İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kəssə hər kim tökülən qan izini...” - İsveçrə kurortunda sülh olmayacaq

2022-ci fevralından bəri müharibəni durdurmaq üçün ən ciddi cəhdi Türkiyə etdi, amma Qərb  razılaşmanı pozdu; təəssüf ki, dahi Cavidin dediyi “qan izi kəsən”lər ortada görünmür...

Sabah- iyunun 15-də  İsveçrədə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Bürgenştok kurort şəhərində  ikigünlük sülh sammiti başlayacaq. Məqsəd “Ukraynada hərtərəfli və davamlı sülhə nail olmaq üçün əlverişli çərçivə yaratmaq”, həmçinin “Rusiyanın sülh prosesində iştirakı üçün konkret yol xəritəsi” hazırlamaqdır. 

esas .'kil.jpg (325 KB)

Dəniz səviyyəsindən 1128 metr yüksəklikdə yerləşən bu kurort şəhəri şou-biznes, idman və siyasət adamları arasında son dərəcə populyardır. Sammitin niyə dünyanın bu cənnət diyarında keçirildiyi haqda da müxtəlif versiyalar var, birini də mən deyim: “Yığışacaqlar yenə intiligentlər, qəlb boş, cib dolu...” Ən pisi həm də odur ki, adı sülh konfransı olsa da, Rusiya dəvət edilməyib. Absurddur. Əgər bu konfrans sülhün əldə edilməsi üçün çağırılırsa, Rusiya mütləq ora dəvət edilməli idi. Gəlməsələr, imtina etsələr bu ayrı. Yox, bu konfrans Amerikanın və onun əlaltısına çevrilmiş dövlətlərin  müharibəni daha da qızışdırmaq üçün toplaşmasıdırsa, o zaman yaxşı olardı ki, tədbiri Kiyevdə keçirərdilər. Müharibə zonasından min kilometrlərlə uzaqda yığışıb sülh konfransı keçirməyə, şəhərləri viran qalmış ukraynalılara “can-can” deməyə nə var ki? Üstəlik, bu cür formatda konfrans İsveçrənin bitərəf ölkə statusuna da ciddi xələl gətirir. Bir neçə gün əvvəl İsveçrə parlamentindəki ən böyük partiya olan Mərkəzin Demokratik İttifaqı ölkənin neytrallığını pozmamaq üçün Rusiyanı sammitə dəvət etməyi tələb edib, lakin ölkənin federal şurası onların müraciətinə məhəl qoymayıb.

Tədbirlə bağlı hazırlıqlar qışdan davam etsə də, yalnız 80 ölkə və təşkilat konfransda iştirakını təsdiqləyib. İştirakçıların tam siyahısı bu gün axşam saatlarında açıqlanacaq. Amma indidən də aydındır ki, “dünya ölkələrinin anti-Rusiya koalisiyası” yaratmaq cəhdi alınmayacaq. Dünyanı “bir dövlətə qarşı birləşdirmək” kimi ağılsız ideya deyəsən, güman ki, Zelenskiyə məxsusdur. O, hesab edir ki, ən azı bu yolla mümkün danışıqlarda mövqeyini gücləndirə bilər. 

images-3.jpg (13 KB)

Heç təcavüzkar Rusiya yox, məsələn, cırdatn Butan dövləti olsaydı belə, ona qarşı yekcins cəbhə yaratmaq alınmazdır. İsveçrəyə isə çırdanlar yox, bir çox “boynuyoğun” dövlətlər gəlməkdən imtina edib. Çin və Səudiyyə Ərəbistanı kimi dövlətlər bu sıradadır. Braziliya və bəzi digər ölkələr yalnız nümayəndələrini göndərəcək. BMT baş katibinin də tədbirdə iştirak etməyəcəyi dəqiqdir. Asiya ölkələri arasında ABŞ-ın müttəfiqləri Filippin və Yaponiya, həmçinin Tailand, Sinqapur və Şərqi Timor sülh konfransında iştirakını təsdiqləyib. Eyni zamanda, Malayziya bitərəf qalacağını bildirib. Çinlə sıx iqtisadi əlaqələri olan Kamboca da analoji qərar qəbul edib.

Seçkiyə hazırlaşan Bayden üçün indilikdə dünyanı arxasına almaq vacib idi, amma o da vitse-prezident Kamala Harrisi göndərir. Zelenski isə israr edirdi ki, sammit yalnız  Bayden və Si Cinpinin iştirakı olarsa, əhəmiyyət kəsb edir.  

Rusiya əleyhinə zatən koalisiyalar var. NATO, “7-lik”, Avropa Birliyi və sairə...Amma məqsəd bundan daha çoxunu toplamaqdırsa, heç kim “çörəyi qulağına yemir”. Ukraynanı Rusiya ilə müharibə halına gətirənlər istəyirlər ki, onlara digər dövlətlər də dəstək versin. Niyə? Çünki “Ukrayna demokratiya sınağı verir”. Niyə? “Çünki Rusiya Ukraynada qalib gəlsə, Avropa ölkələrinə də hücum edəcək”. Rusiyanın dövlət siyasətindəki təcavüzkarlıq yüzilliklərdir davam edir. Rusiyanı dünya indi tanımır ki? Amma  bütün dünyanı Rusiyaya qarşı koalisiya yaratmaq kimi absurd işə girişməkdənsə, bu ölkəni yola gətirmək, masaya oturtmaq lazımdır. Sülh adı altında konfransın niyyəti isə təəssüf ki, bu deyil. Rusiya böyük dövlətdir, ayaqda durmağın yolunu ya tapacaq, ya dağılacaq, amma indidən ortada Ukrayna adlı dövlət məhv olur. Bunu ağlı gəlib-gedən Bayden də görür və anlayır. Ukraynanın kişi əhalisi qırılır, qırılmaqda da davam edir, müharibənin gedişində isə irəliləyiş yoxdur.    

original-1gcx.jpg (82 KB)          

Problem ondadır ki, bu münaqişənin hərbi yolla həlli görünmür. Bu münaqişə danışıqlar masası arxasında həll olunmalıdır. Şərtlərin necə olacağı sualdır. İndi isə əslində bu şərtlər uğrunda mübarizə gedir. İsveçrədə iştirakdan imtina edən Çin öz sülh planını təbliğ etmək üçün kampaniyaya başlayıb. Belə ki, Çin xarici rəsmilərlə üzbəüz təmasları, telefon danışıqlarını və mesaj mübadiləsini intensivləşdirib. Ötən ay Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və Pekindəki səfirliklərində inkişaf etməkdə olan ölkələrin nümayəndələri ilə görüşüb.

Çin inkişaf etməkdə olan ölkələrin hökumətlərini inandırmağa çalışır ki, 15-16 iyunda keçirilməsi planlaşdırılan konfrans yalnız müharibəni uzadacaq və onların təklif etdiyi  altı bəndlik plan daha uğurlu ola bilər. Çin bildirir ki, plana 45 ölkədən ümumi dəstək var, onlardan 20-dən çoxu ya plana qoşulub, ya da bu imkanı “ciddi şəkildə nəzərdən keçirir”.

rusya-ukrayna-saldirisi-kiev-1785774_2 (1).jpg (167 KB)

Sülh üçün səylər, hətta pis sülh belə əlbəttə ki, müharibədən yaxşıdır. 2022-ci fevralından bəri müharibəni durdurmaq üçün ən ciddi cəhdi Türkiyə etdi. Amma Qərb bu razılaşmanı pozdu. O zamandan da axan qan durmur.   

“Kəssə hər kim tökülən qan izini, 

Qurtaran dahi odur yer üzünü”. 

Təəssüf ki, dahi Cavidin dediyi liderlər hələ ortada görünmür... 

P.S. Putin də sülh üçün şərtlərini açıqlayıb. O şərtlər də müharibəyə davam deməkdir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR