İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin həyəcanlı Ukrayna xəbərdarlığı - müharibə böyük miqyas alır?

İsrailin Ukraynadakı səfirliyi öz vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb. Səfirlik Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarına yəhudilərin yığcam yaşadığı Uman şəhəri daxil olmaqla Ukraynaya səfər etməməyə çağırıb: “Ukraynada əhalinin məskunlaşdığı ərazilərə və mülki obyektlərə, o cümlədən ölkənin mərkəzində və qərbində raket zərbələri və hava hücumları təhlükəsi qalmaqdadır. Bu, həyat üçün real təhlükədir”.

Bəyan olunub ki, İsrail səfirliyinin əməkdaşları daimi əsaslarla Ukraynada deyillər və ehtiyac olduğu halda konsulluq yardımı göstərə bilməyəcəklər.

Ən güclü kəşfiyyata malik İsrailin səfirliyinin xəbərdarlığı belə qənaət formalaşdırır ki, yaxın günlərdə Rusiya Ukraynaya misli görünməmiş, genişmiqyaslı hücum edə, xaotik planla şəhərlərə, o cümlədən də Kiyevə bombalar yağdıra bilər. Ukraynanın müttəfiqləri bu xəbərdarlıqdan sonra hərəkətlənibmi? Rusiyanı dağıdıcı hücumdan çəkindirmək mümkün olacaqmı?

1643263575_0001.jpg (19 KB)
Azər Hüseynov: “Ukrayna dünyanın ən böyük real hərbi gücü ilə üz-üzədir”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov İsrailin bu cür çıxışlarını normal sayır: “Birincisi, onu deyim ki, İsrailin Rusiya ilə bağlı xəbərdarlıqlarının yükünə son zamanlar hər iki ölkə arasında yaşanan son böhranlar təsir edə bilər. Bununla belə İsrailin xəbərdarlığında həqiqi bir təhlükədən də söhbət gedə bilər. Çünki onsuz orada savaş var. Silahlar işləyir. Buna görə də insanlarının can güvənliyi məsələsində xüsusilə diqqətli olan İsrailin belə məlumatlarla çıxış etməsi normaldır. Əslində, İsrail burada mövqe göstərir. Bir də müharibə olan ölkələrdə olan insanlara əlavə xəbərdarlıq edilməsinin başqa da səbəbləri ola bilər, xüsusilə yəhudilərin sıx məskunlaşdığı şəhərin adının qeyd edilməsi. Bəlkə də gələcəkdə hansısa bir insan tələfatında Rusiyanın günahkar olduğunu ortaya qoymaq üçün bu ola bilər. Qaldı ki Kiyevin müttəfiqlərinə, Ukraynanın ərazilərinin bir qismi işğal edilib, əhalisi didərgindir. İqtisadiyyatı çöküb. Ukrayna bəlkə də 50, hətta 100 il geri gedib. Eyni zamanda, müharibənin başlanğıcında bizim bəzi bölgələrin ləhcəsi ilə desək ağzından "alov çıxan" müttəfiqləri nə edir? Özləri Azərbaycana sığınır ki, bu da əladır. Qoy elə bizdən asılılıqları artsın. Onsuzda xarici siyasətlərində ehtiyac onları yönəltməsə, Türk İslam Dünyasının siyasi təmərküzləşməsi onları və orada toplanan qlobalist mərkəzləri narahat edir. Dönək sualınıza, müttəfiqlər nə edir? Özləri qaz istehlakını azaltmaq üçün əhaliyə çağırış edir. Qışın çətin keçəcəyini dilə gətirirlər. Eyni zamanda, bir sıra iş dairələri Rusiya ilə bu cür yanaşmalardan dolayı rəhbərliklərini tənqid edir. Hətta Rusiya ilə bağlı bir sıra sanksiyalar bu və ya digər şəkildə aradan qaldırılır. İngiltərə kimi dünya dövlətində hökumət böhranı olur. Bilirsinizmi nə üçün? Çünki Boris Conson ənənəvi ingilis xəttindən çıxaraq amerikanist bir yanaşma ilə Rusiya ilə probemlər yaşadı. Halbuki ingilislər həmişə Rusiyanın tarixən Avropada Fransa və Almaniyaya qarşı nəzarət altında ola biləcək güc olmasını istəyiblər. Ukrayna isə dağılır, məhv edilir. Rusiya hərbi gücləri hər gün yeni-yeni bölgələri işğal edir. Bəzi analitiklər də Ukraynanın hərbi məkanda qəfil furor edəcəyini və Rusiyanı geri atacağını söyləyir. Halbuki, elementar hərbi bilikləri olan mütəxəssis belə bilir ki, ümumqoşun fəaliyyətində komplekt istifadə edilə biləcək silahlar olmasa hansı əks hücum ola bilər. Əks hücum üçün əlaqəli şəkildə artilleriyanın komplektləşdirilmiş batareyalarla işləməsi, piyada qoşunlarının hissələrinin əlaqəli hücuma keçə bilməsi üçün real və rezerv imkanlarının olması, aviasiyanın isə yuxarıdan dəstəkləməsi lazımdır. Vardırmı bu Ukraynada? Müharibə başlayanda müsahibələrimdə daim demişdim ki, Zelenski hökuməti müharibə davam edərsə içindən çatlayacaq. Zelenski gündə bir xain tutur, işdən çıxarır. Və haradadır, bu müttəfiqlər? Onlar yenə bir iki "dartma yaxam cırıldı" silahlardan Ukraynaya verəcək və maksimum halda bəyanatlar "guppuldadacaqdır". Ukrayna isə dünyanın ən böyük real hərbi gücü ilə üz-üzədir. Var olsun, yenə Türkiyə! Var olsun Türk İslam Siyasi ənənəsində ədalət anlayışı”.

sehla celilzade.jpg (119 KB)
Şəhla Cəlilzadə: “Vəziyyətin Ukraynanın deyil, Rusiyanın lehinə dəyişdiyini görürük”

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə proseslərin daha da gərginləməyə doğru getdiyini qeyd etdi: “Rusiyanın Ukraynadakı müharibəsi artıq 5 ayını tamamlayıb, 6-cı aya keçid edib. Qısa müddətdə müharibənin başa çatdırılması planları puç olub və Ukrayna rəsmiləri müharibənin başa çatmaqdan xeyli uzaq olduğunu, aylarla, hətta bəlkə illərlə davam edəcəyini qeyd edir. Bu əsnada Rusiyanın İrandan aldığı PUA-lar və müharibəni daha da genişləndirəcəyinə dair iddialar gündəmi zəbt edib. Bu gün ABŞ-ın Ukraynadakı səfirliyinin facebook səhifəsində Rusiyanın Ukraynadakı növbəti hədəfinin 24 fevraldan bəri tutduğu ərazilərin anneksiyasının təşkil edilməsi olduğu yazılıb. Bu fikir daha öncə ABŞ rəsmisi Con Kirbi tərəfindən də səsləndirilmişdi. O da qeyd edilir ki, bu addım birbaşa olaraq Ukraynanın suverenliyinin pozulması deməkdir.  Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin bu cür qatı şəkildə pozulmasına ABŞ və müttəfiqlərinin sərt cavab verəcəyi də statusa əlavə olunub. ABŞ kəşfiyyatı müvafiq anneksiya ilə bağlı təhlükə xəbərini artıq bir həftədir ki, sosial şəbəkələrdə və mediada paylaşır. Hətta 11 sentyabrda Xerson və Zaparoje əyalətlərində Rusiya tərəfindən psevdo-referendum təşkil olunacağı, Donetsk (DXR) və Luqanskda (LXR) isə artıq bu cür psevdo-referenduma hazırlıq prosesinin getməkdə olduğu da xəbərlər arasında yer alır. Ukraynanın, o cümlədən dövlət rəhbəri Zelenskinin Ukraynanın işğal olunmuş torpaqlarının Rusiya tərəfindən geri qaytarılması baş tutmadan sülhə getməyəcəyini açıq şəkildə bildirməsi isə yaxın zamanlarda məsələnin həll oluna bilməyəcəyini, əksinə daha da gərginləşəcəyini təxmin etməyə əsas verir. Bəzi xarici ekspertlər isə, xüsusilə Rusiyanın Ukraynada uğurlu əməliyyatları baş tutarsa, vəziyyətin nəzarətdən çıxma və hətta ətraf ölkələrə də yayılma ehtimalının olduğunu qeyd edir. Bu ehtimalla bağlı əsas arqument olaraq Rusiya XİN-i Lavrovun bu günlərdə media açıqlamasında Avropa ölkələrinin Ukraynanı uzaq-mənzilli raketlərlə təmin edəcəyi halda münaqişənin Ukrayna sərhədlərindən kənara çıxacağı ilə təhdid etməsi qeyd edilə bilər. Bütün bunları nəzərə alan İsrail kəşfiyyatı təbii olaraq öz əhalisini Ukraynaya səfərlərdən çəkinməyə dəvət edir. Qeyd edim ki, regional münaqişələrin qızışdığı ərəfələrdə kəşfiyyat məlumatları əldə edən dövlətlər adətən bu cür çağırışlar edirlər. Ukraynanın həm də dünyanın ən geniş yəhudi icmalarından birinə ev sahibliyi etməsi İsrailin həssaslığını artıran məqamlardandır. Burda müxtəlif ekspertlərə görə 50 min, yaxud 400 min yəhudi yaşayır. İstənilən halda Qərbin Ukraynanı silahlarla təmin etməsi davam etdiyi müddətdə Rusiyanı çəkindirmək mümkün olmayacaq və münaqişənin nə zaman sonlanacağını və nə qədər genişlənəcəyini təxmin etmək hazırki vəziyyətdə çətindir. Lakin vəziyyətin Ukraynanın deyil, gedərək daha çox Rusiyanın lehinə dəyişdiyini görürük. Mart ayında İstanbul danışıqlarında münaqişə xəritəsində sadəcə DXR və LXR var idi, indiki halda isə Xerson və Zaparoje də var”.

b2c7e0184efe3d7ddb9500227a899398.jpg (72 KB)
İdrak Camalbəyli: “Kiyevə hücum hər an gözlənilir, amma...”

 Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ilə əlaqə saxladıq: “Əlbəttə ki, Rusiyanın hərbi təcavüzü Ukraynada yaşayan hər bir kəsin həyatına təhlükə yaradır. Müharibə başlayan gündən onlarla azərbaycanlı Ukraynada həlak olub. Nə qədər ki, müharibə bitməyib risklər böyük olaraq qalır. Ümumiyyətlə, müharibənin getdiyi 5 ay ərzində Rusiya tərəfindən son model “Kinjal” raketi bir dəfə atılıb. Söhbət burada daha çox Rusiyanın Kiyevə hücumu ən müasir raketlərlə etməsindən gedir. Politoloqlar deyirlər ki, Boris Conson Kiyevə gələndə bu raketlərdən istifadə niyə etmədilər. Buna əsasən də təhlükənin olmadığını söyləyənlər var. Əslində bu da yanlış fikirdir. Kiyevə hücum hər an gözlənilir. Amma paytaxtın qorumasının çox güclü olduğunu deyə bilərik. Bundan çıxış edərək, hələ ki, böyük bir təhlükə görünmür. Hücum olarsa da, qarşısının alınacağını düşünürəm. ABŞ da bir müddət öncə vətəndaşlarını Ukraynadan çıxmağa çağırmışdı. Əslində bu da normaldır. Hər bir ölkə bunu edə bilər. “Kinjal” raketindən Rusiyada 40 dənə olduğu bildirilir. Bu raketi vurmaq çox çətindir. Ona görə də, Kiyevə hücum olarsa, bu raketlərdən istifadə olunacağını indidən ehtimal etmək olar”.

Cavanşir ABBASLI,

“Musavat.com”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR