İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri: “2022-ci ildə ərzaq inflyasiyası 19.5% olub”

“2021-ci il ərzində davam edən qlobal iqtisadi bərpa prosesi 2022-ci ildə yavaşlama meyilləri ilə müşayiət olunub. Beynəlxalq təşkilatların son hesabatlarına əsasən qlobal artım 2022-ci ildə orta hesabla 3,2 faiz ətrafında qərarlaşmışdır ki, bu da 2021-ci ildə qeydə alınmış göstəricidən 2,7 faiz bənd azdır. Qlobal artımla müqayisədə Azərbaycanda 2022-ci ildə iqtisadiyyatın real artımı gözlənilən 3.5% proqnoza qarşı 4.6% olub, Ümumi Daxili Məhsulun həcmi isə ilk dəfə ən yüksək həddə - 133.8 milyard manata çatıb”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bunu Milli Məclisdə, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşunun müzakirəsi zamanı söylədi. Komitə rəhbəri bildirdi ki, qeyri neft-qaz sektorunda artım isə gözlənilən 7.1%-lik artıma rəğmən 9.3% olaraq 69.8 milyard manat təşkil edib: “2021-ci ilin faktiki göstəriciləri ilə müqayisədə artan 40.6 milyard manatlıq Ümumi Daxili Məhsulun 69.5%-i neft qaz sektorunun, 30.5%-i isə qeyri-neft qaz sektorunun hesabına formalaşıb. Hesabat ilində Enerji məhsulları bazarında qeyri-müəyyənliyin yüksəlməsi xammal qiymətlərinin əhəmiyyətli artımına səbəb olub. Belə ki, Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 103.6 dollar olub ki, bu da 2022-ci ilin dövlət büdcəsinin yenidən baxılması zamanı əsas götürülmüş göstəricidən 21.8% çox olub. Aparılan təhlillər göstərir ki, iqtisadi göstəricilərdə yaranan fərqlər gözləntilərin ehtiyatlı yanaşma ilə hesablanması ilə əlaqəlidir və onlar fakt və gözləntinin müqayisəsindən formalaşıb. Belə ki, dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə fakt və proqnoz göstəriciləri arasındakı fərq təxminən 1,7 mlrd. manata bərabər olub. İl ərzində neft-qaz qiymətlərində əvvəlki illə müqayisədə əhəmiyyətli artımın müşahidə olunması ÜDM-in strukturunda neft-qaz və qeyri-neft/qaz sektorlarının xüsusi çəkilərinin dəyişməsi ilə nəticələnib. Belə ki, neft-qaz sektorunun ÜDM-də payı 47,8%-ə yüksəlmiş, qeyri-neft/qaz sektorunun payı isə 52,2%-ə bərabər olub. Neft-qaz sektoru nominal ifadədə ÜDM-in artımına töhfə verə bilsə də, real ifadədə bu mümkün olmamış və iqtisadi artım tamamilə qeyri-neft/qaz sektorunun hesabına əldə edilib”.

T.Mirkişili dedi ki, ötən il dünyada geosiyasi gərginliyin və hərbi münaqişələrin davam etməsi qiymətlərin artımını, enerji və ərzaq təhlükəsizliyi problemlərinin aktuallaşmasını şərtləndirib: “Artan inflyasiya fonunda dünyanın əksər ölkələrində əhalinin sosial vəziyyəti ağırlaşmış, onların real gəlirlərinin real xərclərini qarşılamasında çətinliklər yaranıb. İnflyasiyanın cilovlanması və onunla bağlı gözləntilərin lövbərlənməsi məqsədilə həyata keçirilən daraldıcı monetar siyasət müsbət nəticələr versə də, faiz dərəcələrinin artması maliyyələşmə şərtlərinin ağırlaşmasına yol açmış, bir sıra ölkələrdə makroiqtisadi riskləri artırıb. Mühüm ərzaq məhsulları üzrə tələb və təklif arasında müşahidə edilən uyğunsuzluq ərzaq məhsulları bazarında qiymət artımını şərtləndirib, bu isə əksər ölkələrdə ikirəqəmli inflyasiyanın müşahidə olunmasına təsir göstərib. Azərbaycan görülən tədbirlər nəticəsində makro-iqtisadi sabitliyə nail olunsa da, 2022-ci ildə orta illik inflyasiya ölkə üzrə 13.9%, ərzaq inflyasiyası isə 19.5% olub. Hesabat ilində əhalinin nominal gəlirlərinin 20.5% artması inflyasiyanın neqativ təsirlərinin yumşaldılmasına yönəldilib”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR