Onlayn ictimai-siyasi qəzet
Əmircanda küçədəki Yeni il çilçırağını işıqfora qoşmuşdular və məzəli mənzərə yaranmışdı. Yaşıl işıq yananda dekorasiya parlayırdı, sarıya keçəndə göz vururdu və sairə. Lakin əlaqədar orqanlar işin üstünə düşdülər, toku ayırdılar, hətta xəbərdarlıq da etdilər ki, bir də belə iş görülməsin, çünki işıqfora başqa qurğular qoşmaq yol hərəkətini tənzimləməyə mane olurmuş.
Nahaq yerə. Niyə mane olsun? Bizdə dəmir yolundan evinə işıq çəkənlər var. Bu Yeni il bəzəyi və işıqfor dueti bəlkə Santa Klausun maral qoşulmuş arabasına yol göstərmək üçün idi.
Ümumiyyətlə, kainatda heç nə itmir, nə də yaranmır, biləsiniz. Hər şey bir-biri ilə əlaqəlidir, harmoniyada yaşanır. Misal üçün, Nərimanov rayon prokurorunun dövlətçiliyimizə tam uyğun Usubov soyadı daşıyan bir müavini vardı, nədənsə keçən il işdən çıxardılar, bu il isə yoldaşın adı maraqlı cinayət işində zərərçəkən qismində gedir. Kimsə dələduzluq edib, 3-4 nəfərin pulunu fırladıb, bunlardan biri də keçmiş müavindir. Qapazlanan məbləğ də az-azlıq deyil, lotu düz 2 milyon 500 min dolları ələ keçirmişdir və bu pulun 945 min dolları həmin Usubovun imiş.
İndi hansısa sarsaq sual verər ki, keçmiş rayon prokuror müavinində 1 milyon dollar haradan idi? Lakin bizim aramızda sarsaqlara yer yoxdur! Şair demişkən: “Olmasaydı cahanda sarsaqlar, Əlbət ki, ac qalardı yaltaqlar”. Camaat yolkaya svetofordan işıq çəkir, Qar qıza putyovka alıb Dubaya birgə istirahətə gedir, sən nə qoyub, nə axtarırsan...
Bunlar hamısı təhsildən yaranır. Çox oxuyuruq, başımız şişir. Ona görə də hərdən görürsən mətbuatda başlıq getdi: “Məktəbin direktor müavini mühafizəçinin cinsiyyət orqanını kəsdi”.
Fantaziyaya bax. Gör bu adam direktor müavini olana qədər hansı yüksəliş mərhələlərindən, hansı təkamül sınaqlarından keçmişdir. Öldürüb, doğrayıb, aparıb haradasa basdırıb. Necə ki, hazırda təhsil ocaqlarımız bizim xəyallarımızı, arzularımızı doğrayıb basdırmaqla məşğuldur. (Sanki bir az kəskin oldu, yola verin, getsin. Yazıda həmişə Dubay şokoladı olmur ki. Hərdən Meksika istiotu, Hindistan kobrasının zəhəri, nə bilim, Avstraliya hörümçəyinin tüpürcəyi də lazımdır. Əks halda, müəllif oxuculara qoşular, xorna çəkib fil qulağında yatışarıq, işıqforlar əldən gedər).
Baş rolda Robin Uilyamsın oynadığı “Arzular hara aparır” adlı film var. Orada qəhrəman intihar etmiş arvadının ardıyca cənnətdən cəhənnəmə yollanırdı. Allaha şükür, bizdə vəziyyət hələ o dərəcədə dramatik deyil və qəzetimizin əməkdaşı təzəlikcə “Həzi Aslanov” metrosu tərəfə yollanmış, orda küçəyə axan kanalizasiya suları barədə reportaj hazırlamışdı. Reportajdan bir cümlə məni çox təsirləndirdi, çünki deyir iki gündür su yola axır, lakin baxan yoxdur.
İki gün. Təsəvvür elə. Artıq buna da dözmürlər. Halbuki mən Biləcəridə, düz dəmiryol vağzalında bir kanalizasiya axıntısı görürəm, yalan olmasın, iki ildir dayanmadan oradadır. Hətta arada Amazon çayının suyu azaldı, lakin o kanalizasiyanın suyu qurumadı. Vağzal ərazisində göllənən çirkab suları oradan dəmir yoluna axır, şəhərimizin qonaqlarını nəcasət iyi ilə, cəsarətlə qarşılayır! Nəcis çayının bəzi hissələrində öz fauna və flora aləmi olan gölməçələr əmələ gəlmişdir. Sakinlər süni göllər üzərindən tullanaraq olimpiadaya hazırlaşır. Lakin bu, kiminsə vecinədirmi? Su-kanal idarəsi artıq hara tabe olduğunu da qarışdırıb. Vağzalın müdiri isə böyük ehtimalla “Anna Karenina” romanını oxuyur, çirkabı kəsməyə vaxtı yoxdur.
Kanalizasiya sularını vağzalda parovoza doldursan, qatarın sürəti artar. Məncə, belə ixtiraçı ideyalarımızla biz milli “İlon Mask” yetişdirərik.
Yaxud çirkab suları ilə işıqforu sulasaq, bərəkətli, GMO-suz, kərə ətirli foton məhsulu əldə etmək olarmı?
Yazını məşhur əmircanlı şairimizin işıqfor haqda şeirindən bir bəndlə bitirirəm: “Dünya qəfil işıqlansa, Görərdik kimin əli, kimin cibindən çıxır”. (Guya oğurluq ancaq qaranlıqda olur).
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ