Onlayn ictimai-siyasi qəzet
Parlamentin bu gün keçirilən iclasında çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, bir çox sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunur.
Musavat.com-un xəbərinə görə, komitə sədri bildirib ki, son zamanlarda qadınlarımızın fəaliyyət növlərindən biri də minaların təmizlənməsidir:
“Əlbəttə ki, gender fərqi nəzərə çarpan sahələr hələ də var. Düşünürəm ki, zamanla bu fərq aradan qalxacaq. Ölkədə savadlılıq səviyyəsi çox yüksəkdir. Kişilər və qadınlar təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak edir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Bununla yanaşı, təhsildən yayınan uşaqlar, xüsusilə də qızlar var. Onların bir çoxu nikaha məcbur edilir. Biz bu istiqamətdə işləri daha da gücləndirməliyik”.
H.Hüseynova qeyd edib ki, digər vacib məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır:
“Bununla bağlı illik məlumatda geniş təhlil və təkliflər verilib. Hamımız bilirik ki, ölkəmizdə bir çox səbəblərdən ailədaxili zorakılıq hallarının mütləq əksəriyyəti latent qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Bu isə ağır cinayət hadisələri ilə nəticələnir. Çox yaxşı haldır ki, Dövlət Komitəsi bu məsələlərə xüsusi həssaslıq göstərir.
Düşünürəm ki, yardım mərkəzlərinin sayının artmasına, müxtəlif rayon və şəhərlərdə qaynar xətlərin yaradılmasına ehtiyac var. Biz dövlət büdcəsinin müzakirəsi zamanı da bu məsələlərə toxunmuşuq. Çox yaxşı haldır ki, ailə, qadın və uşaq məsələlərinə ayrılan vəsait ildən-ilə artır. Gələn ilin dövlət büdcəsində də kifayət qədər artım var. Bu isə yerlərdə aparılan işlərin daha da gücləndirilməsinə imkan yaradacaq. Biz çox gözəl qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var”.
E.Paşasoy,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ