Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz uğrunda mübarizə intensivləşməkdə davam edir. ABŞ və Qərb bu regionu Rusiyanın təsir dairəsindən çıxartmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışır. Kremldə də ABŞ və Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən qurmağa çalışdığı müəmmalı oyunların əsas hədəfini anlayırlar.
Ona görə də, ABŞ və Qərbin rəsmi İrəvanı məmnun edən əksər siyasi addımları Rusiya tərəfindən açıq müqavimətlə qarşılanır. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfərindən üzübəri Kreml Ermənistanın “sürüşkən xarici siyasət”inin nəticələrinə əks reaksiya göstərir. Kreml N.Pelosinin səfərini də regionda qarışıqlıq yaratmaq cəhdi kimi dəyərləndirmişdi.
Eyni zamanda, Qərb siyasi dairələrinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə vasitəçilik cəhdləri də Kreml tərəfindən Rusiyanın əldə etdiyi nizamlanma nəticələrinin mənimsənilməsi olaraq, dəyərləndirilmişdi. Fransa prezidenti Emmanuel Makronun Ermənistanı açıq şəkildə dəstəkləyən açıqlaması ilk olaraq, elə Kreml tərəfindən “vuruldi”. Erməni toplumu Fransa prezidentinin bütün diplomatik normaları aşan məntiqsiz iddialarından sevinməyə imkan tapmamış Kreml sahibi Vladimir Putin E.Makronu tarixini, səbəblərini və ümumi məğzini bilmədiyi mövzulardan danışmaqda suçladı.
Nəhayət, Avropa Birliyinin Azərbaycanla sərhəd bölgəsinə yerləşdirilmək üçün Ermənistana göndərilməsi qərarlaşdırılan müşahidə missiyasına da məhz Kreml sərt reaksiya verdi. Bu addımın regionda sülhün və sabitliyin bərpa olunmasına xidmət etmədiyini vurğuladı. Ardıncasa, Kreml KTMT müşahidəçilərini Ermənistana göndərəcəyinə eyham vurmaqla, bölgədə bu məsələ ətrafında rəqabətə hazır olduğunun mesajını vermiş oldu.
Belə görünür ki, ABŞ və Qərbin, eləcə də, Fransanın Ermənistanın üzərindən Cənubi Qafqazda fəallaşması Kremli əməlli-başlı qıcıqlandırmağa başlayıb. Böyük ehtimalla hansısa mərhələdə Kreml Paşinyan hakimiyyətinin “sürüşkən xarici siyasət” apararaq, Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma cəhdlərinə qarşı adekvat cavab verəcək. Yəqin ki, Rusiya öz regional forpostu olan Ermənistanı xəyanətə görə cəzalandırmaq məcburiyyətində qalacaq.
Təbii ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşdə aldığı cavab da Kremlin qıcıqlanmasının əlaməti sayıla bilər. Belə ki, erməni nazir Ermənistanın Rusiyanı strateji müttəfiq olaraq, arxasında görmək istədiyini vurğulamışdı. Rus nazir isə Cənubi Qafqazda üzünmüddətli sülhün və sabitliyin təmin edilməsinin yeganə yolunun məhz üçtərəfli anlaşmaların tam şəkildə israsına bağlı olduğunu bildirmişdi.
Rusiya təmsilçisi bununla dolayısı ilə Ermənistanın üçtərəfli anlaşmaların tam şəkildə icrasından yayındığına eyham vurur. Nəticədə regionda hərbi gərginliyin qalmasına və silahlı toqquşmaların baş verməsinə görə üstüörtülü şəkildə Ermənistanın günahkar olduğuna işarə edir. Və bu, rəsmi İrəvan üçün ciddi xəbərdarlıq mesajı sayıla bilər.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Rusiyanı Ermənistanın arxasında görmək istəsə də, əslində, rəsmi İrəvan öz davranışları ilə bunun qarşısını alır. Belə ki, Ermənistandakı ABŞ-ın gizli biolaboratoriyaları barədə Rusiya hələ də müfəssəl məlumat ala bilməyib. ABŞ-ın Ermənistandakı səfirliyinin tərkibində min nəfərdən çox əməkdaşın olması da Kremldə ciddi suallar doğurur. Kremldə hesab edirlər ki, həmin əməkdaşların mütləq əksəriyyəti ABŞ kəşfiyyatçılarıdır və onlar Rusiyaya qarşı fəaliyyət göstərirlər.
Digər tərəfdən, CİA şefi Uilyam Börnsün İrəvana səfərindən sonra Ermənistanın Rusiya əleyhinə davranışlarının intensivləşərək, ardıcıl xarakter alması da Kremldə narahatlıq doğurmaqdadır. Rusiya siyasi dairələri hesab edirlər ki, ABŞ və Qərb Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda yeni savaş məkanı yaratmaqla, Kremlə əlavə problemlər icad etməyə çalışır. Və rəsmi İrəvanın son davranışları da bu ehtimalları gücləndirir.
Məsələ ondadır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfəri çərçivəsində CİA direktorunun müavini ilə də görüşməsi kifayət qədər ciddi suallar doğurmuşdu. Bu görüşün əsas məqsədinin hansı məzmun daşıya biləcəyi son vaxtlara qədər müəmmalı olaraq, qalmaqdadır. Halbuki, bəzi önəmli məqamların da artıq aydınlaşmaq üzrə olduğunu qeyd etmək lazımdır.
Erməni mətbuatına etibarlı mənbələrdən sızan məlaumatlara görə, 30 sentyabrda ABŞ-dan İrəvana Federal Təhqiqatlar Bürosunun (FTB) 30 əməkdaşının gəldiyi iddia edilir. Onlardan 10 nəfərinin Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən rəsmən dəvət edildiyi bildirilir. Digərlərinin isə biznesmen, İT və sosial sahə üzrə mütəxəssisi statusu daşıdığı vurğulanır.
Maraqlıdır ki, FTB əməkdaşlarının İrəvana gəlişində əsas məqsədin Ermənistanın siyasət və biznes məkanını Rusiyayönümlü qruplardan “təmizlənməsi” olduğu iddia edilir. Eyni zamanda, Ermənistanda bank əməliyyatlarının araşdırılması və kartlarla ödəniş sisteminin nəzarətə götürülməsinin planlaşdırıldığı da bildirilir. Və Rusiya vətəndaşlarının bu xidmətlərdən istifadə imkanlarının tamamilə bloklanması nəzərdə tutulur.
Əsas ehtimallardan biri ondan ibarətdir ki, ABŞ və Qərb tərəfindən Ermənistanın KTMT-nı tərk etməsi barədə artıq qəti qərar verilib. Ona görə də, bir tərəfdən Paşinyan hakimiyyətinin daxili təzyiqlərə tab gətirməsi üçün müxalif siyasi qüvvələrə aid maliyyə vəsaitlərinin nəzarət altına alınması vacib hesab olunur. Və rəsmi İrəvan Qərbdən verilən bütün təlimatları tam şəkildə icra etmək niyyətindədir.
Bəzi məlumatlara görə, Rusiyadan uzaqlaşmağın qarşılığında Paşinyan hakimiyyətinə kifayət qədər ciddi vədlər verilib. Ermənistanın KTMT-dan çıxması ilə bağlı planın işə salınması isə 2023-cü ilin yaz ayları üçün nəzərdə tutulub. Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan da bir müddət öncə rəsmi İrəvanın gələn ilin fevralında KTMT-dan çıxmaq barədə proseduru başladacağını dilindən buraxmışdı. Və nəticədə baş nazir N.Paşinyan bunu bir neçə dəfə təkzib etmək məcburiyyətində qalmışdı.
Ehtimal olunur ki, gələn ilin yaz aylarında Ukrayna savaşı ətrafında yaranmış vəziyyət ən böhranlı mərhələyə keçəcək. Hadisələrin inkişaf dinamikası isə demək olar ki, nəzarət edilməyəcək qədər güclü və sürətli olacaq. Və məhz belə bir situasiyada Ermənistanın Ukrayna savaşında ağır durumda olan Rusiyanın təsir dairədindən qoparılması planlaşdırılır.
Görünüdüyü kimi, Ermənistanın arxasında görmək istədiyi Rusiyanı növbəti dəfə “arxadan vurmağa” hazırlaşır. ABŞ kəşfiyyatçıları sərbəst şəkildə Ermənistanda Rusiya əleyhinə fəaliyyət göstərə bilirlər. Rəsmi İrəvan böyük həvəslə bu prosesə öz töhfəsini verməyə çalışır. Və hətta Qərb xüsusi xidmət servislərinə məxfi məlumatların ötürülməsindən belə çəkinmir.
Bir müddət öncə NATO-nun baş ofisində görüşlər keçirtmiş Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dilindən buraxmışdı ki, rəsmi İrəvan Rusiya hərbi bazaları ilə bağlı məlumatları artıq ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat qurumlarına verib. İndisə, ABŞ kəşfiyyatının (FTB) daha 30 əməkdaşı Ermənistanda Rusiya əleyhinə fəaliyyətə başlayıb. Rusiyaya qarşı demək olar ki, artıq ikinci cəhbə açmış Ermənistan üçün isə bütün bunlar olduqca təhlükəli və riskli addımlardır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ