İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın bitməyən genosid həyasızlığı

Köçmən ermənilərdən saxta ifadələr alınır; Çingiz Qənizadə: “Belə sərsəm araşdırmalarla Azərbaycana qarşı nəsə etmək qeyri-mümkündür”

 “Etnik təmizləmə” nağılı ilə bağlı Azərbaycana qarşı heç bir dəlil-sübut tapa bilməyən Ermənistan indi də başqa hiyləyə əl atıb. Belə ki, Ermənistanın İstintaq Komitəsi Qarabağdan köç etmiş ermənilərə müraciət edərək, onları “Azərbaycanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı əllərindəki sübutları təqdim etməyə” çağırıb.

“İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən (?! - red.) qətllər, sağlamlığa zərər vurma, bir etnik qrupun tamamilə və ya qismən məhv edilməsinə şərait yaradılması faktlarının araşdırılmasını davam etdirir. Bir sıra mülki şəxslərin və hərbçilərin yeri məlum deyil və bu hallar da araşdırılır. Belə hallarla bağlı məlumatı (foto, video, sənəd və digər materiallar) olan vətəndaşlardan 055-04-45-XX, 095-26-33-XX, 010-200-1XX nömrələri ilə İstintaq Komitəsinə müraciət etmələri xahiş olunur. Şöbə məxfiliyə zəmanət verir”, - idarənin çağırışında deyilir.

Bundan bir neçə gün öncə erməni blogerlərdən biri - Natali Aleksanyan yazmışdı ki, Ermənistandakı müəyyən dairələr bəzi Qarabağ sakinlərindən müxtəlif vasitələrlə (təhdid, şirnikləndirmə və s.) Azərbaycan əleyhinə ifadələr almağa, Bakıya qarsı faktlar toplamağa çalışırlar. Lakin Aleksanyan bu cəhdləri haqlı olaraq, əbəs adlandırmışdı, çünki hər şey dünyanın gözü qarşısında baş verib.

Yəqin, ağızlarında 1915-ci il hadisələrini saxtalaşdırmağın şirəsi qalıb. Bəs bu kimi “stəkanda fırtına”lar Azərbaycana hansısa problem yarada bilərmi, nəzərə alsaq ki, qarşımızda dünyanın ən peşəkar tarix saxtakarları dayanıb?

Çingiz Qənizadə: Azərbaycan Ordusu Vətənin hər qarış torpağını qorumağa  qadirdir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin apardığı istintaq Azərbaycan üçün hər hansı bir hüquqi nəticəyə səbəb olmayacaq: “Etnik təmizləmə ”mən öz evimə gəlirəm, sən zəbt etdiyin evimdən çıx get" deməklə hüquqi qiymət veriləcək bir məsələ deyil. Biz Xankəndinə və Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə özümüzün suveren hüququnu qorumaq, eyni zamanda suveren hüquqlarımızı bərpa etmək üçün dədə-baba yurdlarımıza qayıtmışıq. Hansı ki, bu zaman separatçılarda bizlərə atmaq üçün yüzminlərlə, milyondan da çox silah-sursat aşkar olunub. Onlar dövlətimizi təhdid edirdilər. Biz bu bölgəyə separatizmi yox etmək üçün gəlmişik. Erməni icma rəhbərləri tərəfindən mülki ermənilərə qarşı çağırışlar edilərək bölgəni tərk edin deməsi, heç də Azərbaycanın məsuliyyət daşıması demək deyil. Separatçılar bunu bilərəkdən edirdilər ki, gələcəkdə bu cür Azərbaycana qarşı müəyyən yaramaz, dünya ictimaiyyətini aldada biləcək siyasi və hüquqi addımlar atsınlar. İndi də əlləri hər yerdə əlləri üzülən separatçı ermənilər Baş İstintaq Komitəsi tərəfindən sağlamlığa zərər vurma. Bir etnik qrupun tamamilə və ya qismən məhv edilməsinə şərait yaradılması faktlarının araşdırılması ilə bağlı istintaq hərəkətləri aparırlar. Bu məqsədlə də Qarabağdan öz xoşları ilə gedən, gedəndə mal-mülklərini, unitazlarını belə aparan etnik ermənilərə müraciətlər edirlər. Bu onlara nə verəcək?

Halbuki bu etnik ermənilərin Qarabağdan köçü dünya ictimaiyyətinin gözü qarşısında olub və Azərbaycan ordusu separatçı rejimin real hərbi hədəflərini məhv edib. 1 nəfər də olsun mülki şəxsə qarşı güc tətbiq olunmadı. Biz yüzlərlə fakt çəkə bilərik ki, Qarabağdan öz xoşu ilə gedən ermənilərə “getməyin” dedik, yolda qalanlara su, çörək verdik. Jurnalistlər gedən ermənilərdən videomüsahibələr götürüblər, telekanallardan yayılıb. 1 nəfər erməni belə onlara təzyiq göstərilməsindən, təqib olunmasından danışmayıb, heç buna eyham da vurmayıb. Əksəri də açıq-aşkar deyib ki, bizə icma rəhbərləri “Qarabağdan Ermənistana köçün” söylədiklərini gizlətməyiblər. Belə olan halda hansı istintaqdan söhbət gedə bilər?"

Çingiz Qənizadə deyib ki, özlərinin yaramaz, xəstə təxəyyüllərinə uyğun olaraq yarıtmaz istintaq başladılması heç bir nəticə verməyəcək: “Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejim və onun dəstəkçiləri azərbaycanlılara qarşı olmazın qanlı cinayətlər törədiblər. Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin mülkiyyətini darmadağın ediblər. Bu gün Azərbaycanın Qarabağ bölgəsindəki şəhərlərimiz, kəndlərimiz xaraba vəziyyətindədir. Bu ürəkağrıdan, erməni separatçılarının törətdiyi cinayətlərin əyani sübutu olan xarabalıqları xarici mətbuat nümayəndələri, ölkəmizdəki müxtəlif dövlətlərin hərbi attaşeləri də  öz gözləri ilə görüblər. Hansısa 10-20 min nəfərdən ifadə almaqla heç nəyə nail olmayacaqlar”.

Çingiz Qənizadə bildirib ki, dinc, birgəyşayışa hazır olan hər bir erməni qayıdıb Azərbaycan torpağında yaşaya bilər: “Buyurub gəlsinlər, qapılar açıqdır.1987-ci ilə qədər Azərbaycan ərazisində yaşamış etnik ermənilər qayıdıb gələ bilərlər. Evlərinə də kimsə toxunmayıb, qapıları qıfıllanıb və Azərbaycan polisi tərəfindən qorunur. Bu baxımdan erməniləri bu cür cılız, yaramaz və biabırçı hərəkətləri hətta onları dəstəkləyən dövlətlərin də gözündən düşəcəklər. Belə sərsəm araşdırmalarla Azərbaycana qarşı nəsə etmək qeyri-mümkündür”.

Çingiz Qənizadə bildirib ki, bu araşdırmaların sonunda iddia qaldıracaqlarsa, ev-eşiyindən didərgin salınmış 800 min Azərbaycan vətəndaşı da iddia qaldıracaq: “30 il öz dədə-baba yurdlarından didərgin salınmış, əmlakları talanmış, şikəst olunmuş, yaxınlarını itirmiş, evləri yerlə bir edilmiş Azərbaycan vətəndaşlarının iddiaları ilə üzləşəcəklər. Bu cür oyunbazlıqların heç bir hüquqi nəticəsi ola bilməz. Azərbaycan 1 günlük antiterror əməliyyatı zamanı bütün atdığı addımları videoya çəkərək bütün dünyaya göstərib və bəyan edib. Azərbaycan ordusu separatçı rejimin real hərbi hədəflərini nöqtə atışları ilə məhv edib. Bu gün Azərbaycana qarşı hansısa çirkin  kampaniyanın aparılması ermənilərə nə hüquqi, nə də mənəvi cəhətdən başucalığı gətirməyəcək. Unutmaq olmaz ki, Avropada, beynəlxalq məhkəmələrdə erməniləri dəstəkləyən, erməni lobbisinin təsiri altına düşmüş insanlar var. Buna baxmayaraq onların da qəbul etdiyi qərarlar Azərbaycan üçün o qədər də önəmli olmayacaq. Avropa belə addımlarla bu gün Azərbaycanı özündən uzaqlaşdırır və belə mənasız, xülyadan başqa heç nəyə əsaslanmayan istntaqların qənaətləri ilə hərəkət edəcəklərsə, bunun da bir faydası olmayacaq. Ermənistan da bilməlidir ki, belə siyasi riyakarlıqlarla heç vaxt uğur qazana bilməyəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR