Onlayn ictimai-siyasi qəzet
Qriqoryan iddia edir ki, “uğurlu delimitasiya və demarkasiya yalnız bir xəritə ilə məhdudlaşmır” - Bakıdan reaksiyalar
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək. Bu barədə Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryan “Nws.am”a açıqlamasında deyib.
M.Qriqoryan vurğulayıb ki, hər iki ölkə tərəfindən razılaşdırılan təsdiq edilmiş iş proseduru var və ona əsasən görüşlərin nəticələri barədə mütəmadi olaraq məlumat verilir. Onun sözlərinə görə, növbəti görüşlə bağlı razılıq əldə olunmayıb, lakin yaxın vaxtlarda belə bir tədbirin təşkili aktuallaşacaq. Baş nazirin müavini həmçinin sərhədlərin delimitasiyası prosesində hüquqi əsasa malik topoqrafik xəritələrdən istifadənin vacibliyini vurğulayıb və bu məntiqin Almatı Bəyannaməsinin prinsiplərinə uyğun olmasının zəruriliyini qeyd etdi. Rusiya xarici işlər nazirinin müavininin sərhədlərin demarkasiyası üçün lazımi materiallar və xəritələrin yalnız Rusiya tərəfində olması barədə bəyanatına cavab olaraq Qriqoryan vurğulayıb ki, uğurlu delimitasiya və demarkasiya çoxlu materiallar tələb edir və bu iş müxtəlif istiqamətlərdə aparılır, yalnız bir mənbə ilə məhdudlaşmır.
Əlbəttə ki, Qriqoryanın delimitasiya ilə bağlı açıqlamaları heç bir məntiqə uyğun deyil. Burada hansısa topoqrafik xəritələrə istinad edilməsi ilə bağlı deyilən fikirlər əsassızdır. Xüsusilə də Almatı Bəyannaməsi əsasında sərhədlərin dəqiqləşdirilməsinin aparılması ilə bağlı Ermənistan tərəfinin təklifləri qəbuledilməzdir. Sözsüz ki, Bakı heç vaxt bu şərtlərlə razılaşa bilməz. Azərbaycanın delimitasiya və demarkasiya ilə bağlı məsələlərin aparılmasına dair mövqeyi bəllidir. Delimitasiya ilə bağlı tərəflər hansı metod üzərindən prosesi aparacaqlarsa, bunun üzərində işlənilməlidir. Burada tarixi-xronoloji, siyasi və digər yanaşmalar olacaqsa, həmin prinsiplərdən biri seçilməlidir. Məhz bu kontekstdə Azərbaycan Almatı bəyanatı əsasında prosesin aparılmasına razı olmayacaq.
Arzu Nağıyev
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son zamanlar Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Qaluzinin erməniləri Qarabağa qaytarıb, onların təhlükəsizliyini təmin edə biləcəkləri ilə bağlı açıqlamaları, eyni zamanda bu ölkənin Azərbaycandakı səfirinin “Qarabağ münaqişəsi artıq bitib” deməsi əsas faktorlardır: “Bütün bu açıqlamaların ciddi təsiri var. Ermənistandakı istər müxalif, istər iqtidar qüvvələri nəyin bahasına olur-olsun Rusiyanın regionda rolunun azalmasını istəyirlər. Bunu təbii ki, Qərb də istəyir və dəstəkləyir. Doğrudan da, atəşkəs pozulursa, onda vaxtilə gətirilən və vizual kəşfiyyatçı kimi fəaliyyət göstərən istər Fransanın, istər digər Qərb dövlətlərinin nümayəndələri niyə susur? Rusiya da, Qərb də burada vasitəçi olmaq istəyir. Eyni zamanda Azərbaycanın yürütdüyü müstəqil xarici və daxili siyasət Ermənistanı və onun havadarlarını qane etmir. Digər məqama nəzər salsaq görünən odur ki, cavab atəşi ilə məhv edilən ermənilərin kimlər olması da diqqət çəkir. Erməni mətbuatının məlumatına görə, şərti sərhəddə həlak olan erməni əsgərlər erməni terror təşkilatı olan "Yerkrapa"nın üzvləridir. Bu nə deməkdir? Ermənistan rəhbərliyi günahı belə boynuna götürürsə, başqa bir sual yaranır: bu terrorçular ora necə düşmüşdülər və ya Qərbin müşahidəçiləri bundan xəbərsizdilərmi? İki variant ola bilər: bu dəstələr hakimiyyətin özləri tərəfindən yaradılıb, ya da Qərbin ora gətirdiyi terrorçulardır". A.Nağıyev hesab edir ki, Ermənistan hakimiyyətinin son absurd bəyanatları, istər mina xəritələri ilə, istər delimitasiya ilə bağlı olsun, sülh müqaviləsinin imzalanmasına ziyan vuran konkret faktlardır: “Təbii ki, bir səbəb də budur ki, fevral ayının 24-ü Rusiya ilə Ukrayna arasındakı müharibənin ildönümüdür. Qərb regionda stabilliyin pozulmasında maraqlıdır. Çalışır ki, sülh bərqərar olmasın və Rusiyanı günahlandırsın. Bütün baş verən proseslərdə əsas məqam Rusiyanı regiondan uzaqlaşdırmağa, eyni zamanda onun təsirini azaltmağa, Azərbaycanın müstəqil siyasətinə mane olmağa istiqamətlənib. Buna da nail olmaq üçün Ermənistandan vasitə kimi istifadə edirlər”.
Qafar Çaxmaqlı
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirdədir ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi üçün yaradılmış komissiya müəyyən işlər görüb: “Komissiyanın demarkasiya və delimitasiya üzrə hansı prinsiplərlə işləməsi də müəyyənləşib. Amma bu işin sülh danışıqlarına qədər həll edilməsi müşküldür. Azərbaycan təklif etmişdi ki, bu məsələlərin dəqiqləşməsi vaxt aparacağından həmin məsələlər sülhdən sonra da aparıla bilər. Ermənistan Parlamentinin sədri bunu istisna etməmişdi və bu fikrinə görə tənqid hədəfi olmuşdu. Ermənilər 29,8 min kvadratkilometrlik ərazidə Ermənistanın tanınmasının da bu ərazilər çərçivəsində aparılmasını istəyirlər. Mher Qriqoryanın da Almatı Bəyannaməsini xatırlatması bu istəkdən doğur. Amma sərhədlərin təyini üçün başqa variantlar da var və tarixi xronoloji, torpaq üzərində və siyasi prinsiplərdən çıxış etmək olar. Ermənistanın təklif etdiyi 1975-ci il xəritələri də həmin prinsipləri əhatə etmir. Birinci, Ermənistan elan olunarkən onun ərazisi 9 min kvadratkilometr olub. Nə üçün həmin dövrün topoqrafik xəritələri nəzərə alınmır? Çünki Ermənistan bundan qaçır. Rəsmi İrəvan faktiki olaraq bu prosesin uzadılması üçün hər gün bir hoqqa çıxarır. Son nəticədə sülh sazişi gecikir”. Q.Çaxmaqlının sözlərinə görə, sülhü uzatmaqla Ermənistan dünyada gedən proseslərin onun xeyrinə dəyişəcəyinə və Qərbdən dəstək alacağına ümid edir: “Şübhəsiz ki, ortada işğal altında olan 8 kənd və Zəngəzur koridoru amili də bu prosesdə rol oynayacaq. Ermənistanın Zəngilan istiqamətində təxribatı da proseslərin uzadılmasına hesablanıb. Ermənistan sülhə gəlmir, onu məcbur etmək reallığı ortaya çıxır”.
E.PAŞASOY,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ