İnsanlara hürriyət, millətlərə istiqlal!

Jukovun zərbəsindən büdrəyən polkovnikin marşala cavabı – “Siz mənə yox, Stalinə əl qaldırırsınız...”  

 

Marşal Jukov sərkərdəlik bacarığı ilə təkcə SSRİ-də deyil, bütün dünyada tanınmış hərbçilərdən biri sayılıb. Onun haqqında Ruzvelt və Çörçill kimi nəhəng siyasətçilər yüksək fikirlər söyləyiblər. Amma peşəkarlığı ilə yanaşı Jukovun kaprizləri də az olmayıb. Qələbə marşalı iddialığı, təkəbbürlüyü, kobudluğu, birincilik təşəbbüsünü əldən verməməyi ilə də fərqlənib. Jukovun hərbçilərə qarşı kobud münasibəti, qaba rəftarı, təhqir etməsi, bəzən hətta əl qaldırması bir neçə dəfə Dövlət Müdafiə Komitəsində və Müdafiə Nazirliyində ciddi müzakirə mövzusuna çevrilib.

1944-cü ildə Jukovun Ukraynada, döyüş bölgəsində polkovnik Zelenova əl qaldırması isə növbəti dəfə Kremldə, birbaşa Stalinin kabinetində müzakirəyə səbəb olub.

1944-cü ildə Ukrayna cəbhəsində geniş miqyaslı hərbi əməliyyat zamanı sovet qoşunlarının 4 diviziyası və iki briqadası almanların mühasirəsinə düşüb. Bütövlükdə əməliyyatın koordinasiyası və rəhbərliyi Jukova həvalə olunub. Uğursuzluq marşalı qəzəbləndirib. O, əməliyyat zonasının bir neçə kilometrliyində yerləşən qərargaha gələrək müşavirə keçirib. Müşavirə zamanı  polkovnik Zelenov hərbçilərin mühasirəyə düşməsini təhlil edərkən Jukovu ittiham edib:

2-Жуков над картой.jpg (133 KB)

-Yoldaş marşal, əməliyyatdan əvvəl mən briqadanın qərargah rəisi kimi sizə yazılı məruzə etmişdim, bildirmişdim ki, qərb istiqamətində alman qoşunlarının və texnikasının sayı kəşfiyyatın gətirdiyi məlumatlardan qat-qat çoxdur və bu əməliyyatın müvəqqəti olaraq təxirə salınmasını qeyd etmişdim.

Bu cür ittiham marşalın qəzəbinə səbəb olub:

-Ümumiyyətlə, sizin əməliyyat xəritəsindən, döyüş hesablamalarından xəbəriniz varmı? Jitomir istiqamətindəki əməliyyat şəraitini əvvəlcədən təhlil etmişdinizmi? Bu, qərargah rəisi kimi sizin birbaşa vəzifə borcunuz idi. Amma siz bu ağılla öz vəzifənizi yerinə yetirmək gücündə deyilsiniz. Haqqınızda lazımi və ən sərt tədbirlər görüləcək. Siz polkovnik rütbəsində qərargah rəisi vəzifəsinə yox, donuz otarmağa layiqsiniz. Müşavirəni tərk edə bilərsiniz.

Zelenov marşalın təhqirini cavabsız qoymayıb:

-Döyüşçülərimizin mühasirəyə düşməsində birbaşa siz günahkarsınız. Komandan kimi əməliyyatı siz təsdiqləmisiniz.

Əsəblərini cilovlaya bilməyən Jukov Zelenova yaxınlaşıb və yumruğu ilə polkovnikə güclü bir zərbə endirib. Zelenov zərbədən büdrəyəndə Jukov onun çiyinindən tutaraq yıxılmağa qoymayıb. Polkovnik son sözünü deyərək müşavirəni tərk edib:

-Siz o yumruğunuzla mənə yox, Stalinə əl qaldırdınız. Polkovnik rütbəsini və “Qırmızı Bayraq” ordenini bir həftə əvvəl Moskvada mənə şəxsən yoldaş Stalin təqdim edib.

İnsidentlə bağlı Moskvaya məruzə edilib. Stalin məsələni bir neçə mənbədən araşdırıb. Məlum olub ki, əməliyyatın uğursuz alınmasında Jukov böyük səhvə yol verib. Marşal Konyev həmin əməliyyatın ən kiçik detallarını belə açıqlayaraq Jukovun buraxdığı səhvləri ortaya qoyub.

009980-pic_32ratio_900x600-900x600-31402.jpg (117 KB)

Bir neçə gündən sonra Jukov Moskvada, Stalinin qəbulunda olanda ali rütbəli hərbçilərin də iştirak etdiyi toplantıda Zelenovun məsələsi müzakirə olunub. Jukov polkovnikin rütbəsinin bir pillə aşağı salınması və qərargah rəisi vəzifəsindən azad edilməsi ilə bağlı Stalinə təqdimat təqdim edib.

Stalin təqdimata nəzər yetirdikdən sonra fikrini bildirib:

-Yoldaş Jukov, bununla da siz əməliyyatın uğursuz olmasında Zelenovu günahkar sayırsınız və onun cəzalandırılmasını istəyirsiniz? Yanılırsınız. Bu məsələ artıq araşdırılıb. Əməliyyata siz rəhbərlik etmisiniz və sizin əmriniz əməliyyatda iştirak edən hər bir əsgər və zabit üçün qanundur, bu əmrlər müzakirəsiz icra edilməlidir. Belə olan halda Zelenovu günahlandırmaq ədalətsizlikdir. Mən Zelenovu Stalinqrad döyüşlərindən tanıyıram. Ona polkovnik rütbəsini də mən vermişəm. Heç kim sizə haqq verməyib ki, tabeliyinizdə olan hərbçilərə əl qaldırasınız. Biz faşistlərə qarşı döyüşürük, səngərlərdə özümüzə qarşı döyüş meydanı açmaq heç bir qanunda yazılmayıb.

1573511281_0_299_2048_1451_1920x0_80_0_0_339e3316d7ec8095ca3a49d76f9e063c.jpg (101 KB)

Müzakirə bununla da yekunlaşıb. Zelenov öz rütbəsində və vəzifəsində qalıb, az sonra isə Jukov Ukrayna cəbhəsi komandanı vəzifəsindən Belarusiya cəbhəsi komandanı vəzifəsinə təyinat alıb. Marşalla polkovnik bir daha üz-üzə gəlməyiblər.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR