İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç parlamentində azərbaycanlı deputatlar da olacaq

Seçki marafonuna qoşulan azərbaycanlılar “Yeni Müsavat”a danışdılar

Azərbaycanlıların son illərdə yaşadıqları ölkələrdə aktiv siyasi proseslərdə iştirakı müşahidə olunur. Əvvəllər vəziyyət qənaətbəxş deyildi və xaricdəki azərbaycanlıların özlərini kölgədə saxlamaları daim tənqid olunurdu. İndi isə vəziyyət dəyişib. Dünyanın bir sıra ölkələrində azərbaycanlılar seçkili qurumlarda təmsil olunmaq üçün fəallaşıblar. Məsələn, sentyabrın 11-də İsveçdə “riksdag” (parlament), regional və bələdiyyə seçkilərində namizədlər arasında soydaşlarımız da var.

Diasporla İş üzrə Dövlət Komitəsinin  xəbərinə görə, seçki marafonunda Sosial-Demokrat Partiyasını İradə Əliyeva Söderberg (Jönşöping bölgəsi üzrə regional şura), Mahirə Muxtarova (Höteborq bələdiyyə məclisi), Xalidə Mərafət (Huddinge bələdiyyə məclisi), Aylin Fazelian (riksdaq), Mərkəz Partiyasını isə Aida Kərimli (riksdaq və regional şura), Duman Radmehr (Vestra Hötaland əyalət şurası) və Turan Əliyev (riksdaq, əyalət şurası və bələdiyyə məclisi) təmsil edəcəklər.

Qeyd edək ki, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının sədri İradə Əliyeva Söderberg Jönşöping bölgəsindəki regional şuranın deputatı, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin üzvü və Höteborq bölgəsi üzrə Miqrasiya və İnzibati məhkəmə jürisi, Aylin Fazelian parlamentin deputatı olub.

İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi erməni  təxribatını qınayır | İnter Press

 İradə Əliyeva

Sosial-Demokrat Partiyasını təmsil edən İradə Əliyeva Söderberg “Yeni Müsavat”a açıqlama verərək bildirdi ki, İsveçin siyasi dairələrində azərbaycanlıların sayı günü-gündən artır: “Bu, mənim seçkilərdə 4-cü iştirakımdır. Nəticədən asılı olmayaraq, adım 7-ci sıradadır. Yəni parlamentə seçiləcəyəm. 4 il ərzində seçkiyə hazırlıq gedir. Hər seçici ilə görüşüb danışmaq lazımdır. İsveç demokratik ölkələrdən biridir. Səsvermə hüququ olan hər kəs seçki prosesi ilə maraqlanır. 3 illik yaşayış icazəsi olanlar bələdiyyə və regional seçkilərdə səs verə bilərlər. Azərbaycanda da seçki prosesinə bu dərəcədə diqqət və marağın olmasını istərdim. Builki seçkilərdə həm əvvəllər iştirak etmiş, həm də ilk dəfə iştirak edəcək azərbaycanlılar var. Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlının müvəffəqiyyəti Azərbaycana da aiddir. Fəal azərbaycanlıların çox olması haqq səsimizi çatdırmaq baxımından mühümdür. Əksər Avropa ölkələrində olduğu kimi, İsveçdə də millətçi partiyalar var. Çoxsaylı debatlar, seçicilərlə görüşlər keçirilir. Əhali azad şəkildə ideologiyasına uyğun partiyaya səs verir.  Bütün ölkə seçkidə iştirak edir. Məktəblərdə məlumat verilir. Hətta şagirdlər bizə suallar verirlər”.

Şahnaz Mətləbqızı (@ShahnazQasimova) / Twitter

 Şahnaz Mətləbqızı 

Vaxtilə “Yeni Müsavat”da çalışmış jurnalist Şahnaz Mətləbqızı 19 ildir İsveçdə yaşayır. Azərbaycanda olduğu kimi, İsveçdə aktiv siyasi fəaliyyətlə məşğul olmasa da, siyasi prosesləri yaxından izləyir: “Seçkiyə çox az zaman qalıb. Bələdiyyələrdə kürdlərin, ermənilərin daha çox təmsil olunduğunu nəzərə alsaq, qarşıdan gələn seçkidə namizədlər arasında azərbaycanlıların olması sevindiricidir. İsveçlilərin mühacirlərə münasibəti yaxşı deyil. Hətta "İsveç demokratları" adlı partiya mühacirlərin ölkədən çıxarılması üçün təbliğat aparır. Son seçkilərdə partiya çox sayda səs toplayıb. Təkcə bu fakt mühacirlərə münasibətin göstəricisi ola bilər. İsveçdə şəxslərin partiya daxilindəki imici önəmlidir. Partiya üzvlərinin tərtib etdiyi siyahıda ön sırada yer almaq o deməkdir ki, səni parlamentdə, yaxud da bələdiyyədə görmək istəyirlər. Seçkidə iştirak edən həmyerlilərimə uğurlar arzulayıram!"

 

İsveçdə yaşayan həmyerlimiz Rasim Cabbarov “Yeni Müsavat”a bildirdi ki, İsveçdə xeyli sayda azərbaycanlı yaşayır və onların bir qismi fəal şəkildə siyasətlə məşğul olur: “Bildiyiniz kimi, 44 günlük müharibəyə qədər iki ölkə arasında o qədər də sıx münasibət yox idi. Lakin indi vəziyyət dəyişib.  Biz İsveçdə qalib ölkənin vətəndaşları kimi yaşayırıq. Ümid edirəm ki, bundan sonra münasibətlər yaxşılaşacaq. Biz də bacardığımız qədər fəal olacağıq. Biz Vətənimiz üçün əlimizdən gələni edirik. Fürsətdən istifadə edib sizin vasitənizlə həm səfirlikdən, həm Azərbaycandakı müvafiq qurumlardan dəstək gözləyirik. Avropada seçib-seçilmək hüququ olan, ali təhsilli, dövlət qurumlarında çalışan həmyerlilərimiz çoxdur. çoxdur. Onlarla maraqlansalar, yaxşı olar”.

R.Cabbarov qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada, o cümlədən İsveçdə enerjidaşıyıcılarının, ərzaq məhsullarının qiyməti qalxıb: “Seçkidə iştirak edən partiyalar seçilmək üçün bu məqamdan da istifadə edir. Avropada son zamanlar rasizm baş qaldırıb. Əvvəllər seçkilərdə hansı millətin nümayəndələrinin iştirak edəcəyinə diqqət etmirdilərsə, indi vəziyyət dəyişib. "Svero demokratlar" parlament seçkilərində daha aktiv iştirak edirlər.

Sentyabrın 11-də keçiriləcək seçkilərdə Güney Azərbaycandan olan Mahmud Bilginin iki qızı fəal iştirak edir. Onlardan biri Aylin Fazelian Sosial Demokratlar Partiyasının Mərkəzi Komitəsinin üzvüdür, seçki siyahısında ikinci yerdədir. Seçilmə şansı çox yüksəkdir.  Aida Kərimli isə Mərkəzi Partiyada Qadınlar Komitəsinin sədridir, region siyahılarında adı birincidir. Bələdiyyə seçkilərində Turan Əliyev, Duman Radmehr aktivdirlər. Vətəndaşlığı olan azərbaycanlılar seçkilərdə iştirak edirlər".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR