Onlayn ictimai-siyasi qəzet
Tehran Ermənistan-Azərbaycan danışıqlar prosesinin inkişafını çox diqqətlə izləyir.
Musavat.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani bu gün Ermənistanın NEWS.am saytına deyib.
O, Ermənistanın Qazaxın işğal olunmuş kəndlərindən 4-nün Azərbaycana qaytarılması barədə qərarını şərh edərkən Tehranın hadisələri diqqətlə izlədiyini bildirib:
“Onu da deyim ki, gərginliyin artması ilə bağlı söhbət bizi qane etmir. Hesab edirik ki, istənilən problem dialoq yolu ilə həll edilməlidir. Odu su ilə doldurmaq lazımdır, neft əlavə etsən, alovlanacaq”.
Tehranın Azərbaycanın Ermənistana hücumu təhlükəsini görüb-görməməsi ilə bağlı suala İran səfiri belə cavab verib: “Ümid edirik ki, belə bir şey olmayacaq”.
Erməni jurnalistin “Tehran dəfələrlə Azərbaycanın Sünikə iddialarının qəbuledilməz olduğunu, Ermənistanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu bəyan edib. Hazırda gərginliyin Tavuşa doğru getdiyini nəzərə alsaq, Tavuşa qarşı mümkün təcavüz halında Tehranın mövqeyi eyni olacaqmı” sualına Mehdi Sobhani belə cavab verib: “Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyimizi deyiriksə, bu, təkcə cənuba aid deyil”.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ