Onlayn ictimai-siyasi qəzet
Musavat.com bildirir ki, son günlər İran və İsrail arasındakı münasibətlər ciddi şəkildə gərginləşib. Yaxın Şərqdə qarşıdurmaların artması və hər iki ölkənin bir-birinə qarşı sərt addımlar atması nəticəsində, bu qarşıdurmanın hər an daha böyük müharibəyə çevrilə biləcəyi ehtimalı getdikcə güclənir. Xüsusilə də, İsrailin son aylarda Livanda həyata keçirdiyi hücumlar və Tehranın regiondakı proksi güclərini ölümünə vurması vəziyyəti kritik həddə çatdırıb.
Musavat.com-un diplomatik kanallardan və beynəlxalq mediadan əldə etdiyi məlumatlar göstərir ki, İsrail Tehrana genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Bu zərbənin İranın strateji obyektlərini və əsas hədəflərini məhv etməyi hədəflədiyi bildirilir. Tehran sakinləri isə bu ehtimal qarşısında narahatdırlar.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsünün bu gün fars dilində yaydığı açıqlama, Tehranda yaşayanları təcili təxliyəyə çağırır. Açıqlamada bildirilir ki, İnqilab Keşikçiləri Korpusu terror təşkilatına aid olan ünsürlər Tehran şəhərinin bəzi məhəllələrində gizləniblər və onların aradan qaldırılması üçün hərbi əməliyyatların həyata keçirilməsi labüddür. Tehran sakinlərindən bu təhlükəli ərazilərdən uzaq durmaları və əlavə təlimatları gözləmələri tələb olunur.
Bu çağırışın ardınca, İsrailin Tehranı vurması artıq reallığa çevrilmək üzrədir. Belə bir hücum, bölgədə böyük miqyaslı toqquşmalara səbəb ola bilər və beynəlxalq ictimaiyyətin narahatlığı da bu təhlükənin nə qədər yaxın olduğunu göstərir. İsrailin bu əməliyyatı nəticəsində həm İran daxilində, həm də beynəlxalq səviyyədə geosiyasi mənzərənin kəskin dəyişəcəyi gözlənilir.
Əgər İsrail Tehranı birbaşa hədəf alarsa, bu, Yaxın Şərqdə güclü domino effekti yaradacaq. İranın regiondakı müttəfiqləri İsrailə qarşı daha genişmiqyaslı hücumlar həyata keçirə bilər. Bu isə qlobal müharibənin başlamasına səbəb ola bilər. Digər tərəfdən, ABŞ-ın indiki anda bu vəziyyətə nə qədər aktiv müdaxilə edəcəyi də sual altındadır.
İndi beynəlxalq ictimaiyyətin gözləri İsrailin atacağı növbəti addıma yönəlib. Tehran sakinləri isə böyük təhlükə ilə üz-üzədirlər. Gələcək günlər Yaxın Şərqin taleyini müəyyən edə biləcək kritik bir mərhələ ola bilər.
Musavat.com xatırladır ki, Tehranda 6-7 milyon Azərbaycan türkü yaşayır. Tehran dünya üzrə azərbaycanlıların ən sıx yaşadığı 1-ci şəhərdir. İsrailin təhdidi həm də birbaşa onlara yönəlib. İranda yaşayan Azərbaycan türklərinin tam sayı isə 40 milyona yaxındır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ