Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin yay turizm mövsümü ölkəmiz üçün müəyyən çətinliklərlə yaddaşlara köçməkdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələn turistlərin sayında geriləmə var. Turizm eksperti Ceyhun Aşurov deyir ki, regionda və dünyada baş verən müxtəlif geosiyasi hadisələr Azərbaycana turist axınına mənfi təsir edib.
Ekspert Musavat.com-a açıqlamasında Pakistan və Hindistan arasındakı müharibə, Rusiya-Ukrayna münaqişəsi, eləcə də İran və İsrail arasında yaranan gərginliklər fonunda hava məkanlarının bağlı olmasının dünyada, eləcə də ölkəmizdə turizmə təsirsiz ötüşmədiyini bildirib: “Münaqişələr ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının kəskin azalmasına səbəb oldu. Hindistandan gələn turistlərin azalması isə Azərbaycana gələn ümumi turist sayına ciddi təsir göstərdi”.
Ekspert əlavə edib ki, turist sayının az olması yay mövsümündə fəaliyyət göstərən otellər və turizm şirkətləri üçün maliyyə çətinlikləri yaradıb: “Otellərin sabit xərcləri icarə haqları, maaşlar və digər xərclər mövcud olduğu halda gəlirlər kəskin azalıb. Bu isə turizm sektorunda müəyyən sınaq ili kimi qiymətləndirilə bilər”.
Ceyhun Aşurovun sözlərinə görə, turizm yalnız iş yerlərinin yaradılması deyil, həm də ölkəyə valyuta axını deməkdir: “Turistlərin sayı və xərcləmələri az olduğuna görə digər sahələrə dolayısı ilə təsir göstərir. Ümid edirik ki, Şərqi Avropa, ərəb ölkələri və Çin kimi ölkələrdən gələn turistlərin sayı yaxın gələcəkdə artacaq və bu, turizm sənayesinə müsbət təsir göstərəcək”.
Sultan Məmmədli
Musavat.com
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ