Onlayn ictimai-siyasi qəzet
Bura Nizami rayonu, Qara Qarayev prospektinin “beş addımlığı”ndakı Babək prospektidir.
Musavat.com-un əməkdaşı bu gün, dekabrın 24-ü burada arzuolunmaz mənzərə ilə üzləşib.
Sovet dövründə tikilmiş kooperativ evlərdən birinin yanındakı kanalizasiya quyusunun daşması nəticəsində çirkab sular böyük bir ərazini üfunətə qərq edib.
Sakinlər bildiriblər ki, bu vəziyyət iki gündür davam edir, səslərini eşidən, zəng etmələrinə baxmayaraq, tədbir görən yoxdur.
Məlum oldu ki, ərazi Nizami rayonu 43 saylı Mənzil Kommunal Sahəsinin nəzarətindədir, amma bu qurumdan da ərazidə kimsə yoxdur. Təsəvvür edin, ikinci gündür çirkab suları asfalt örtüyü ilə axıb, təqribən 100 addımlıqdakı “Xalqlar dostluğu” metrostansiyasının üstündən keçir, daha sonra üzü “Laçın” Ticarət Mərkəzinə doğru və üzüşağı... Nə asfalt örtüyünə dəyən zərər kimsəni maraqlandırır, nə çirkab suların antisanitariyaya səbəb olması, nə piyadalar üçün arzuolunmaz vəziyyətin hökm sürməsi. Ərazidəki obyekt sahibləri də vaxtaşırı üzləşdikləri bu problemin nəhayət həll olunmasını istəyirlər.
Yeri gəlmişkən, yaxınlıqda körpələr evi-uşaq bağçası yerləşir və valideynlərinin əlindən tutub çirkab sulara bata-bata gedən uşaqların durumunu təsəvvür etmək çətin deyil. Bu vəziyyət əsl xəstəlik mənbəyidir.
Ən acınacaqlı və ürək ağrıdan məsələ budur ki, vaxtaşırı dolub-daşan kanalizasiya quyusu Vətən müharibəsi şəhidinin xatirəsinə tikilmiş kompleksin yanında yerləşir və çirkab sular günlərlə məhz şəhidimizin nur üzlü şəklinin, barelyefinin önündən axıb küçə aşağı gedir, bir çox hallarda ərazidən keçən avtomobillər çirkab suları abidə kompleksinin tikilisinə də çiləyir.
Ümid edək ki, nəhayət, əlaqədar təşkilatlar bu arzuolunmaz vəziyyətin aradan qaldırılmasından ötrü ciddi tədbirlər görəcəklər. İki nəfərlik qrup göndərməklə, kanalizasiya borusuna məftil salıb, qurdalanmaqla problem əsaslı şəkildə həllini tapmayacaq, bunu müşahidələrimiz də deyir, elə ərazidəki sakinlər və burada işləyən şəxslər də...
Musavat.com
25 Dekabr 2024
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ