Onlayn ictimai-siyasi qəzet
İsrailin İranda yüksək rütbəli hərbi rəhbərlərin aradan qaldırılmasına yönəlmiş gizli hərbi əməliyyatı barədə yeni təfərrüatlar ortaya çıxıb. İsrailin “Walla” xəbər portalı bu əməliyyatın aylarla davam edən hazırlıq mərhələsi və strateji hədəfləri barədə məlumat yayıb.
Əməliyyatın planlaşdırılması 2024-cü ilin payızında, İsrailin bir otelində keçirilən 10 saatlıq qapalı müşavirə ilə başlayıb. Müzakirələrin əsas mövzusu İranın hava hücumundan müdafiə sisteminin zəiflədilməsi, raket imkanlarının məhdudlaşdırılması və nüvə obyektlərinin zərərsizləşdirilməsi olub.
İsrail hərbi komandanlığı əməliyyata “sərt, qeyri-adi və ildırım sürətli” taktika ilə düşməni iflic etmə vəzifəsi qoyub. Əsas plan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Ordusunun rəhbərliyini eyni anda məhv etmək idi ki, bu da onların əks-hücum imkanlarını tam şəkildə sıradan çıxarsın. Bu məqsəd uzaq məsafələrdə — təxminən 1500 km aralıda yerləşən hədəflərə qarşı yüksək dəqiqlikli hazırlıq tələb edirdi.
Əməliyyata “Qırmızı Toy” (Red Wedding) adı verilib. Bu ad məşhur “Taxt Oyunları” serialındakı qəfil və amansız qətliam səhnəsinə istinaddır. İsrail ordusu da bu taktikanı eyni dərəcədə qəfil və təsirli şəkildə həyata keçirmək niyyətində olub.
2025-ci il iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri əvvəlcədən seçilmiş hədəflərə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH komandanı və fövqəladə əməliyyatlar üzrə komandan yerindəcə zərərsizləşdirilib — bəziləri yuxuda olarkən. Ardınca İran Hərbi Hava Qüvvələrinin rəhbərliyi də bunkerdə məhv edilib.
“Walla” portalına danışan mənbənin sözlərinə görə, hücumdan sonrakı ilk dəqiqələrdə İranda tam xaos hökm sürüb:
“Əmr verə biləcək heç kim qalmamışdı. Cavab koordinasiyası mümkün deyildi".
Nəticədə İsrailə qarşı istifadəyə hazır minlərlə ballistik raket qeyri-aktiv vəziyyətdə qalıb. İran yalnız bir neçə saat sonra məhdud cavab zərbələri endirə bilib.
Əldə edilən uğur o qədər böyük olub ki, İran hərbi rəhbərliyi hələ də tam bərpa olunmayıb.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ