Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski “Xarici təsirin şəffaflığı haqqında” (“Xarici agentlər”) qanunun qəbulundan sonra Aİ-nin bu ölkə ilə vizasız rejimi yenidən nəzərdən keçirə biləcəyini bəyan edib. Qalmaqallı qanunun qəbulundan sonra Gürcüstan üçün mümkün nəticələrdən danışan P.Qerçinski qeyd edib ki, bütün variantlar masadadır. Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra Aİ Gürcüstan üçün vizanın liberallaşdırılması şərtlərinin hələ də qüvvədə olub-olmadığını yoxlamalıdır.
Maraqlıdır, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra rəsmi Gürcüstan ilə Qərbdəki müttəfiqləri arasında münasibətlər necə tənzimlənəcək? Aİ-ni və digər Qərb ölkələrini təmsil edən rəsmi şəxslərin Gürcüstanı hədələyici tonda bəyanatları Tbilisinin xarici siyasət kursuna hansısa formada təsir edə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun kifayət qədər geniş rezonans yaradıb. Onun sözlərinə görə, qanunun qəbulu əhalinin etirazları, hakimiyyətin ittiham olunması, dövlət sənədinin “Rusiya qanunu” adlandırılması fonunda baş verib: “Bütün təzyiqlərə, basqılara rəğmən, hətta Gürcüstan Prezidenti Salome Zurabişvilinin qanunu imzalamaqdan imtina etməsinə baxmayaraq, qanunvericilik proseduru çərçivəsində bu qanun qəbul olundu. Avropa İttifaqı, Qərb sözügedən qanunla bağlı Tbilisidə etirazların olduğu dövrdə də Gürcüstan üçün hədələyici mesajları dilə gətirirdi. Bundan bir müddət əvvəl də Gürcüstan hakimiyyəti bu qanunun qəbul olunmasına çalışırdı. Lakin həmin vaxt bu, mümkün olmadı. Müəyyən basqılar altında sözügedən qanunun müzakirəsi baş tutmadı. İndiki reallıqlarda bu qanunun qəbul olunması Gürcüstan hakimiyyəti üçün çox önəmlidir. Qeyri-hökumət təşkilatları, media strukturları üçün vətəndaş cəmiyyəti sahəsində şəffaflığın artırılması və birbaşa nəzarətin gücləndirilməsi, həmçinin burada maliyyə hesabatlığının təmin olunması əsas hədəfdir. Müxtəlif qeyri-hökumət təşkilatları artıq hesabatlarını vaxtaşırı təqdim etməlidirlər. Bu, onlar üçün müəyyən məhdudlaşdırıcı şərtlər formalaşdırsa da hakimiyyət üçün müəyyən nəzarət mexanizimlərinin tətbiqi baxımdan önəmlidir”.
Politoloq İ.Hüseynov deyib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuluna görə Aİ Gürcüstanı sanksiyalarla hədələyir: “Avropa İttifaqı eyni zamanda vizaların liberallaşdırılması və sərbəst gediş-gəliş üçün yaradılan imtiyazları da nəzərdən keçirməyi hədəfləyir. Bu onu göstərir ki, Avropa İttifaqının verdiyi şirinləkdirici vədlər müəyyən epizodik xarakter daşıyır. Geniş anlamda inteqrasiyanı nəzərdə tutmur. Burada həm də geosiyasi hədəflər var. Belə ki, müəyyən vədlər müqabilində Gürcüstan ərazisində Rusiyanın təsirinin azaldılması, Cənubi Qafqaz uğrunda geniş mübarizədə Qərbin bir addım önə keçməsi və əhalinin müəyyən güzəranının yaxşılaşdırılması ilkin şərtdir. Bunun ardınca isə Gürcüstanda antirusiya ritorikasının gücləndirilməsi dayanırdı. Əgər vizanın liberallaşdırılması ilə bağlı Gürcüstana verilən bu imtiyaz aradan qaldırılarsa, şübhəsiz ki, bu, daxili etirazları bir qədər də gücləndirəcək, hakimiyyət əleyhinə fikirləri artıraraq. Nəzərə almalıyıq ki, Gürcüstan mühüm seçki dönəminə qədəm qoyur. Seçki ərəfəsində belə bir prosesin baş verməsi Gürcüstan üçün böyük problemlər yarada bilər”.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ