Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə siyasətində əsas müzakirə mövzularından biri yenidən CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun mümkün geri dönüşü və hazırkı sədr Özgür Özəlin partiya içindəki strategiyasıdır. Hürriyet qəzetində yayımlanan analiz yazısı, bu proseslərin arxa planını və gələcək ssenarilərini ortaya qoyur.
Yazıya görə, Özgür Özəl son həftələrdə bir oxla üç hədəfi vurmağa nail olub:
1. Ekrem İmamoğlunun gözaltına alınması zamanı sərgilədiyi sərt mövqe və liderlik görüntüsü, onu sadəcə CHP sədri deyil, faktiki lider statusuna da yüksəldib.
2. İmamoğlu həbsdə olarkən təşkil ediləcək fövqəladə qurultayda partiyaya öz möhürünü vurmağı hədəfləyir.
3. Kamal Kılıçdaroğlunu siyasətdə ən zəif dönəmində yaxalayaraq, qurultayı “tikənsiz gül bağçasına” çevirib.
Bu proseslərə nəzər salanda bəlli olur ki, Özgür Özəl bir vaxtlar “mənəvi atası” kimi təqdim etdiyi Kılıçdaroğlunu əvvəlcə İmamoğlu ilə ittifaq quraraq uzaqlaşdırdı, indi isə İmamoğlunun həbsdə olduğu bir dövrdə qurultay təşkil etməklə partiyaya tam nəzarət qurmaq istəyir.
Bütün bu proseslər fonunda gözlər yenidən Kamal Kılıçdaroğluna çevrilib. O hələ də fövqəladə qurultayda namizəd olub-olmayacağına qərar verməyib. Lakin "Hürriyet"in yazısına görə, namizəd olmamaq ehtimalı daha yüksək qiymətləndirilir.
Buna baxmayaraq, siyasi kuluarlarda “Kılıçdaroğlu geri dönəcək” ehtimalı gündəmdən düşmür.
Yazıda Özgür Özəlin iki əsas səhvindən də bəhs olunur:
• Biri küçə aksiyalarına çağırış etməsi,
• Digəri isə bəzi media qurumlarına və platformalara qarşı boykot qərarı verməsidir.
Bu addımlar 28 Fevral və 27 Mayıs dönəmlərinin anti-demokratik çağrışlarını xatırlatdığı üçün ciddi ictimai narahatlığa səbəb olub. CHP rəhbərliyinin daha çox azadlıqçı və birləşdirici davranmalı olduğu, amma əksinə, “güc sərxoşluğu” yaşadığı vurğulanır.
CHP daxilində baş verənlər bir partiya içi mübarizədən daha çox, Türkiyənin müxalifət siyasətində növbəti dönəmin konturlarını müəyyənləşdirir. Özgür Özəl partiyanı tam nəzarətə almağa çalışsa da, Kılıçdaroğlu faktoru hələ də gündəmdədir.
Əgər Kılıçdaroğlu gözlənilmədən qurultayda namizədliyini elan etsə, CHP daxilində yeni bir parçalanma riski də qaçılmaz ola bilər.
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ