İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Kremli Azərbaycanla savaşa çağırdı: Əks halda, bunu Rusiyanın əvəzinə Qərbin edəcəyinə eyham vurdu

Paşinyan hakimiyyəti Rusiyanın Ermənistanla müttəfiqlik çərçivəsində Azərbaycana qarşı savaşa başlamasını Kremlin əsas öhdəliyi hesab edir... Rəsmi İrəvan Ukrayna ilə savaşan Rusiyaya dəstək və öz müttəfiqlik borcu barədə isə düşünmür, Qərbə yaxınlaşmaqla, Kremlə xəyanət edir...

ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək istiqamətində israrlı addımlar atır. Hələlik bu cəhdlərin həlledici mərhələyə keçdiyini iddia etmək üçün çox tezdir. Ancaq buna intensiv hazırlığın başlanıldığı da artıq inkaredilməz reallıqdır. Üstəlik, ABŞ və Qərbin regional hədəflərinin inikası məhz Ermənistanın son davranışlarında qabarıq şəkildə ortaya çıxmağa başlayıb. Və bu baxımdan, Cənubi Qafqazın olduqca taleyüklü dövrə yaxınlaşdığı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Qərbin Cənubi Qafqaz planları Brüsseldə baş tutmuş ABŞ, Avropa Birliyi və Ermənistan ortaq konfransından sonra açıq müstəviyə keçirilib. İndi ABŞ və Avropa Birliyinin bu regionda situasiyanı dəyişərək, qəlizləşdirmək, hətta yeni savaşı stimullaşdırmaq ssenariləri üzərində işlədiyi açıq-aşkar nəzərə çarpır. Və bu səbəbdən də, Azərbaycan-Ermənistan sülh prosesinin bloklanmış vəziyyətə düşməsi o qədər də gözlənilməz xarakter daşımır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Nə qədər qəribə də olsa, provokativ Brüssel konfransına hələlik Ermənistan cəmiyyətində münasibət birmənalı deyil. Radikal-revanşist erməni müxalifəti hesab edir ki, Paşinyan hakimiyyəti Brüsseldə biabırçı fiaskoya uğrayıb. Üstəlik, Brüssel konfransının Qərbdə Ermənistana yönəlik aşağılayıcı münasibətin olduğunu görmək baxımından da böyük önəm daşıdığını qabardır. Əsas arqument kimi isə ABŞ və Avropa Birliyinin Ermənistana ayırdığı maliyyə vəsaitinin ən bəsit ehtiyacların ödənməsinə belə, imkan vermədiyi ön plana çıxarılır.

Qərbin Ermənistana münasibətdə aşağılayıcı münasibətini arqumentləsdirmək üçün erməni müxalifəti daha iki önəmli örnəkdən də istifadə edir. Onlardan birincisi Fransanın Ermənistana "konserv qutuları" hesab edilən, savaş şəraitində effektsiz sayılan "Bastion" zirehli döyüş maşınlarını satmasıdır. Erməni müxalifəti bu məsələdə Ukraynanın həmin döyüş maşınlarını yararsız hesab edərək, hətta müftə belə, qəbul etmədiyini xatırladır. Və bununla da, Ermənistanın əsas beynəlxalq himayədarı tərəfindən aldadıldığını iddia edir.

Digər önəmli örnək isə Böyük Britaniya ilə Ermənistan arasında miqrantların qəbulu ilə bağlı saziş üzərində aparılan intensiv danışıqlardır. Vaxtilə rəsmi London Ruanda ilə də analoji məqsədlər üzərindən saziş imzalayıb. Həmin saziş imzalanacağı təqdirdə, Böyük Britaniya qeyri-qanuni miqrantları və qaçqınları müvəqqəti olaraq, Ermənistanda yerləşdirəcək. Böyük Britaniya Ermənistanla yanaşı, belə anlaşma ilə bağlı Fildişi Sahilləri, Kosta-Rika və digər üçüncü dünya ölkələri ilə də danışıqlar aparır.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Erməni müxalifəti hesab edir ki, Paşinyan hakimiyyəti ucbatından Ermənistan yalnız hərbi texnika adı altında "metallalom" deyil, həm də qeyri-qanuni miqrantların beynəlxalq toplanma məntəqəsinə çevrilmək təhlükəsi ilə üzləşib. Çünki bu, o deməkdir ki, Böyük Britaniya tezliklə öz ərazisində olan qeyri-qanuni miqrantları Ermənistana göndərəcək. Halbuki, həmin miqrantların Böyük Britaniya üçün siyasi-iqtisadi əhəmiyyəti olsaydı, rəsmi London buna ehtiyac duymazdı.

Göründüyü kimi, erməni müxalifəti Paşinyan hakimiyyətinin Brüssel fiaskosunu daha təsirli arqumentlər ilə qabardır. Halbuki, rəsmi İrəvan həmin arqumentlərlə qətiyyən razı deyil və Brüsseldə Ermənistanın gələcək taleyi baxımından, böyük uğurlar qazanıldığını israrla iddia edir. Paşinyan hakimiyyəti hesab edir ki, Brüssel konfransının Ermənistan üçün önəmi ən yaxın vaxtlarda ortaya çıxmağa başlayacaq. Və onda erməni müxalifətini məntiqsiz mövqeyi də təsdiqlənmiş olacaq.

Digər tərəfdən, Paşinyan hakimiyyətini Rusiyaya satılmaqda və Ermənistanın gələcəyini təhlükə qarşısında buraxa biləcək zərərli təbliğat aparmaqda da suçlayır. Rəsmi İrəvan hesab edir ki, Rusiya ilə müttəfiqlik hələ də Ermənistana hərbi təhlükələr vəd edir. Və son baş verən hadisələr də bunu təsdiqləyir.

Baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan deputat Qaqik Melkonyan erməni müxalifətindən Rusiyanın öz müttəfiqi Ermənistanı 44 günlük savaşda niyə müdafiə etmədiyini müzakirəsinə cəsarət göstərməyə çağırıb. Onun fikrincə, əsl müttəfiqin necə olduğu məhz Yaxın Şərqdə baş verən hadisələrdə müşahidə olunur: "İran İsrailə hücum etdiyində biz əsl müttəfiqliyin necə olduğunu anlaya bildik. ABŞ və Böyük Britaniya müttəfiq olduqları İsraili təkbaşına buraxmadı. İranın hücumundan İsraili effektiv şəkildə qorumağı bacardı".

28a03d166f75592649dc9d7ec722a7e2.jpg (430 KB)

Erməni deputat vurğulayıb ki, məhz Rusiya 44 günlük savaşda Ermənistanı müdafiə etməyərək, təkbaşına buraxıb: "Kremldə də artıq anlamalıdırlar ki, müttəfiq öz müttəfiqini savaş meydanında köməksiz buraxmamalıdır. Rusiya isə Azərbaycanla müharibədə Ermənistana heç bir dəstək vermədi. Ona görə də, biz Rusiyaya alternativ axtarmaq məcburiyyətində qaldıq, Qərblə yaxınlaşmağa üstünlük verdik. Kreml ABŞ və Avropa Birliyinin Ermənistanı fəlakətə sürüklədiyini iddia edirdi. İranın hücum zamanı ABŞ və Böyük Britaniya İsraili əsl müttəfiq kimi müdafiə etdilər. Ermənistanın da məhz onu müdafiə edəcək belə müttəfiqlərə ehtiyacı var".

Göründüyü kimi, Paşinyan hakimiyyəti növbəti dəfə Kremlə açıq mesajlar verməyə çalışır. Rəsmi İrəvan Rusiyanın Ermənistanla müttəfiqlik çərçivəsində Azərbaycanla savaşa girməsinə cəhd göstərir. Çünki erməni baş nazirin yaxın ətrafınızdakıların Kremlə yönəlik bu qınaqları əslində, dolayısı ilə Rusiyanın Azərbaycana qarşı müharibəyə başlaması, öz hərbi müttəfiqliyini təsdiq etməsi ilə bağlı çağırışdır. Üstəlik, bu çağırışda əgər, Rusiya bunu etməzsə, ABŞ və Qərbin Ermənistana hərbi dəstəyinə şahid ola biləcəyinə eyham da vurulur.

Halbuki, Ermənistan hazırda Ukrayna ilə müharibə aparan Rusiyaya dəstək vermək, öz müttəfiqlik borcunu yerinə yetirmək barədə ümumiyyətlə, düşünmür. Əksinə, rəsmi İrəvan Ukrayna savaşında Rusiyaya qarşı düşmən mövqe tutan ABŞ və Avropa Birliyi ilə yaxınlaşır. Bununla da Ermənistan öz hərbi müttəfiqi olan Rusiyaya xəyanət etmiş olur. Və bütün bunlar rəsmi İrəvan üçün müttəfiqlik anlayışının məhz qarşı tərəfin Ermənistanın əvəzinə savaşmağa borclu olması ilə məhdudlaşdığını birmənalı şəkildə təsdiqləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR