İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD Suriyada yenidən dirçəlir – “Xilafət” qurmaq üçün ikinci cəhd

Yaxın Şərq regionunu qana boyayan İŞİD və ya “İslam Dövləti” adlandırılan terrorçu qruplaşma yenidən dirçəlir. Təşkilat zəif bənd kimi gördüyü Suriyada hücumlarını xeyli artırıb.

Suriyanın hökumət ordusunun 30-a yaxın əsgəri Əl-Meyadin şəhəri yaxınlığında “mücihad”lərin pusqusunun qurbanı olduqdan sonra ərəb respublikasının Xarici İşlər Nazirliyi təqsiri hökumətin nəzarətində olmayan ərazilərdə yerləşdirilən ABŞ hərbi kontingentində görüb.

Bu, İŞİD-in aktivləşmə cəhdlərinin ilk epizodu deyil. Tədqiqatçılar hesab edirlər ki, radikallar liderlərinin aradan götürülməsinə baxmayaraq, potensiallarını qoruyub saxladıqlarını nümayiş etdirməyə çalışırlar.

Suriya XİN-in bəyanatında deyilir ki, İŞİD-in hücumlarının intensivləşməsinə görə ABŞ silahlı qüvvələri məsuliyyət daşıyır. “ABŞ hərbçiləri Deyr əz-Zor əyalətində pusquya düşən suriyalı əsgərləri qətlə yetirən terrorçuları himayə edir”, - agentlik əmin olduğunu bildirib: “Bu cinayətkar hücum ABŞ-ın Suriya və bütün regionla bağlı planlarını həyata keçirmək üçün alət kimi istifadə edənlər tərəfindən həyata keçirilib”.

Nazirliyin fikrincə, Vaşinqton “işğalı uzatmaq üçün vəziyyəti qeyri-sabitləşdirir”.

Suriyanın xarici siyasət idarəsi “beynəlxalq hüquqa uyğun olaraq”, öz torpaqlarının Amerika, İsrail və Türkiyə qoşunlarının işğalından azad edilməsinə nail olacağına söz verib.

30-a yaxın suriyalı əsgərlə dolu avtobusu pusquya salan İŞİD döyüşçülərdən bəzilərini ələ keçirə bilib. Genişmiqyaslı hücuma cavab olaraq Suriya ordusunun komandanlığı xüsusi təyinatlı dəstələrini Deyr əz-Zora, Bədia əş-Şərqiyyə səhrası bölgəsinə göndərib. Bir qayda olaraq, terrorçuların mobil qrupları oradan ordunun nəzarət-buraxılış məntəqələrinə və nəqliyyat kolonlarına hücumlar təşkil edir. Ərazidə tez-tez reydlərin keçirilməsinə baxmayaraq, özünü “xilafət” elan edən tərəfdarların fəaliyyəti tam dayandırılmayıb: bu ilin əvvəlindən Britaniyada yerləşən Suriya insan haqları müşahidə qrupu (SOHR) bu cür hadisələrdə atışmalarda 400 nəfərin öldüyünü bildirib.

İyulun sonundan bəri İŞİD hücrələri bölgədə prezident Bəşər Əsədə yaxın qruplara qarşı bir neçə döyüş əməliyyatı həyata keçirib. “Əl-Modon”un Livan nəşri qeyd edir ki, qrup üzvlərinin fəaliyyəti ABŞ ordusunun və onun müttəfiqi olan “Suriya demokratik düvvələri”nin nəzarətində olan ərazilərdə - kürdlərin üstünlük təşkil etdiyi çoxmillətli ittifaqda özünü büruzə vermir. İŞİD-in əsas zərbə hədəfi hökumət qoşunlarının və onları dəstəkləyən iranpərəst nizamsız dəstələrin mövqeləridir. “Al-Modon”a müsahibə verən analitiklər əmindirlər ki, “islam xilafəti” yaratmaq istəyən terrorçular möhkəmlənmək və öz ərazi nüvələrini bərpa etmək niyyətindədirlər.

SOHR qurucusu Rami Abdel Rahman deyib ki, İŞİD mümkün qədər çox insanın ölümünə səbəb olmaq üçün son vaxtlar qanlı hücumlarını gücləndirir, çünki bu, Suriyada olan bütün aktorlara terrorçu təşkilatın heç yerə getmədiyi haqda mesaj verməkdir. Terrorçular həm onlara qarşı mübarizənin aktiv mərhələsinin başa çatmış hesab edilməsinə , həm də İŞİD-in ail rəhbərliyinin aradan götürülməsinə cavab verməyə çalışırlar.

Ekspertlər etiraf edirlər ki, xarici güclərin terror qruplaşmasının liderlərinə dəqiq zərbələr endirmək üçün müntəzəm cəhdləri İŞİD-in təbliğatçılarının əlinə oynayır və onlar bunu yeni səfərbərlik alətinə çevirirlər. Artıq bəzi ölkələrdən gənclərin yenidən Suriyaya, “cihad”a cəlb olunması faktları qeydə alınıb.

İŞİD-in yeni “xəlifəsi” (2022-ci ilin sonundan vəzifədə olan) Əbu əl-Hüseyn əl-Hüseyni əl-Quraşinin öldürülməsi faktını cihadçı təşkilat bu ay yayıb. Yaraqlıların məlumatına görə, o, Suriyada fəaliyyət göstərən digər terror qruplaşması olan “Həyat Təhrir əş-Şam” ilə toqquşma zamanı güllələnib. İddialara görə, HTŞ üzvləri İdlib vilayətində İŞİD liderini ələ keçirməyə cəhd ediblər. Bu, Türkiyə tərəfinin versiyası ilə ziddiyyət təşkil edib. Rəsmi Ankara bildirmişdi ki, “xəlifə” birbaşa Türkiyə hərbçilərinin əməliyyatı nəticəsində məhv edilib.

Analitiklər əmindirlər ki, İŞİD artan hücumları ilə Suriyadakı xarici güclərin sayıqlığını yoxlamaq istəyir.
ABŞ ordusu uzun müddətdir ki, İran qüvvələrinin fəaliyyətinə və onların hərəkət marşrutlarına diqqət yetirir. Beynəlxalq Böhran Qrupunun son hesabatında qeyd olunur ki, Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə güvəndiyi qiyamçı qrupların faydalılığı son dövrlərdə xeyli azalıb. İlk növbədə, söhbət at-Tanf-da yerləşən xüsusi təlim keçmiş qruplardan gedir. BBQ-nin ekspertləri etiraf edirlər ki, bu, amerikalıların öz hərbi kontingentini bu cənub-şərq zonasında saxlamaq həvəsini azaldır.

Eyni zamanda, cihadçılar Rusiya və ABŞ arasında artmaqda olan gərginliyin onların işinə yarayacağını düşünürlər. Bu, onların öz imkanlarını yenidən yoxlamaq iştahını artırır.

Bu arada Bəşər Əsədin Türkiyə və Fars körfəzi ölkələrinin ona atdığı "xilasedici kəmər"dən imtina etməsi, hələ də başı öz daxili problemlərinə qarışmış Rusiya və İrana güvənməsi  onun korafəhmliyinin göstəricisi hesab oluna bilər. 

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR