İnsanlara hürriyət, millətlərə istiqlal!

"Keyhan" Azərbaycanı niyə hədələdi?  

 

Məlum olduğu kimi İran dini rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı olduğu deyilən “Keyhan” qəzeti dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdid məzmunlu ifadələr işlədib.

Məqalə “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” başlığı ilə dərc olunub. Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb.

"İran ali dini lideri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzetinin Azərbaycanı hədələyən məqalə yayınlaması qonşu ölkənin anti-Azərbaycan siyasətindən imtina etməyəcəyinin növbəti örnəyidir".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu mövzuya şərh verərkən qeyd edib.

Politoloq həmçinin bildirib ki, məqalədə Azərbaycanın Bakı-Tbilisi-Ceyhan boru xəttiylə İsrailə neft satışını dayandırsa guya İsrail iqtisadiyyatının çökəcəyi iddia olunub:

"Ancaq məqalə müəllifinin “Bakı-Tiflis-Ceyhan dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər” cümləsindəki “dəhlizin pozulması” ifadəsi Bakıya çağırışdan çox İrana bağlı terrorçu və silahlı qruplara çağırışdır ki, kənar qüvvələr nəqlə mane olsunlar. İran husilər vasitəsilə Qırmızı dənizdəki dağıdıcı fəaliyyətini indi də Azərbaycan və Türkiyə üzərindən reallaşdırmaq istəyir. Alınmayacaq.  

Bakı-Tbilisi-Ceyhan boru xəttindən neft alan yalnız İsrail deyil. İsrailə nefti biz satmasaq, başqaları satacaq. Azərbaycan BMT-dəki səsvermədə Fələstinin müstəqilliyinə səs verib, Qəzadakı müharibənin dayandırlmasına tərəfdardır, gələcəkdə bölgənin yenidən qurulmasında maliyyə dəstəyi də verməyə hazırdır. Tehran bunları kənara qoyaraq “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR