Onlayn ictimai-siyasi qəzet
Qəzza olaylarına görə iki strateji müttəfiqimiz - Türkiyə və İsrail arasında söz dueli şiddəti ilə davam edir. Özü də ən yüksək səviyyədə. Ancaq təkcə söz savaşı olsaydı, dərd yarı idi.
Əfsus ki, diplomatik əlaqələr qısa zamanda minimuma enib, faktiki kəsilib. İsrail öz səfirini geri çağırıb və bəyan edib ki, Ərdoğan prezident ikən geri göndərilməyəcək. Halbuki uzun fasilədən və böyük zəhmətlərdən sonra ikitərəfli münasibətlər təzə-təzə qaydaya düşmüşdü. Səfir mübadiləsi edilmiş, İsrail prezidentinin qardaş ölkəyə ziyarəti reallaşmışdı. Həmçinin Baş nazir B.Netanyahunun səfəri razılaşdırılmış, konkret gün müəyyənləşmişdi. Bundan əlavə, tərəflər arasında qaz anlaşmasına hazırlıq gedirdi və imzalanmaq üzrə idi. Hər şey sıfırlandı.
Təbii ki, Azərbaycan üçün də üzücü mənzərədir. Ehtimal ki, İran başda olmaqla Qəzza avantürasını planlayanların bir hədəfi də strateji bir bölgədə Azərbaycan-İsrail-Türkiyə hərbi-geosiyasi, təhlükəsizlik üçbucağına imkan verməmək, hətta Ankara və Bakı arasında soyuqluq yaratmaq olub...
Yəhudi dövləti ilə qardaş dövlətin münasibətləri neçə gündür daha bir sınaqla üzləşib. Yanvarın 11-dən Beynəlxalq Cinayət Məhkəməsində (BCM) Roma Statutunun üzvü olan Cənubi Afrika Respublikasının şikayəti əsasında Qəzzada Soyqırımı Konvensiyasının pozulması ittihamı üzrə İsrailə qarşı iddia ilə bağlı dinləmələrə başlanıb.
Şikayəti Türkiyə də dəstəkləyir. Bu xüsusda Prezident R.T.Ərdoğan deyib: “Biz Haaqa Məhkəməsinin ədalətinə inanırıq. İsrail orada mühakimə olunacaq. Netanyahunun məsuliyyətdən yayınmaq üçün heç bir arqumenti qalmayıb”.
Amma bəllidir ki, nə Türkiyə, nə də İsrail BCM-nin Roma Statutuna qoşulmayıb. Yəni BCM-nin qərarı onlar üçün məcburi deyil. Yalnız Statusu ratifikasiya edən ölkələr qərarı icra etmək zorunda. Bu mənada çıxarılacaq hökm yəqin ki, ilk növbədə yəhudi dövləti haqda beynəlxalq rəyə təsir edəcək...
Bu arada İsrail xarici işlər naziri İsrael Katz özünün X sosial şəbəkə hesabında sensasion sayılacaq fikir paylaşıb: “Öz tarixində erməni soyqırımı olan bir ölkənin - Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan indi İsrailə qarşı əsassız ittihamlarla öyünür. Biz erməniləri, kürdləri xatırlayırıq. Sizin tarix özlüyündə hər şeyi deyir. İsrail məhv etmir, yalnız sizin barbar müttəfiqlərinə qarşı özünü müdafiə edir”.
Dərhal qeyd edək: ilk dəfədir ki, yəhudi dövlətinin yüksək çinli rəsmisi qardaş ölkəyə qarşı belə ittiham irəli sürür.
Arayış üçün bildirək ki, indiyədək qondarma soyqırımı iddiasını əsasən xristian ölkələri tanıyıb. Onların da hamısı yox. Məsələn, Böyük Britaniya, Gürcüstan, Belarus, Macarıstan, Bolqarıstan, Ruminiya, Çexiya, Meksika, Braziliya və s. istisnadır. İslam dünyasından isə yalnız yarım-müsəlman, Fransaya bağlı Livan bu addımı atıb. Eləcə də Çin, Hindistan, hər iki Koreya daxil olmaqla, ümumilikdə 170-dən çox dövlət tanınmaya getməyib (Dünyada 200-ə yaxın dövlət var).
İsrail isə ermənilər üçün məxsusi anlamdadır yazsaq, yanılmarıq. Mənfur tayfa bununla bir neçə hədəfə nail olmaq istəyir. Onların arasında ən önəmlisi yəhudi və Türk xalqların arasını həmişəlik vurmaq, düşmənçilik və etimadsızlıq yaratmaqdır. Haylar əla bilir ki, Türkiyə və Azərbaycan üçün də, İsrail üçün də bu “qıpqırmızı xət”dir.
Gözlənildiyi kimi, İsrail XIN rəhbərinin yuxarıdakı statusu antisemitizmin tüğyan elədiyi monoetnik Ermənistanda məmnunluq hissi yaradıb. Sanki gözlərinə “işıq” gəlib. Niyə də gəlməsin. Vurğulandığı kimi, ermənilər, onların lobbisi həmişə çalışıb ki, nəinki iki ölkə arasında, Türk və yəhudi diasporları arasında da daim gərginlik yaşansın. Altını isə həm də Azərbaycan çəksin...
Bəs cənab Katzın açıqlaması nəyin siqnalıdır, parlament (Knesset) tanınma məsələsinə qayıda bilərmi, hansı ki, Ermənistanın çoxdankı arzusudur və dəfələrlə buna cəhd edib? Rəsmi Təl-Əviv gerçəkdənmi “qırmızı cizgi”ni keçər?
İnanmırıq. Axı hər iki ölkədə hakimiyyətlər gəldi-gedərdi. Türk və yəhudi xalqları və onların köklü maraqları isə əbədi. Dəqiq olan budur ki, İsrail dövləti və toplumu hazırda çətin və tarixi bir sınaqdan keçir – “genosid” sınağı. Bütün anlamlarda.
Hər şey qırağa, tarixdə erməni "soyqırımı"nın olmadığını hamıdan yaxşı elə yəhudi xalqı bilir. Əminik ki, bu müdrik xalq İsrail və Türk düşmənlərini sevindirəcək qərara izn verməz. Heç vaxt...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ