Onlayn ictimai-siyasi qəzet
1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlunun yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişməsi barədə xəbər vermişdik.
Mərhumun anası Afayət Süleymanova Musavat.com-la əlaqə saxlayaraq hadisənin təfərrüatı barədə danışıb.
Onun sözlərinə görə, oğlu Ceyhun Süleymanov babasildən əziyyət çəkdiyi üçün “Stimul” klinikasına müraciət edib. Orada həkim Ləman Xasıyevanın qəbulunda olub.
“Müayinə üçün “Stimul”a getmişdi. Ordan mənə zəng etdi. Dedi ki, təzyiqi olduğu üçün həkim ona iynə vurmağı təklif edib. İynəni də Ceyhun özü alıb gətirib. “Stimul”da iynəni vurduqdan sonra Ləman Xasıyeva oğluma deyib ki, burada narkoz yoxdur. Ona görə də Ceyhundan “Medilife” klinikasına getməsini istəyib. Ceyhun gedəndən sonra Ləman Xasıyeva da ora gəlib. Yolda Ceyhun mənimlə yenə danışdı”, - deyə mərhumun anası qeyd edib.
Afayət Süleymanova deyib ki, oğlu “Medilife” klinikasında olan zaman onunla yenidən əlaqə saxlayıb və yaxşı olduğunu bildirib:
“Mənə dedi ki, 3-4 dəfə bağırsaqlarını yuyublar və hər şey qaydasında olub. Deyirdi ki, mama, çox rahatlamışam. Hətta klinikada olanda video da çəkmişdi. Ayaq üstə dayanıb, sağlam, özündə olan adam. Bir saat içində nə ola bilərdi?”
Ailəsi sonuncu danışıqdan sonra Ceyhun Süleymanovdan xəbər ala bilməyib. Bir neçə saat sonra onlara zəng edərək Ceyhunun dünyasını dəyişdiyini deyiblər:
“Mən xəstə adamam. Ona görə də mənə bu barədə heç nə deməyiblər. Klinikada olanda Ceyhunun yanında iş yoldaşının oğlu olub. Onun sözlərinə görə, birdən həkimlər koridorda qaçmağa başlayıb. O da nə baş verdiyini soruşanda deyiblər ki, xəstəni ayılda bilmirik.
Hadisəni biləndən sonra kürəkənim və Ceyhunun əmisi oğlanları klinikaya gediblər. Görüblər ki, mərhumu palataya uzadıblar. Yanında da heç kim olmayıb. Oradan Sabunçuya, morqa aparıblar”.
Afayət Süleymanova bildirib ki, oğlunun ölümündən sonra nə həkim, nə də klinikadan kimsə onlara məlumat verib. Sadəcə, polisdə olan zaman həkim Ləman Xasıyevanın dediyi ilk məlumatdan xəbər tutublar.
“Müstəntiq bizə dedi ki, həkim Ləman Xasıyevadan izahat alıblar. Həkim izahatında deyib ki, Ceyhuna kofein vurublar. Deyiblər ki, təzyiqi düşüb. Oğlum özündə olub. Yaxşı, təzyiqi düşmüşdüsə, niyə müayinə edib bilməyiblər? İndi oğlumun ölümündən sonra deyirlər ki, təzyiqi düşüb. Ceyhuna iynə də aldırıblar. Sonra da həmin iynəni vurublar. Buradan aydın olur ki, həqiqəti demirlər. Nəyisə gizlədirlər. Sağlam adamın birdən-birə təzyiqi niyə düşdü?
İndi biz bilmirik ki, oğluma nə vurublar, nə ediblər. Bundan sonra da ayılmayıb. Ətraflı heç nə bilmirik. Ekspertizanın cavabının bir ay sonra çıxacağı deyilir. Ceyhunun ölümünə səbəb olanların layiqli cəza almasını, işin ədalətli araşdırılmasını tələb edirik. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyik”, - deyə A.Süleymanova açıqlamasına əlavə edib.
Qeyd edək ki, mərhumun iki övladı olub.
Klinikadan Musavat.com-a bildirilib ki, hazırda mövzu ilə bağlı sualları cavablandıracaq məsul şəxs yoxdur.
İlkin Muradov
Musavat.com
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ