Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağında altı girovun HƏMAS tərəfindən öldürülməsinə dair xəbər İsraildə etiraz aksiyalarının keçirilməsinə təkan verib. Çünki ölkədə Baş nazir Benyamin Netanyahuya müxalif qüvvələr əvvəllər də müharibənin gedişinə qarşı çıxış ediblər.
Məlumatlara əsasən, sentyabrın 1-də İsrailin paytaxtı Təl-Əvivdə 120 mindən çox vətəndaşın iştirakı ilə mitinq keçirilib. Aksiyanın təşkilatçıları isə bu rəqəmin yarım milyonu keçdiyini irəli sürüblər. HƏMAS-la müharibənin getdiyi bir vaxtda ölkə üzrə çoxminlik etiraz tədbirinin keçirilməsi ilk baxışdan qanunauyğun görünmür. Ancaq bu, həm də İsrail dövlətinin gücündən, təhlükəsizliyi təmin etmə imkanlarından və demokratiyanın sərbəst toplaşmaq azadlığı şərtinin pozulmadığından xəbər verir.
Bəs aksiya niyə keçirilir? Etirazçılar girov götürülənlərin ailə üzvləri ilə həmrəy olduqlarını bildirərək İsrail hökumətindən Qəzza zolağında saxlanılan bütün israillilərin sərbəst buraxılması çərçivəsində HƏMAS-la razılıq əldə edilməsini istəyirlər.
Mitinqdə meydana qətlə yetirilən məlum altı girovun İsrail bayrağı ilə örtülən simvollaşdırılmış tabutu qoyulub. Səhnədən isə HƏMAS-ın girovluğunda olan israillilərin adları səsləndirilib.
Mitinqdə ölkə üzrə tətil çağırışları da edilib. Təl-Əvivdə keçirilən aksiyada Ümumisrail Həmkarlar Təşkilatının başçısı Arnon Bar-David isə bildirib ki, tətil elan edib ölkə iqtisadiyyatını iflic etmək elə sadə məsələ deyil. Bununla yanaşı tətilin də qaçılmaz olduğunu vurğulayıb.
Sentyabrın 2-də həmkarlar federasiyası ümumi tətil elan edib. Federasiyaya üzv olan heç də bütün qurumlar bu aksiyaya qoşulmayıb. Bununla belə həmkarlar təşkilatına daxil olmayan özəl sektorun təmsilçiləri aksiyaya qoşulduqlarını bildirib.
Məlumata görə, dövlət xidmətinin, bank, poçt sektorunun işçiləri tətil edəcək. İsrail elektrik şirkəti şənbə günü rejimində işləyəcək. Bir neçə avtobus şirkəti, “Metropoliten” aksiyaya qoşulduqlarını bildirib. Qüdsdə (Yerusəlim), Təl-Əvivdə tramvaylar fasilələrlə işləyəcək. Ben-Qurion hava imanı qismən tətil edəcək.
Həmkarlar təşkilatı bildirib ki, dəniz limanları işləməyəcək. Ancaq limanların fəhlə komitələrində məsələ ilə bağlı fikir ayrılığı var. Məlumata görə, Aşdod limanı adi rejim üzrə işini davam etdirir.
Bəzi özəl klinikalar tətildə iştirak etsə də, dövlət xəstəxanaları şənbə günü rejimində fəaliyyət göstərir. Bələdiyyələrdə tətildə iştirakla bağlı fikir ayrılığı var. Tətil etməyəcək 34 bələdiyyə arasında bunlar yer alıb: Yerusəlim (Qüds), Aşdod, Netanya, Ramla, Kiryat Şmona, Aşkelon, Dimon, Nahariya, Sderot, Holon, Petah Tikva, Safed, Ariel, Yəhudeya və Samariya.
Orta məktəbin 9-12 siniflərinin müəllimləri də aksiyada iştirak etməyəcək. Müəllimlərin Həmkarlar Təşkilatı bəyan edib ki, yerli vaxtla saat 11.45-dək məktəblərdə dərs keçirilməyəcək, uşaq bağçaları isə işləməyəcək.
Universitetlər tətilə qatılıb, ancaq ehtiyat və psixometrik imtahanlar adi rejimdə davam edir. “Wix”, “Fiverr”, “Honeybook”, “Playtika”, “Riskified”, “AppsFlyer”, “Monday” də daxil olmaqla 40-a yaxın yüksək texnoloji sənaye müəssisəsi də aksiyaya qoşulub.
“BiG” və “Ofer” kimi ticarət mərkəzləri də işləməyəcək.
Yaxın saatlarda tətil əleyhinə açılan iddialara üç fərqli instansiyada - Ali məhkəmə, regional əmək məhkəməsi və Ümumisrail Əmək Məhkəməsində baxılacaq.
İsrailin “Kanal 11”, “Kanal 12” və “Kanal 13” kimi televiziya şirkətləri də axşam saatlarında əyləncə proqramlarını ləğv edərək onun yerinə Qəzza zolağındakı girovlarla bağlı proqramlar yayımlayacaqlarını bildirib.
Girovların ailələri Baş nazir Benyamin Netanyahunu günahlandıraraq bildiriblər ki, o, Qəzza-Misir sərhədindəki Filadelfiya dəhlizini əldə saxlamaqda israr edir və bununla da girovların mübadiləsi razılaşmasına qarşı çıxır. Hökumət başçısı isə qalan girovların sərbəst buraxılmamasında anlaşma əldə olunmamasında HƏMAS-ı ittiham edir.
Girov və əsirlərin azad edilməsi məsələsində İran hakimiyyəti HƏMAS-ın irəli sürdüyü təklifi dəstəkləyir. Hərəkat İsrail həbsxanalarındakı bütün tərəfdarlarının azad edilməsini, hərbçilərin zolaqdan çıxarılmasını, uzunmüddətli atəşkəsin təmin olunmasını istəyir. Çünki HƏMAS təmsilçiləri hər israilli hərbçiyə görə 500 fələstinlinin, hər başqa girova görə 250 nəfərin sərbəst buraxılmasını istədiklərini bildirmişdilər. Ancaq rəsmi Təl-Əviv 500-ün 50-yə, 250-nin isə 30 nəfərə endiriməsini istəmişdi.
Bu şərtə HƏMAS razılıq verməyib.
ABŞ Prezidenti Cozef Bayden isə Qəzza zolağında atəşkəs haqqında təklifləri nəzərdən keçirir və yekun razılaşmanı yaxın günlərdə təqdim edəcəyini bildirib.
Qısaca olaraq mitinq, tətil, nümayiş və tələblərlə bağlı məlumatı diqqətinizə çatdırdıq.
Göründüyü kimi etirazçılar İsrail hökumətinin, hərbçilərinin Qəzza zolağında apardığı əməliyyatlara qarşı deyil. Aksiya iştirakçıları heç Netanyahu və onun kabinetinin istefasını belə tələb etmirlər. Tətil isə İsraili əhatə etməyib. Onlar müharibənin, yaxud hərbi əməliyyatların dayandırılması haqqında şüarı səsləndirməyiblər. Bu isə İsrailin zolaqda apardığı əməliyyatların dəstəklənməsi anlamına gəlir. Onların əsas istəyi girovların azad edilməsidir.
Daxildəki və xaricdəki bir sıra qüvvələr girov və əsir məsələsindən İsrailə, xüsusən Netanyahuya təzyiq vasitəsi olaraq istifadə edirlər. Əməliyyat başlayandan sonra İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS-la müharibənin üç mərhələdən ibarət olacağını bildirmişdi: birinci mərhələ HƏMAS yaraqlılarını məhv etmək və onların infrastrukturuna ziyan vurmaq üçün təyyarələrdən istifadə edərək daha sonra isə yerüstü manevrlərlə zərbələr endirməkdən ibarətdir.
İkinci mərhələ daha az intensivlikli döyüş əməliyyatlarını, müqavimət ocaqlarının aradan qaldırılması üzərində işi əhatə edir.
O, üçüncü mərhələyə isə Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması, gündəlik həyata görə məsuliyyətin İsrailin üzərindən götürülməsi və İsrail xalqının təhlükəsizliyi ilə bağlı yeni reallığın yaradılması daxil olduğunu bildirmişdi.
Bununla yanaşı İsrail hökuməti HƏMAS və Fələstindəki başqa qanunsuz silahlı qruplaşmaların, onların liderlərinin zərərsizləşdirilməsi, onların bölgədən uzaqlaşdırılmasının da əməliyyatın başlıca hədəflərindən olduğunu bildirib.
Ona görə də ehtimal etmək olar ki, etiraz aksiyaları İsrail hökumətinin başlıca hədəfinə qarşı tuşlanmayıb. Onlar heç hərbçilərin İordan çayının qərb sahilində başlayacağı əməliyyatlardan da bəhs etməyiblər. Odur ki, tətil, etiraz aksiyası müəyyən mənada Benyamin Netanyahu hökumətinin apardığı əməliyyatın dəstəklənməsinə də xidmət edir.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ