İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiyaya əvəzedici axtarışında - erməni ordusunu Hindistan quracaq?

Müharibədə darmadağın olmuş Ermənistan ordusu reabilitasiya edilir, İrəvanın Hindistandan ən çox dronların alınmasında maraqlıdır; Polkovnik: “Qısa müddətdə erməni ordusu nəyə nail ola bilər?”

Sirr deyil ki, kapitulyant Ermənistan 44 günlük müharibədə darmadağın edilmiş işğalçı ordusunu bərpa etməyin yollarını axtarır. Ancaq bundan ötrü ciddi maliyyə resursları, müasir hərbi kadr potensialı və əlbəttə ki, müasir və modern silahlar lazımdır. Bu isə yaxın və orta perspektiv üçün məğlub ölkəyə görünmür.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bununla belə, İrəvan ordunu toparlamaq cəhdlərini davam etdirir. Azərbaycanla sülh müqaviləsini uzatmağın tək motivi də elə budur: yeni ordu quruculuğu üçün vaxt qazanıb danışıqlar masası arxasına az-çox güclü mövqe ilə oturmaq. Bu arada “DNA İndia” nəşri yazıb ki, Ermənistan daha çox Hindistan silahları almaq istəyir. Xəbərdə Ermənistan hərbi nümayəndə heyətinin Hindistana son səfəri zamanı əldə etmək istədiyi silahların siyahısını hindli rəsmilərə verdiyi qeyd olunub. Nəşr qeyd edir ki, müharibə Rusiya hərbi texnikasının Türkiyə silahlarına, xüsusilə Bayraktar pilotsuz aparatlarına qarşı nə qədər yararsız olduğunu göstərdi.

Siyahı haqqında çox az şey bilinsə də, ermənilərin ən çox dronların alınmasında maraqlı olduğu üzə çıxıb. Adının çəkilməsini istəməyən Ermənistan rəsmisi “Qarabağdakı müharibə bizi müdafiə ehtiyaclarımıza yenidən baxmağa məcbur etdi” deyə bildirib. Ermənistanın Hindistanın hərbi texnikasına ilk dəfə maraq göstərmir. 2020-ci ildə rəsmi İrəvan Hindistanla 4 ədəd “SWATHI” radarı üçün 40 milyon dollarlıq müqavilə imzalayıb. Bir ildən az müddətdə Hindistan və Ermənistan xarici işlər nazirləri artıq üç dəfə görüşüblər. Görüşlərdən biri ötən ilin oktyabrında Hindistanın xarici işlər naziri Subramanyam Caişankarın İrəvana səfəri çərçivəsində baş tutub. Sonuncu görüş isə 2022-ci ilin aprelində Mirzoyan Hindistanda üç günlük işgüzar səfərdə olarkən baş tutub və bu səfər zamanı onu ölkə başçısı, baş nazir Narendra Modi də qəbul edib.

Sual yaranır: kasıb Ermənistan hansı pulla bu silahları əldə etmək niyyətindədir və niyə məhz Hindistandan? Məsələn, İranın da dronları var. Nəzərə alsaq ki, Ermənistan həm də Rusiyanın Qafqazdakı yeganə forpostudur, o zaman Moskva buna necə baxacaq? Düzdür, Hindistan Rusiya ilə də müttəfiqdir, o baxımdan hind silahları ilə erməni ordusunun qurulması Moskvanı bir o qədər hiddətləndirməməlidir. Lakin hər bir halda Rusiya istəməz ki, silah bazarında ona rəqiblər artsın, xüsusən də Ermənistan ordusunu qurmaq üçün. Hindistana gəlincə, Ermənistanla hər zaman yaxşı əlaqələrə malik olub, Pakistanın Azərbaycanı dəstəkləməsi də burada rol oynayır. Ancaq hind silahları ilə Ermənistan ordusu özünü toparlaya biləcəkmi?

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, guya Ermənistan sentyabrda hansısa planlar qurur, Rusiya da buna icazə verib və Hindistan da silah satmağa razılaşıb: “Amma tarixdə heç zaman iqtisadi cəhətdən zəif ölkə güclü silah ala bilməyib. Bəli, Ermənistan Hindistandan silah alacaq, Rusiya da verəcək. Amma təlimlərin keçirilməsi, sınaqdan çıxarılması, relyefə uyğun öyrənilməsi üçün illər lazımdır. Bu təcrübə olmadığı halda qısa müddətdə erməni ordusu nəyə nail ola bilər? Ona görə inanmıram ki, Ermənistan revanşist əhval-ruhiyyəsi ilə hansısa məqsədinə çata bilsin”. Ü.Cəfərov vurğuladı ki, Azərbaycan da boş oturmur, yeni silahlar alır: “Ordumuzun potensialı gücləndirilir, yüksək texnologiyalı silahlar əldə edirik. Əgər yaxın zamanda Azərbaycanın şərtləri yerinə yetirilməsə, məcburiyyətdən güc müstəvisində bölgədə qalan digər problemləri də həll etməli olacağıq. Çünki bizə başqa seçim qoymurlar”. 

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Ermənistan aldığı zərbələrdən özünə gələ bilməyib: “Yüzlərlə yüksək rütbəli zabitlərini məhv etmişik və yenilərini yetişdirmək zaman tələb edir. Eyni zamanda əksər hərbi texnikasını sıradan çıxarmışıq. Bundan əlavə, erməni ordusunun əhvalı döyüş ovqatında deyil. Məğlub və yorulmuş, rəhbəri kapitulyasiya etmiş ordu əsla tez zamanda toparlanıb revanş edə bilməz. Digər tərəfdən, Ermənistan cəmiyyəti də reallığı başa düşüb - Rusiya əvvəlki deyil, bölgədə Türkiyə amili var, ən əsası isə Azərbaycan Ordusunun gücünə bələddirlər. Bu mənada Hindistan silahlarını almaq heç də yaxın gələcəyə hesablanmayıb. Sadəcə, erməni ordusu da düşdüyü vəziyyətdən çıxmaq istəyindədir. Amma onun elə böyük maliyyəsi yoxdur ki, müasir silahlar ala bilsin. Bu faktora diqqət yetirmək lazımdır”.

Onu da deyək ki, Ermənistan Hindistan və İordaniyadan ən fəal silah idxalçılarından birinə çevrilib. Bu barədə Stokholm Sülh Problemləri Araşdırmaları İnstitutu tərəfindən hazırlanmış “Beynəlxalq silah ticarətində tendensiyalar” hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Beləliklə də İrəvan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR