Onlayn ictimai-siyasi qəzet
Builki sel və yağıntılar təsərrüfatlar üçün həddən artıq böyük zərər yaradıb
Azərbaycanda qeyri-neft iqtisadiyyatının əsas prioritetlərindən olan kənd təsərrüfatında artım sürəti ciddi şəkildə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 508,2 milyon manat təşkil edib. Bunun 3 milyard 671,4 milyon manatı heyvandarlıq, 3 milyard 836,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 0,8 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə 0,2 faiz artıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə kənd təsərrüfatı istehsalı illik ifadədə 3,3 faiz, o cümlədən heyvandarlıqda 3,4 faiz, bitkiçilikdə 3,3 faiz artmışdı.
Rəsmi statistikaya əsasən, cari ilin məhsulu üçün 1025,0 min hektar sahədə (ötən il 958,9 min ha) əkilmiş dənli və dənli paxlalı bitkilərin 550,7 min hektarını (53,7 faiz) buğda (ötən il 552,1 min ha), 420,7 min hektarını (41,0 faiz) arpa(357,5 min ha), 29,3 min hektarını (2,9 faiz) qarğıdalı(28,9 min ha), 14,2 min hektarını (1,4 faiz) paxlalı bitkilər(11,9 min ha), 10,1 min hektarını (1,0 faiz) isə digər dənli bitkilərin əkin sahələri təşkil edib.
2024-cü il avqust ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 2935,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çox dənli və dənli paxlalı bitkilər, 1245,7 min ton (0,2 faiz çox) tərəvəz, 598,6 min ton (10,0 faiz az) kartof, 429,0 min ton (10,3 faiz çox) bostan məhsulları, 331,1 min ton (5,1 faiz çox) meyvə və giləmeyvə, 22,0 min ton (2,4 dəfə çox) şəkər çuğunduru, 5,8 min ton (28,2 faiz az) üzüm, 1,8 min ton (35,9 faiz az) günəbaxan, 1,8 min ton (2,2 faiz çox) tütün, 773,4 ton (7,8 faiz çox) yaşıl çay yarpağı yığılıb.
Heyvandarlığa gəlincə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 331,2 min ton ət, 1312,0 min ton süd, 1385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb, yun istehsalı 1,6 faiz, barama istehsalı 32,9 faiz azalıb.
Dənli və paxlalı bitkilər üzrə ümumi məhsul istehsalında artım olsa da, əsas strateji məhsul olan buğdanın istehsalında ciddi azalma var. Dövlət Komitəsinin avqust ayının 13-nə olan operativ məlumatına əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 2937,3 min ton məhsul toplanıb, məhsuldarlıq 30,0 sentnerə bərabər olub. Məhsulun 1680,3 min tonunu və yaxud 57,2 faizini buğda, 1227,4 min tonunu (41,8 faizini) arpa, 29,6 min tonunu (1,0 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub. Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97,0 min ton) rayonlarında müşahidə edilib.
Ötən ilin eyni dövründə sahələrdən 2915,3 min ton dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsulu toplanmış, məhsuldarlıq 32,0 sentnerə bərabər olmuşdu. Məhsulun 1828,6 min tonunu və yaxud 62,7 faizini buğda, 1064,1 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdi. Göründüyü kimi, dövlətin xüsusi dəstək verdiyi əsas strateji məhsul olan buğdanın istehsalı ötən illə müqayisədə 147,7 min ton və ya 8 faizə yaxın azalıb. Bu azalma həm əkin sahələrinin kiçilməsi, həm də məhsuldarlığın aşağı düşməsi nəticəsində qeydə alınıb. Belə ki, ötən il dənli və dənli-paxlalı bitkilər üzrə orta məhsuldarlıq 32 sentner olmuşdusa, bu il göstərici 30 sentnerə qədər azalıb.
Dövlət Statistika Komitəsinin izahat qeydindən aydın olur ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 1026,3 min hektar sahədən 961,7 min hektar payızlıq dənli bitkilərin sahəsi cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb. Bu, ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 93,8 faizinə bərabərdir. 53,0 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olub, 6,4 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilib, payızlıq dənli bitkilərin 5,2 min hektar sahəsi isə yem üçün saxlanılıb. Ötən il 178,3 min hektar sahədə əkilmiş payızlıq dənli bitkilər tamamilə məhv olub, 6,0 min hektar sahə yem üçün istifadə edildikdən sonra yerində yazlıq bitkilər əkilib, payızlıq dənli bitkilərin 2,7 min hektar sahəsi isə yem üçün saxlanılmışdı.
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, aqrar sahədə artımın zəifləməsi qlobal iqlim dəyişikliyinin bu sahəyə mənfi təsirindən qaynaqlanır: “Nəzərə almaq lazımdır ki, aqrar sahədə durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilər hesabına on minlərlə hektar sahənin fəal dövriyyəyə cəlb edildiyi dövrdə baş verir. İqlim dəyişikliklərinin sahəyə təsiri aşkar hiss edilir. İntensiv yağıntılar, sel və dolu kütləvi şəkildə əkinləri və məhsulları məhv edib. Builki sel və yağıntılar təsərrüfatlar üçün həddən artıq böyük zərər yaradıb. Amma ölkədə səmərəli və yüksək elmi potensiala əsaslanan aqrar idarəçilik də qurmaq mümkün olmayıb. Aqrar sektor Azərbaycan üçün son dərəcə həssas sahədir - təkcə ərzaq təhlükəsizliyi baxımından yox. Ölkə əhalisinin ən azı üçdə birinin gəlirləri və məşğulluğu bu sahəyə bağlıdır”.
Onu da qeyd edək ki, dövlət aqrar sahəyə təbii fəlakətlərin vurduğu zərərin qarşılanmasında təsərrüfatlara dəstək vermək üçün aqrar sığorta mexanizmini işə salıb. Aqrar Sığorta Fondunun 2024-cü ilin 1-ci yarım illiyinin nəticələri üzrə açıqladığı rəqəmlərə əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə 384 min hektar əkin sahəsi sığortalanıb.
Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa sahələri təqribən 2 dəfə, buğda sahələri 1,3 dəfə artıb.
Fond bildirir ki, 2024-cü ilin yanvar-iyun aylarında 11 milyon 183 min manat aqrar sığorta haqları toplanıb. Bu vəsaitdən 10 milyon 189 min manatı bitkiçilik sığortası üzrə ödənilib və əkin sahələrinə ümumilikdə 418 milyon manat sığorta təminatı verilib. Ümumilikdə sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 430 milyon milyon manata yaxın olub.
Aqrar Sığorta Fondunun açıqladığı məlumatlardan aydın olur ki, bu il təbiət hadisələrinin zərərləri ilə bağlı sığorta hadisələrinə dair müraciətlər xeyli artıb. Aprel-iyun ayları ərzində belə müraciətlərin sayı 1500-ə yaxınlaşıb. Onların yarıdan çoxu taxıl məhsulları olan arpa, buğda sahələrinə dəyən zərərlə bağlı olub.
Fondun digər məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 2 milyon 864 min manat sığorta ödənişi edilib. Sığorta ödənişlərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib.
2024-cü ilin 2-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ