Onlayn ictimai-siyasi qəzet
Ermənistanda həbs olunan Rusiyanın adamı Samvel Karapetyan təcridxanadan xalqa növbəti dəfə mesaj göndərib.
Musavat.com xəbər verir ki, onun Müdafiə Şurasının Telegram kanalında yerləşdirilən mesajında Ermənistanda hamının kağız üzərində mövcud olan rəsmi sənəd deyil, real, ləyaqətli və davamlı sülh istədiyi iddia olunur.
Karapetyan Nikol Paşinyan hakimiyyətini Ermənistanı Türkiyə və Azərbaycan qarşısında geri çəkilməkdə ittiham edib:
“Milli dəyərlərə etinasızlıq göstərmək və qarşılığında qeyri-müəyyən sülh vədi, tamamilə mənasız kağız sənəd gözləmək və hər şeyi düşmənə vermək. Və hər şey seçki xatirinə, xalqı aldatmaq üçün, bax, mən sülh gətirmişəm. Ermənistanda hamı sülh istəyir, amma real, ləyaqətli və davamlı sülh istəyir, nəinki formal kağız, davamlı təhdidlər və alçaldılmalar”.
Mesajda qeyd edilir ki, Ermənistanın hazırkı hakimiyyəti guya Ermənistana iqtisadi fayda gətirəcək “bir növ yol ayrıcları” təklif edir. Lakin Karapetyan əmindir ki, bu layihə Ankaranın arzuladığı Zəngəzur dəhlizin çevriləcək və Ermənistan vilayətləşmə yoluna düşəcək.
O qeyd edib ki, hakimiyyət həm də “Avropa ilə qardaşlıq haqqında uzun-uzadı danışıb”, Sünikin təhlükəsizliyini təmin etmək üçün guya avropalı müşahidəçilər cəlb edib, “Fransa prezidenti Emmanuel Makronu ayda bir dəfə qucaqlayıb, əslində isə hamıdan əl çəkib vədləri pozub, indi də “dəhlizi” amerikalılara təhvil verməyə çalışır”:
“Sizi inandırıram ki, bu cür davranışı və yalançı reputasiyası ilə kiçik bir qrupun rəhbəri tezliklə nəinki özünü, hətta Vətənimizi də dünyanın gözü qarşısında tamamilə nüfuzdan salacaq”.
Mesajın sonunda Karapetyan Ermənistanı geosiyasi qurban statusundan çıxaracağını, regionda maraqlar və prioritetlər balansını bərpa edəcəyini iddia edib:
“Sonra tranzit marşrutları Ermənistanın suveren ərazisində qalaraq onun büdcəsini ildə yüz milyonlarla dollarla dolduracaq, başqa, hətta müttəfiq ölkənin büdcəsini yox. Biz bunu öz yolumuzla edəcəyik”.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ