Onlayn ictimai-siyasi qəzet
Sahib Məmmədov: “Əhalinin işlə təmini prosesi davamlı şəkildə həyata keçirilir”
Otuz ildən artıq müddət ərzində doğma yurdlarından didərgin düşmüş on minlərlə azərbaycanlının Qarabağa və Şərqi Zəngəzura qayıdışı davam edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsi üçün real şərait formalaşır. Bu proses təkcə ərazi və məkan anlamında bir qayıdış deyil, həm də böyük sosial, iqtisadi və mədəni yük daşıyan, ölkənin tarixində yeni səhifə açan mühüm mərhələdir.
Bu ay ərzində Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək. Beləliklə, 700 ağdamlı ailə dədə-baba yurduna qayıdacaq.
Xatırladaq ki, bundan əvvəl belə köçlər Şuşa, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında da olub.
Keçmiş köçkünlər, eləcə də ölkə ictimaiyyəti bu tədrici köç prosesini alqışlayır. Ancaq müvəqqəti bir narahatlıq da var. Bu, köhnə yurdlarına yenidən köçənlərin məşğulluq məsələsidir. Onların bir qismi məktəblərdə, tibb müəssisələrində, dövlət idarələrində, inşaat sektorunda işlə təmin olunsa da, çox hissəsinin bəlli bir müddətdə işləməsi çətin olacaq.
Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı kimi rayonlarda həyata keçirilmiş köçürmə proseslərinin təcrübəsi göstərir ki, insanların yaşayışla yanaşı, işlə təmin olunması da onların bu ərazilərdə qalıcı şəkildə məskunlaşması üçün həyati əhəmiyyət daşıyır. Məşğulluq məsələsi, xüsusilə də peşəsi olmayan və ya işğal dövründə kənd təsərrüfatından uzaq düşmüş insanların üzləşdiyi əsas çətinliklərdən biridir. Dövlət bu problemi aradan qaldırmaq üçün müxtəlif proqramlar-özünüməşğulluq təşəbbüsləri, peşə kursları və əmək yarmarkaları həyata keçirsə də, məşğulluq hələ də tam əhatə təmin olunmayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin ötənaykı hesabatlarına nəzər salsaq, görərik ki, Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 1097 nəfər məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 1051 şəxsin məşğulluğu təmin edilib (o cümlədən 48 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 46 sakin isə peşə kurslarına cəlb olunub. Cəbrayıl, Zəngilan və Laçında isə növbəti əmək yarmarkaları keçirilib. Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar əsasən tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub.
İyul ayının 2-nə olan məlumata əsasən, Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş sakinlərdən artıq 359 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 322 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülmüş sakinlərdən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 37 sakin isə peşə kurslarına cəlb edilib. Cəbrayıl şəhərinə köçürülmüş sakinlərdən isə 686 nəfər məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 633 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 53 sakin isə peşə kurslarına cəlb edilib.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında işğaldan azad edilən ərazilərdə geniş iş imkanlarının olduğunu bildirdi. S.Məmmədovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir: “İnfrastruktur salınır, yaşayış, qeyri-yaşayış evləri tikilir, yəni yaşayış məntəqələri və ona bağlı infrastruktur sıfırdan qurulur. Bunun üçün də çox sayda işçi qüvvəsi tələb olunur. Bəzi peşə sahibləri müəyyən qədər əməkhaqqı ilə bağlı narazılıq bildirsələr də, əhalinin işlə təminatı prosesi davamlı şəkildə həyata keçirilir. Dövlət Məşğulluq Agentliyi əhalinin işlə təminatı üçün müəyyən proqramlar həyata keçirir. Buna baxmayaraq, işğaldan azad edilən ərazilərdə məskunlaşmış insanların heç də hamısı işlə təmin olunmayıb. Bunun səbəbi məskunlaşmanın tam başa çatmamasıdır. Dövlət orqanları, büdcə təşkilatları işə düşdükcə iş yerlərinin sayı artacaq. Eyni zamanda infrastrukturun istismarı ilə bağlı işçi qüvvəsi tələb olunacaq. Məsələn, dəmiryolu xətti işə düşəndə yollarda xidmət üçün, o cümlədən vağzallarda işçi kadrlara ehtiyac olacaq. Onu da qeyd etmək lazımdır ki, məcburi köçkünlərin əksəriyyətinin ixtisası yoxdur. Yaşlı nəsil işğaldan öncəki dövrdə təsərrüfatlarda çalışıb. Yeni nəslin nümayəndələri arasında isə təhsil alan da var, almayan da. Buna görə də əhalinin peşəyə yiyələnməsi istiqamətində müvafiq tədbirlər görülməlidir ki, görülür. Əlavə qanunvericilik təminatına ehtiyac ola bilər. Vergidən azadetmə kimi güzəştlər də nəzərdə tutulub, müəyyən şərait yaradılıb, lakin işlər bir qədər genişləndirilməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ