Onlayn ictimai-siyasi qəzet
İsveç hakimiyyəti miqrantları öz ölkələrinə qayıtmağa həvəsləndirmək üçün maliyyə dəstəyinin həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu barədə məlumat İsveç hökumətinin saytında dərc olunub.
İsveç cəmiyyətinə inteqrasiya olunmamış insanlara verilən müavinətlərin artırılması İsveç Nazirlər Kabinetinin ölkənin miqrasiya siyasətində islahatlara dair təklifləri sırasındadır.
İsveç Miqrasiya Xidmətinin portalında yer alan məlumata görə, könüllü vətəninə dönmək istəyən miqrantlara ödəniş indi böyüklər üçün 10 000 İsveç kronu (967 ABŞ dolları), eləcə də hər uşağa 5 000 kron (483 dollar) və bütün ailə üçün 40 000 kron (təxminən 3 900 dollar) təşkil edir. Artımdan sonra müavinətin ölçüsü 2026-cı ilə qədər adambaşına 350.000 kron (demək olar ki, 34.000 dollar) olacaq.
Parlamentin miqrasiya siyasəti üzrə sözçüsü Lüdviq Asplinqin sözlərinə görə, könüllü qayıdış miqrasiyasının təşviq edilməsi prioritet məsələdir. Üstəlik, mövcud qrantın həcminin kəskin artırılması təklifi ondan praktiki olaraq istifadə edilməməsi ilə bağlıdır.
Bu tədbirlər nəticəsində azərbaycanlı miqrantlar İsveçdən ölkəyə qayıdacaqmı? Ümumiyyətlə, İsveçdə bizim nə qədər mühacirimiz var və İsveçə gedib, sonra geri dönən mühacirlərimiz və miqrantlarımız olub?
Azər Allahverənov
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov bu barədə Bakıxeber.com-a açıq mənbələrdə İsveçdə 30 min azərbaycanlı yaşadığını deyib: “Amma bəlli deyil ki, bunların nə qədəri Azərbaycan Respublikasının vətəndaşıdır. Fikrimcə, onların əksəriyyəti İsveç vətəndaşıdır. Qalanları isə orada qaçqın statusu almış və ya qanunvericiliyin imkan verdiyi şəkildə qanuni olaraq orda yaşayan insanlardır. Ona görə də azərbaycanlıların könüllü vətənə qayıdışı az ehtimal edilir”.
Onu da qeyd edək ki, İsveç hökuməti miqrantları bundan əvvəl bildirmişdi ki, vətənlərinə köçməyə həvəsləndirmək üçün maliyyə dəstəyini hətta 35 dəfə artırmaq niyyətindədir. Məlumata görə, büdcə layihəsində hökumət miqrasiya siyasətinə 2025-ci ildə 513 milyon kron (49,63 milyon ABŞ dolları), 2026-cı ildə 2 milyon 559 milyon kron (247,55 milyon ABŞ dolları), 2027-ci ildə isə 1 357 milyon kron (137 milyon ABŞ dolları) ayıracaq.
Hökumət qaçqınların qəbulu və geri qaytarılmasının, qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin daha səmərəli aparılmasını təklif edir. Bəyanatda o da vurğulanır ki, vəsait həmçinin dələduzluq, sui-istifadə, “kölgə cəmiyyəti” ilə mübarizə, əcnəbilər üzərində daxili nəzarətin genişləndirilməsi və miqrasiya məhkəmələrinin büdcələrinin artırılması üçün istifadə olunacaq.
Qeyd edək ki, öz ölkələrinə qayıtmaq istəyənlər üçün maliyyə dəstəyi İsveçdə 1984-cü ildən mövcuddur. Hazırda o, adambaşına 10 min kron (935 ABŞ dolları), ailə başına isə maksimum 40 min kron (3,7 min ABŞ dolları) təşkil edir. Səlahiyyətlilərin məlumatına görə, 2026-cı ilə qədər adambaşına düşən dəstəyin 350 min krona (təxminən 34 min ABŞ dolları) qədər çatdırılması təklif edilir.
İsveçdə yaşayan Qarabağ müharibəsi veteranı, şəhid Sənanın qardaşı Kənan Hacıəkbəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Həmin məbləğ o adamlara təklif edilir ki, onlar burada ömürlük oturum üçün icazə alıblar. Bu, vətəndaşlıq deyil, oturumdur. Avropada, eləcə də İsveçdə yaşam haqqı var, bu onlara şamil olunur. Hələ ki məsələ parlamentdə müzakirə olunur, tam təsdiqlənməyib. Amma işləri miqrasiyada olanlar təslim olub, cavab gözləyirlər. Bu onlara aid edilmir. Son bir neçə ayda azərbaycanlıları geri göndəriblər, deport edirlər, incidirlər, qanunları sərtləşdirirlər”.
Kənan Hacıəkbəroğlu
K.Hacıəkbəroğlu əlavə edib ki, miqrantlarla bağlı İsveçdə sərt qərarlar verilir: “Əksinə, İsveç dövlətə gələnlərlə bağlı çox sərt qərarlar qəbul edir. İş oturması, evliliklə bağlı sərt tələblər irəli sürür. Misal üçün, əvvəllər iş oturumu 4 illik idi. İki illik alırdın, sonra iki il də vaxtı uzadılırdı. Dörd ildən sonra ömürlük oturum ala bilirdin. Əvvəllər aylıq 1300 manat maaş göstərirdin, rahat iş oturumu ala bilirdin. İndi iş oturumu üçün olan bu məbləği artırıblar, maaş aylıq 2750 avro olmalıdır, hələ vergini də ödəməlisən. Vergi də burada 35-38 faizdir. Bu zaman iş verənlə işçi arasında çox böyük mübahisə yaranır. İşçi deyir nəyə görə vergi ödəməliyən, bundansa İsveç vətəndaşlığını qəbul edərəm. 2 il müddətini də 6 il etdilər. 6 il 35-38 faiz vergi ödəməlisən, bundan sonra hələ baxırlar həmişəlik oturum verəcəklər, ya yox. Siyasi fikirlərinə görə bura gələnlərin sənədləşmə işlərini isə çox çətinləşdiriblər. Oturum almaq demək olar mümkünsüzdür. Evlilik üçün əvvəllər bir il gözləməli idin. Onun da şərtlərini o qədər sərtləşdiriblər ki. İndi müddət də üç il olub. Misal üçün, azərbaycanlı qızla evlənmisənsə, 3 il orada gözləməlisən ki, nə vaxt qərar verəcəklər. Burada şəxsi evin olmalıdır. İş yerin olmalıdır, heç bir qanun pozuntusu da olmamalıdır. Banklara borcun belə olmamalıdır. Görün nə qədər çətinləşdiriblər. Bura gəlmək, burada yaşamaq çox çətinləşdirilib. Bir sözlə, burada havanı belə pulla verirlər, havayı heç nə yoxdur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ