İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı şok gəlişmə - ABŞ və İsrail hazırlıq içindədir

Tramp Ukraynadan sonra diqqətini hara yönəldəcək?;  Ağ Ev sahibinin Fələstinlə bağlı şok planı...

“Prezident Donald Tramp İsrailin Ağ Evdə indiyə qədərki ən yaxşı dostudur”. “The Times of Israel”in xəbərinə görə, bunu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

Netanyahu Rubio ilə bir sıra məsələlərlə bağlı məhsuldar müzakirə apardıqlarını söyləyib: “İsrail və ABŞ İran təhlükəsinə qarşı çiyin-çiyinə dayanır. Biz hesab edirik ki, İrana, ayətullahlara nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Biz Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.

Marko Rubio da İranın regionda ən böyük qeyri-stabillik mənbəyi olduğunu, zorakılıq aktlarının arxasında durduğunu vurğulayıb: “Bu məsələni həll etmək lazımdır. Nüvə silahına malik İran heç vaxt peyda olmayacaq. Donald Tramp da bu məsələ ilə bağlı mövqeyini dəqiq ifadə edib. Əgər Yaxın Şərqdə daha çox israilli olsaydı, bölgə daha təhlükəsiz olardı”.

Maraqlıdır ki, səfər fonunda ABŞ İsrailə ağır aviabombalar verib. Bu, nə bombalardır? İsrail Tehranın nüvə obyektlərini vurmağa hazırlaşırmı?

Bir müddət əvvəl prezident Məsud Pezeşkian bildirmişdi ki, İranın nüvə obyektləri vurularsa, onların yerinə ölkə boyu yüz qat artığı yaradılacaq.

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

 Emin Həsənli 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” ictimai birliyinin sədri, hərbi ekspert Emin Həsənli Trampın əsas hədəfini açıqladı: “Tramp birinci hakimiyyəti dövründə İsrailə çox böyük dəstək oldu. Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Bunu açıq şəkildə bəyan etdi. Həmçinin İsrailə çox böyük miqdarda silah yardımları etdi. Baydenin İsrailə vermədiyi silahları artıq Tramp verib. Bu, onu göstərir ki, Trampın ilk hədəfində Yaxın Şərq olacaq. Baydenin hədəfində öncəliklə Rusiya-Ukrayna müharibəsi idisə, Trampda tam fərqlidir. O, bu müharibəni bitirib, Yaxşı Şərqi alovlandırmaq niyyətindədir. Fələstinliləri Qəzzadan köçürmək, onları Amerikanın nəzarətinə götürmək istəyir. Aydın məsələdir ki, onun niyyəti oranı İsrailə verməkdir və bu istiqamətdə ardıcıl addımları atır. İsrailin baş nazirinin verdiyi açıqlamalar, İsrail rəhbərliyinin Tramp tərəfindən yüksək səviyyədə qəbul edilməsi, dövlət katibi ilə baş nazirin görüşməsi, İsrailə hər cür dəstəyin verilməsi onu deməyə əsas verir ki, İranın vəziyyəti yaxşı olmayacaq.  İsrail-İran müharibəsi də başlaya bilər”.

Ekspertin fikrincə, İrandan sonra Amerika Çin məsələsinə yönələcək: “Bir sözlə, Trampın apardığı siyasət dünyada gərginlikləri daha da artıracaq”.

Jurnalist Səxavət Məmmədin həbs səbəbi bilindi - Unikal.az

Səxavət Məmmədin 

Hərbi icmalçı Səxavət Məmmədin sözlərinə görə, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın siyasətində dəyişiklik hiss olunur: “ABŞ bütün tərəfdaşlarına dolayısı ilə bildirdi ki, "həmişə sizi mən müdafiə etməyəcəm, siz də əlinizi daşın altına qoyun". Bunu Rusiya-Ukrayna müharibəsi, Avropanın təhlükəsizliyi və NATO ilə bağlı gördük. ABŞ üçün bir nömrəli məsələ öz maraqlarıdır. Ona görə də ABŞ açıq şəkildə öz maraqlarının keçdiyi istiqamətlərdə hərəkət edəcək, digər sahələrdən isə açıq şəkildə çəkiləcək. Hətta ABŞ ordusunun Avropadan, Baltikyani ölkələrdən belə çəkiləcəyi iddia olunur. ABŞ üçün Panama kanalı önəmli idi, onu həll etdi. Hind okeanı, Hörmüz körfəzi Vaşinqton üçün böyük önəm daşıyır, hətta İranın nüvə proqramından daha çox Hörmüz körfəzi önəmlidir. Yəni ABŞ İrana müdaxilə edəcəksə, bunu İsrailə, nüvə obyektlərinə görə yox, məhz yollar üzərində nəzarəti ələ keçirməyə görə edəcək. İsrailə verilən aviabombalar ən müasir, hədəfləri dəqiq məhv etmək qabiliyyətinə malikdir. ABŞ əgər İranı vuracaqsa, təbii ki, öz müttəfiqi İsraili də yanında görmək istəyəcək. İsrailin aviasiyası son dərəcə müasir və güclüdür. Trampın bəyanatlarından açıq şəkildə görünür ki, onun hədəfində Rusiya yoxdur. Əsas hədəf kimi Çin və İran götürülüb. İran da bunun fərqindədir. İran əgər müqavimət göstərəcəksə, ABŞ-ın Hörmüz körfəzi ilə bağlı istəklərinə əməl etməyəcəksə, ABŞ mütləq şəkildə hərbi müdaxilə edəcək. Nüvə obyektləri isə bu işin beynəlxalq ictimaiyyət üçün bəhanəsi olacaq. Necə ki, bunu Əfqanıstanda, İraqda etmişdilər. Çin də fərqindədir ki, ABŞ Çinə qarşı də addımlar atacaq. ABŞ İran üçün İsraili hazırlayırsa, Çin üçün isə Hindistanı hazırlayır. Hətta bunun üçün Hindistana aviasiya vasitələri satmaqla və birgə hərbi məhsulların istehalı ilə bağlı razılığa da gəldilər. ABŞ Ukrayna müharibəsini qısa zamanda dondurub, əsas diqqətini İran və Çinə yönəldəcək. İran da hazırlıq içərisindədir. İran daha çox hava hücumundan müdafiə sistemləri alır. Çünki bilir ki, əsas zərbələr havadan gələcək. ABŞ və İsrailin İranda quru əməliyyatları keçirəcəyi inandırıcı deyil. Çünki İran nə Əfqanıstan, nə də İraqdır. İranın quru qoşunları kifayət qədər güclüdür. İranın da edə biləcəyi şeylər var. Misal üçün, İrana bağlı terror qruplarının ABŞ-da terror aktları törədəcəyi ehtimalı artacaq. Bu təkcə ABŞ-da yox, elə Qərb ölkələrində də mümkündür. İran eyni zamanda ABŞ-ın ərəb ölkələrindəki hərbi bazalarını da vura bilər. Bu proses o zaman asan keçə bilər ki, İran daxilində milli münaqişə başlayar. Şübhəsiz ki, İrana qarşı hərbi əməliyyatlar həyata keçiriləcəksə, Cənubi Qafqaz da bunun ağır nəticələrini hiss edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR