Onlayn ictimai-siyasi qəzet
Səhər saat 9 olmadan o, artıq yerində olur. Xalça dükanlarının önündə köhnə karton parçaların üzərinə bir neçə döşəkçə qoyaraq özünə oturmağa yer hazırlayır. Gün, yağış bilmədən bənövşəyi çətiri ilə bir küncdə əyləşir, müştəriləri gözləyir. Ətrafda hər kəs alver edərkən arzulayır ki, ona da müştərilər gəlsin.
Asta səsi ilə “Gəlin, alın Rusiyanındır” haraylayırdı. Adını bilmədiyimiz ağbirçək nənə illərdir eyni yerdə, eyni saatlarda səbrlə oturur. Biz ona yaxınlaşanda sevindi ki, müştəriyik, evə əliboş qayıtmayacaq, 1-2 manatı olacaq azından. Sual verdik, cavab gəlmədi. Sualı təkrarladıq, yenə eşitmədi.
Söhbətimiz baş tutmasa da, susqunluğundan, gözlərindən və köhnə çantasından bir çox şey anlamaq olurdu. Cavab ala bilmədiyimizi görən yandakı satıcı bu nənənin eşitmədiyini bildirdi. Həmin satıcıdan nənənin adını soruşduq və o da bilmədiyini qeyd etdi.
Meyvə qutusundan özünə “vitrin” hazırlamışdı. Qutunun üstü səliqəsiz görünməsin deyə, açdığı süfrəsinin uçmaması üçün kənarlardan daşlarla sabitləmişdi. Bu vitrinin üzərində müxtəlif xırdavat əşyaları yerləşirdi. Qarşısında bir neçə tikiş iynəsi, gözmuncuğu, sancaq və rezinlər var idi. O qədər adi əşyalardır ki, bəlkə heç alan da yoxdur. Fəqət o, bezmədən hər gün gəlir. Qiymətlərini isə barmaqla göstərdiyimiz zaman deyirdi, ən bahalı malı 2 manat təşkil edirdi.
Biz nənədən 2 ədəd gözmuncuğu aldıq. Siftəsi olduğu üçün xoşbəxtlikdən ancaq dua edərək, minnətdarlığını bildirdi. Saat 12 olurdu, artıq yavaş-yavaş əşyalarını yığmağa başlayır.
Meyvə qutusundan olan vitrinini səliqə ilə yerləşdirir, karton və döşəkçələrini də kənara qoyaraq gedir. Bəlkə gün ərzində heç nə qazanmır, lakin o, sabah yenə gələcək. Çünki bu yer artıq onun 2-ci evinə çevrilib.
Mənzər Novruzlu
İnarə Hünbət
Fotolar müəlliflərindir
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ