Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma saatı: 09.06.2024 (16:33)
İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısı açıqlanıb. Seçkilərdə namizədləri təsdiqləyən ali qurum olan “Konstitusiyanı Mühafizə Şurası” bir qədər əvvəl namizədlərin siyahısını Daxili İşlər Nazirliyinə göndərildiyini elan edib.
Musavat.com yazarı İran qaynaqlarına əsasən xəbər verir ki, bir az əvvəl DİN namizədlərin siyahısını açıqlayıb.
Prezidentliyə namizədlik üçün müraciət etmiş 80 nəfərdən Mustafa Purməhəmmədi,
Məsud Pezeşkiyan,
Əmirhüseyn Qazizadə,
Əlireza Zakani,
Səid Cəlili və
Məhəmməd Baqir Qalibafın namziədliyi qeydə alınıb.
Gözlənildiyi kimi, eks-spiker Əli Laricani, eks-prezident Mahmud Əhmədinejad, eks vitse-prezident İshaq Cahangiri, eləcə də seçki kampaniyasına qalmaqalla başlamış din liderin ofisinin əməkdaşı Vahid Haqqaniyan və hazırkı yollar və şəhərsalma naziri Mehrdad Bazarpaşın namizədliyi qeydə alınmayıb.
Mahmud Əhmədinejad
İlk 3 nəfərin bundan əvvəlki seçkilərdə də namizədliyi qeydə alınmadığı üçün onların seçkiyə buraxılacağı ehtimalı az idi. Lakin mühafizəkar qanadın tanınmış və parlaq simaları hesab olunan Vahid Hqqaniyan və Bazarpaşın seçkilərə buraxılmaması böyük ehtimalla hər iki şəxs arasında başlayan kompromat savaşı ilə bağlı oldu. Hər iki şəxs özlərinə yaxın olan mediada bir-birini ittiham edən yazılar dərc etdirdi. Bu isə dini liderin “əxlaqlı siyasət” çağırışı ilə uyuşmadığı üçün güman ki, onlar ikisi də “cəzalandırıldı”.
Artıq adları namizəd kimi elan olunmuş şəxslərin siyahısı hər yerdə yayıllb. Burada nəzərə çarpan ilk detal iddiaçıların sayının nisbətən az olmasıdır. Bundan əvvəlki seçkilərdə hətta bəzən 40 nəfərin namizədliyi qeydə alınıb. Belə görünür ki, namizədlərin həddən çox olması ilə bağlı tənqidlər öz təsirini göstərib.
Hazırkı elan olunan siyahıya gəlincə, onların arasından ilk baxışdan daha şanslı 3 nəfəri qeyd edə bilərik. Bunlar mühafizəkar qanaddan:
Səid Cəlili,
Məhəmməd Baqir Qalibaf,
İslahat qanadından isə keçmiş səhiyyə naziri və vitse-spiker Məsud Pezeşkyan hesab olunurlar.
Məhəmməd Baqir Qalibaf
Səid Cəlili
Daha bir nüfuzlu namizəd isə keçmiş kəşfiyyat nazirinin müavini, ədliyyə naziri Mustafa Purməhəmmədidir. İlahiyyatçı olan Purməhəmmədi İbrahim Rəisi kimi inqilab dövründə məhkəmə sistemində işləyib və bu səbəbdən də kütləvi edamlarda iştirak etməkdə ittiham olunub.
Hazırkı siyahıda nisbətən üstün mövqedə dayanan Səid Cəlilidir. Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlili mühafizəkar qanadın nüfuzlu simalarındandır. 1965-ci ildə Məşhəd şəhərində anadan olan Cəlili siyasi elmlər üzrə təhsil alıb, "Məhəmməd Peyğəmbərin (s) xarici siyasəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İran-İraq müharibəsində iştirak edib, bir ayağını itirib. Buna görə də ona “canlı şəhid” deyirlər.
Cəlili sonradan universitetdə dərs deyib və paralel olaraq XİN-də və dini liderin ofisində çalışıb. Hazırda Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvüdür. Cəlili bir neçə dəfə prezidentliyə namizəd olsa da, heç birində qalib gələ bilməyib. Cəlili İran nüvə müzakirəsi qrupunun rəhbəri kimi Qərblə danışıqlar prosesinə rəhbərlik edib. Mühafizəkar qanadın nüfuzlu simalarından hesab olunur. Rəisinin seçildiyi 2021-ci il seçkilərində namizədliyini onun xeyrinə geri götürüb və təklif olunsa da dövlət vəzifəsi istəməyib.
İndiki mərhələdə Cəlilinin şansı daha yüksək görünür. O biri namizədlərdən fərqli olaraq dövlət postları tutmayıb, haqqında korrupsiya və rüşvət ittihamı yoxdur, sanksiyalara daxil edilməyib, müharibə veteranıdır, mühafizəkar camiədə birmənalı qəbul olunur. Əgər bəlli mərkəzlər, o cümlədən, SEPAH kimi güclü təsisatlar ona qarşı çıxmasalar Cəlilinin seçilmə şansı digərlərindən daha yüksəkdir.
Kənan Rövşənoğlu, xüsusi olaraq Musavat.com üçün
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ