Onlayn ictimai-siyasi qəzet
"Rusiya-Ukrayna müharibəsi kiber müstəvidə də davam edir. Rusiyanın məxfi mərkəzləri Qərb ölkələrinin müxtəlif qurumlarına kiber hücumları davam etdirirlər. Qərb ölkələri müharibənin davam etdiyi 3 ildə Rusiyanın kiberhücumlarına qarşı müdafiə sistemlərini təkmilləşdirsələr də, bu, kiber müstəvidə qarşıdurmanın miqyasını azaltmayıb".
Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırma Mərkəzinin təhlilində deyilir.
Qeyd olunur ki, bu müharibədə Qərb ölkələri ilə Çin arasında da qarşıdurma səngiməyib:
"Almaniyaya 2021-ci ildə böyük miqyaslı kiber hücum həyata keçirilmişdi. Berlin Moskvadan şübhələnirdi. Ancaq araşdırmalar nəticəsində kiberhücumun Çin ərazisindən həyata keçirildiyi aşkarlanıb. Bu səbəbdən iyulun 31-də Çinin Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağrılıb və ona etiraz bildirilib. Bu, Çin hökumətinin 1989-cu ildə Tyananmen meydanında tələbələrin başçılıq etdiyi etirazları yatırtmasından bəri Berlindəki Çin nümayəndəsinin ilk dəfə Almaniya Xarici İşlər Nazirliyinə çağrılmasıdır.
Hakerlər 2021-ci ildə Almaniyanın Frankfurt şəhərindəki Kartoqrafiya və Geodeziya üzrə Federal Agentliyə müdaxilə ediblər. Berlinin iddiasına görə, hakerlər məxfi məlumatları ələ keçirməyə çalışıblar.
“Sky News” telekanalının xəbərinə görə, bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyinin serverlərinə də haker hücumu həyata keçirilib. Nəticədə hakerlər Böyük Britaniya hərbçilərinin şəxsi məlumatlarını əldə ediblər. Son illərdə ABŞ, Avstraliya, Kanada, Niderland və Hindistan da daxil olmaqla dövlət və özəl şirkətlərin məlumatlarına kiberhücumlar təşkil edilib. ABŞ-ın "Foreign Policy" dərgisində yayımlanan məqalədə Çinin on minlərlə insandan ibarət "haker ordusu" olduğuna inanan ekspertlərə istinad edib".
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ