İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolxozçunun milyarder oğlu Yelmar Məmmədov: parlaq və faciəvi həyatın İCMALI

Azərbaycanın ilk rəsmi milyarderi Yelmar Məmmədovun sabah doğum günüdür (1957-1995).

Yelmar Məmmədov haqqında maraqlı faktlar: Yelmar İsbəndiyar oğlu Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Çox kiçik yaşlarından anasını itirir, körpəlikdən həyatın acılarını dadır, zəhmətin nə olduğunu öyrənir. Yelmar Məmmədov Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedir. Orada Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti üzünə gülür. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, daha sonra şöbə rəisi və baş mühəndisin müavini olur. 1988-ci ildə sahibkarlıq haqqında qanunun qəbul edilməsindən faydalanaraq, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. İlk işləri bir zavodun damını örtmək olur.

Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq bir ildən sonra onun işçilərinin sayı min nəfər olur. Biznes sahəsində böyük uğurlar qazanan yelmar Məmmədov az sonra Komi Respublikasının Xalq deputatı seçilir. 1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyəti bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filiallarını yaradır. Eyni zamanda, bir neçə bank açır. Rusiya televiziyası ilə göstərilən "Mariya” Assosiasiyası” adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi azərbaycanlı milyarder kimi tanınmağa başlayır. Həm milyarder, həm də səxavətli adam kimi şöhrətlənən Yelmarın sorağı vətəni Azərbaycana da gəlib çatır. Yelmar Məmmədov Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır.

YELMAR.jpeg (53 KB)

Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əməkdaşlığa başlayır. 1992-ci ilin avqust ayında cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşl" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. 3 mindən çox işçisi vardı.

Bakıda olduğu dövrdə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və "General Məhəmməd Əsədov" mükafatına layiq görülür. Yelmar Məmmədov Bakıya gələndə H.Z.Tağıyevin qızı Sara xanım çox ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayır, dava-dərman və ərzaq almağa pul tapmırdı. Y.Məmmədov Sara xanıma baş çəkir, ev şəraitini yaxşılaşdırır. Eyni zamanda onun bütün dolanışıq və müalicə xərclərini öz üzərinə götürür.

Müsahibələrinin birində deyir: “Nəinki Azərbaycandakı, Rusiyadakı müəssisələrimin gəlirini də Azərbaycana xərcləyirəm. Təki müharibə bizim xeyrimizə qurtarsın. Vətən, torpaq hamınındır. Fəhlə də, milyarder də, nazir də, alim də öz övladlıq borcunu verməlidir.”

Lakin Yelmar Məmmədov arzu və istəklərini gerçəkləşdirə bilmir, ömrü yarıda qırılır. Dörd övladı – iki qızı, iki oğlu olub. Yelmar Məmmədov 12 aprel 1995-ci ildə Daşkənddə üçüncü həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edib. Rəsmi məlumatlara görə, onlar yatdığı zaman otağa qaz sızıb və qazdan boğulub ölüblər. Lakin bu versiya geniş ictimaiyyəti inandıra bilməyib.

(Yazı jurnalist Anar Tağıyevin feysbuk səhifəsindən götürülüb)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR