən diskussiyalardır”. E.Musayev Qarabağın gələcəyinin artıq müəyyən edildiyini düşünür: “Onu da Azərbaycan Ordusu müəyyən edib. Qarabağın gələcəyi parlaq, gözəl olacaq, şəhərlərimiz abadlaşır, insanlarımız yurd-yuvasına qayıdacaq, Xankəndi, Şuşa və bütün şəhərlərdə azərbaycanlıların nəfəsi olacaq. Ona görə Qarabağın gələcəyindən qətiyyən narahat olmasınlar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR