Onlayn ictimai-siyasi qəzet
3 gün əvvəl İraqın Kərkük şəhəri üzərində Türkiyəyə məxsus “Aksungur” modelli silahlı PUA-nın vurulması xəbərinə Ankara və Bağdadda reaksiya soyuqqanlı oldu. İraq ordusu bəyan etdi ki, səhər saatlarında Kərkük səmasında naməlum PUA müşahidə olunub, bunun ardınca İraqdakı koalisiya qüvvələri ilə əlaqə yaradılıb, PUA-nın koalisiyaya məxsus olmadığı məlum olduqdan sonra saat 10:30-da PUA vurulub.
Rəsmi açıqlamada o da qeyd olunur ki, yerə düşən PUA-nın Türkiyəyə məxsus olduğu məlum olub. Hazırda ordu hadisəni araşdırır.
Ankaradan da reaksiya xeyli təmkinli oldu. Hələlik Kərkük insidentinə yalnız Türkiyə XİN reaksiya verib. XİN sözçüsü bildirib ki, Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq ölkəni təhdid edən terror ünsürlərinə qarşı mübarizəni davam etdirir. Eyni zamanda əlaqəli dövlət qurumları arasında sahədə əməkdaşlığın davam etdiyi qeyd edilib.
Yəni başqa sözlə, Ankara və Bağdad hadisəni əvvəlki illərdə olduğu kimi böyütməyə və ya qarşılıqlı ittihama çevirməməyə çalışıb. Belə görünür ki, hər iki tərəf bu hadisənin içərisində təxribat elementinin olmasını ehtimal edir və bu səbəbdən hadisənin detallarının araşdırılmasını və nəticənin açıqlanmasını gözləyir. Çünki işin içində təxribat elementi mövcuddur.
Məsələ ondadır ki, Kərkükdə məlum hadisə avqustun 15-də Türkiyə və İraq hökuməti arasında Ankarada “hərbi, təhlükəsizlik və terrorla mübarizəyə dair” anlaşma memorandumunun imzalanmasından cəmi iki həftə sonra baş verib. Bu razılaşma apreldə prezident Ərdoğanın Bağdada səfəri və bu səfər zamanı iki ölkənin terrora, yəni indiki halda PKK-ya qarşı birgə mübarizə və Bəsrə ilə Aralıq dənizini birləşdirəcək “İnkişaf Yolu” nəqliyyat dəhlizi razılaşmasının davam idi.
Lakin Kərkük hadisəsi göstərdi ki, hər şey göründüyü qədər sadə deyil. Çünki bundan əvvəl, avqustun 10-da Kərkükdə baş verənlər bir mənada xəbərdarlıq sayıla bilərdi. Belə ki, uzun müddət davam edən müzakirə və anlaşılmazlıqdan sonra avqustun 10-da tarixi türkmən şəhəri, ancaq hazırda ərəb və kürdlərin sayının türkmənləri ötdüyü Kərkükdə ötən ilin oktyabrında keçirilən seçkilərdən sonra qubernator seçmək mümkün olmamışdı.
Kərkükdə sonuncu dəfə əyalət məclisi seçkiləri 2005-ci ildə keçirilib, ondan sonra heç bir tərəf Kərkük mövzusunda anlaşa bilməyib və daha sonra İŞİD işğalı Kərkükdə siyasi anlaşmazlıqları aradan qaldırmağa mane olub. Nəhayət, 2023-cü ilin payızında keçirilən bələdiyyə seçkilərində Kərkük Məclisinə də seçkilər olub və nəticədə ölkənin ikinci böyük kürd partiyası olan Kürdüstan Vətənpərvərlər İttifaqı Kərkük vilayət məclisində 16 yerdən 5-ni götürüb. Qalan 11 yerdən 3-nü Ərəb Koalisiyası, Bərzaninin Kürdüstan Demokrat Partiyası (KDP) 2, İraq Türkmən Cəbhəsi (İTC) türkmənlər 2, Ərəb Qiyadə 2, Ərəb Urubə qrupu 1, xristian azlıq isə 1 yer götürüb.
Ötən 1 ilə yaxın müddət ərazində Kərkük məclisi vilayətin qubernatorunu seçməkl bağlı razılığa gələ bilməyib. Ancaq bu il avqustun 10-da gözlənilmədən Bağdadda oteldə toplantı keçirən KVP-nin 5 üzvü və 3 ərəb, 1 xristian məclis üzvü KVP-nin namizədi Rebvar Taha qubernator, ərəblərin nümayəndəsi Məhəmməd Hafiz isə Məclis sədri seçilib.
Bununla da faktiki olaraq türkmənlər və eləcə də Bərzanilər kənarda qalıb. KVP-yə yaxın prezident Əbdüllətif Rəşid Tahanın vəzifəsini təsdiqləyib. Bundan sonra yeni qubernatorun vəzifəsinin dondurulması barədə məhkəməyə müraciəti isə İraq Ali Məhkəməsi rədd edib.
Qeyd edək ki, Qərb mediası KVP-nin İranla yaxınlığını əsas gətirərək Kərkük qubernator seçkilərində İranın təsirini ön plana çəkir. KVP və konkret olaraq yeni seçilən Taha İrana yaxın siyasətçi hesab olunur. Üstəlik Bərzanilərin baş verənlərdən narazı olması, İTC-nin Kərkükdə aksiyalar keçirməsi belə demək olarsa Ankara və Ərbilin Kərkükdəki hadisələrdən narazı qaldığını göstərir. AKP-nin sözçüsü Ömər Çelik baş verənləri türkmənlərin, eləcə də KDP və ərəblərin də sıxışdırılması kimi şərh edib.
Maraqlıdır ki, Kərkük səmasında (bu da simvolik məna daşıyır, Kərkük türkmən şəhəridir – K.R.) Türkiyəyə məxsus PUA-nın vurulduğu gün Türkiyə prezidentinin 50 yaşdan yuxarı İraq vətəndaşlarının Türkiyəyə vizasız girişinə icazə verən fərmanı rəsmi olaraq qüvvəyə mindi. Bu həm də ona işarədir ki, Türkiyə İraqla münasibətlərin 3-cü qüvvələr tərəfindən pozulması ehtimalını nəzərə alır.
Qərb mediası hadisələri İran-Türkiyə rəqabəti üzərinə gətirsə də, bu işdə digər güclərin rolunun olması ehtimalı yüksəkdir. Çünki mövzu yalnız Kərkük deyil, həm də Türkiyə-İraq əlaqələri, hazırda inşaatı həyata keçirilən “İnkişaf Yolu” layihəsidir. Bu layihənin işə düşməsi Uzaq Şərqdən və Hindistandan gələn yüklərin Fars körfəzindən Bəsrə (FAV) limanı vasitəsilə dəmir yolu və quru yolu ilə Türkiyə ərazisinə buradan isə Avropaya çatdırılmasını nəzərdə tutan ən qısa nəqliyyat dəhlizi hesab olunur. Hazırda bu layihənin əsas alternativi husilər tərəfindən bağlanmış Qırmızı dəniz – Süveyş kanalı və HƏMAS-ın İsrailə hücumu ilə təxirə düşmüş İMEC (India-Middle East-Europe Economic Corridor) layihəsinə güclü alternativdir. Bu mənada Kərkükdə və ümumilikdə son aylarda İraq-Türkiyə əlaqələrində baş verənləri regional rəqabətlə izah eləmək yetərli qalmır və mənzərəni tam anlamağa kifayət etmir.
Xüsusi olaraq Musavat.com üçün
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ