İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi haqqında” qanun layihəsini təqdim etdi - DETALLAR

Milli Məclisdəki büdcə müzakirələrində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi haqqında” qanun layihəsini təqdim etdi.

Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə 2018-ci ildən başlanan dərin sosial islahatlar uğurla davam etməkdədir: “Bu vaxta qədər 6,8 milyard manat illik büdcəsi olan 4 islahatlar zərfi qəbul olunub və həyata keçirilir. Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşib və güclənib. Aparılan islahatlar nəticəsində 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2.5 dəfə, orta aylıq pensiya 2.1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2.1 dəfə, əmək haqqı fondu 2.6 dəfə artmış, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb”. Komitə sədri qeyd etdi ki, müzakirəyə təqdim olunan 2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyəti rəhbər tutaraq tərtib edilib: “Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır. Bu cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur. Fondun gəlirlərinin 5 mlrd. 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcəkdir. Orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq. 2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 75,8 milyon manat və ya 5,2% azdır”

M.Quliyev Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etdi ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6 milyard 681 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək: “Əhaliyə ödənişlər üzrə xərclərin 6 milyard 500 milyon manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür. Əhaliyə ödənişlərin 2024-cü il üçün nəzərdə tutulmuş proqnozu 2023-cü ilin təsdiqlənmiş proqnozundan 604 milyon manat, yaxud 10% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq - 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq - 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq - 454 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək”.

Komitə sədri bildirdi ki, növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi (45 milyon manat), eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri (33,5 milyon manat) ümumilikdə 78,5 milyon manat məbləğində proqnozlaşdırılır: “Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST mərkəzi açılıb. Artıq 1,8 milyon vətəndaşa DOST xidməti göstərilib və vətəndaş məmnunluğu 98,2 faizdir. Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayırlar”.

M.Quliyev əlavə etdi ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaçıların sosial rifahının qorunması məqsədilə cənab Prezidentin müvafiq Sərəncamı ilə təsis edilmiş əmək pensiyaçılarına ödənilən maddi yardımlar 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib: “2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 181,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,6%, yaxud 11,2 milyon manat çoxdur. Bildirmək istəyirəm ki, büdcənin xərclər hissəsində sair xərclər olaraq nəzərdə tutulmuş vəsaitin məbləği Azərbaycan Respublikası Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla ilk dəfə olaraq dövlət sosial müdafiə fondu büdcəsində xərc istiqaməti kimi nəzərdə tutulub”.

Komitə sədri əlavə etdi ki, cari il ərzində Fondun investsiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə müvafiq normativ-hüquqi baza formalaşdırılmış və cari ilin əvvəlinə Fondun formalaşmış olan 1.050 mln. manat sərbəst vəsaitinin investisiya yönəldilməsi təmin edilib: “DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığının daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin təkliflərini hörmətli millət vəkillərinin və hökumət nümayəndələrinin diqqətinə çatdırmaq istərdim:

Həssas qrupdan olan insanların maddi rifah halının yaxılaşdırılması, həmin şəxsləri infilyasiyanın təsirlərindən qorumaq, habelə onların tibbi-sosial reabilitasiyasının və sanator-kurort müalicəsinin davamlı və keyfiyyətli təşkil edilməsi məqsədilə sosial ödənişlərin mütəmadi artırılması;

Fondun büdcə layihəsinin vahid büdcə təsnifatına uyğun tərtib edilməsi məqsədilə vahid büdcə təsnifatının təkmilləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi;

Pensiya sistemi üzrə sığorta prinsiplərinin, habelə elektron innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;”

M.Quliyev sonda bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsi ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir və gələn il pensiya və müavinət alan vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacaq

Müzakirələrdən sonar layihə ilk oxunuşda təsdiqləndi.

 

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR