İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-İran razılaşmasının şifrələri - “Məqsədlərə çatdıqdan sonra” şərti nə deməkdir?

İsrail və İranın atəşkəs razılaşmasından sonra əsas suallardan biri də atəşin tam olaraq nə vaxt kəsilməsi ilə bağlıdır.

Razılaşma İsrailin 12 gün ardıcıl olaraq İrana hava zərbələri, İranın İsrailə raket və pilotsuz təyyarə hücumları və ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra baş tutub. İran İsrailin hücumlarını dayandırdığı müddətcə atəşi dayandırmağa hazır olduğunu, İsrail hökuməti isə “məqsədlərə çatdıqdan sonra” bu təkliflə razılaşdığını bildirib.

Birləşmiş Millətlər Təşkilatına (BMT) görə, atəşkəs termininin atəşin dayandırılması hərbi əmrindən irəli gələn vahid, hamı tərəfindən qəbul edilmiş tərifi yoxdur:

“Bu, atəşkəsi döyüşən tərəflərin bunu necə başa düşməsindən asılıdır”.

Bununla belə, BMT qeyd edir ki, atəşkəslə döyüşlərin dayandırılması arasında çox vaxt fərq var:

““Hərbi əməliyyatların dayandırılması” adətən döyüşü dayandırmaq üçün qeyri-rəsmi razılaşmadır. Atəşkəs daha formal xarakter daşıyır və adətən atəşkəsin məqsədi, sonrakı siyasi proses və digər amilləri əhatə edir. Razılaşmada həmçinin hansı hərbi əməliyyatlara icazə verildiyi və hansının qadağan edildiyi, həmçinin atəşkəs rejiminə necə nəzarət ediləcəyi də göstərilə bilər”.

RAMİL.jpg (213 KB)

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, real atəşkəsə nail olmaq üçün zamana ehtiyac var:

“İsrail və İran arasında 12 günlük intensiv hərbi toqquşmalardan sonra əldə olunmuş atəşkəs razılaşması daha çox taktiki pauza xarakteri daşıyır, nəinki real, institusional və beynəlxalq nəzarətə açıq atəşkəs rejimi. Bu, klassik mənada nə tərk-silahla, nə də qüvvələrin geri çəkilməsi ilə müşayiət olunur. Üstəlik, tərəflərin hər biri bu razılaşmaya fərqli prizmadan yanaşır.

İran tərəfi açıq şəkildə bəyan edir ki, əgər İsrail hücumlarını dayandırsa, o da hücum etməyəcək. Bu, birbaşa “eyni güc reaksiyası” prinsipinə əsaslanır. Lakin bu, hüquqi və diplomatik baxımdan atəşkəs deyil, sadəcə hərbi güc balansının qorunmasına yönəlmiş, qeyri-rəsmi qarşılıqlı razılaşmadır”.

Ramil Məmmədli bildirib ki, İsrail tərəfinin “məqsədlərə çatdıqdan sonra” atəşkəsə razılaşdığını bildirməsi əldə olunan atəşkəsi sual altına qoyur:

“Bu, əslində, şərtli və birtərəfli iradə bəyanatıdır və gələcəkdə yenidən hərbi əməliyyatlara başlaması üçün İsrailə siyasi və əməliyyat manevr imkanları saxlayır. Hazırda mövcud olan vəziyyəti klassik atəşkəs anlayışı ilə izah etmək çətindir. BMT-nin də vurğuladığı kimi, atəşkəs yalnız tərəflər arasında hərbi əməliyyatların rəsmi və qarşılıqlı şəkildə dayandırılmasını nəzərdə tutan razılaşmadır. Lakin burada nə tərəflər arasında vasitəçi ilə imzalanmış sənəd var, nə də bu rejimə beynəlxalq nəzarət mexanizmi tətbiq olunub.

Bu kontekstdə İsrail-İran razılaşması 2023-cü ildə HƏMAS-la əldə olunan humanitar atəşkəsdən də daha zəif hüquqi baza üzərində dayanır. Orada heç olmasa girov mübadiləsi və humanitar yardım planlaşdırılmışdı. Hazırkı İsrail-İran razılaşmasında isə nə əməliyyat planı, nə də konkret müddət bəllidir. Əldə olunan razılaşma daha çox hər iki tərəfin müvəqqəti olaraq qüvvələrini yenidən qruplaşdırmaq və növbəti mərhələyə hazırlaşmaq üçün istifadə etdiyi pauzadır. Xüsusilə ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda Tehran üçün hərbi təhdid səviyyəsi daha da yüksəlib. Bu isə onu daha ehtiyatlı davranmağa vadar edir.

Bundan əlavə, bu növ qeyri-formal razılaşmaların tarixdə tez-tez pozulduğunu da nəzərə almalıyıq. Livanda və Sudanda olduğu kimi, ilkin atəşkəslər ya sülhə, ya da yeni döyüşlərə yol aça bilər. Tərəflərin mövqeləri və ritorikası isə ikinci ehtimalın daha güclü olduğunu göstərir.

Nəticə etibarilə, mən bu razılaşmanı atəşkəsdən daha çox hərbi toqquşmanın texniki fasiləsi kimi dəyərləndirirəm. Bunun davamlı sülhə aparan yol olacağına dair hazırda real əsas yoxdur”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR