İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda türk dili yasağı - Pezeşkianın yumruğunu masaya vurmaq zamanı

Sayman Aruz: “Bu cür məsələlərin hamısının müdafiəsini prezident Pezeşkiandan tələb etmək doğru deyil, çünki...”

Təbrizin İran parlamentindəki bir neçə millət vəkili Hava Yolları Şirkətinin Şərqi Azərbaycanın “Ata” Hava Yolları Şirkətinə məxsus təyyarələrdə qonaqların türk dilində salamlanmasına qoyulan qadağanı tənqid edib.

Məsələ ilə bağlı Ruhullah Mütəfəkkir Azad və Əlirza Novin çıxış edib (Axar.az).

“Bəziləri həddindən artıq ifratçılıq edir, keşişdən daha çox xristian olmağa çalışırlar. Azərbaycanlı sərnişinlərə türk dilində ”xoş gəlmisiniz" demək cinayət deyil, biz İran Hava Yolları Şirkətinin məsələ ilə bağlı yanaşmasından narazıyıq və bunu diqqətdə saxlayacağıq", - Ruhullah Mütəfəkkir Azad deyib.

Təbrizin İran parlamentindəki başqa nümayəndəsi Əlirza Novin də türk dilinə qarşı münasibəti tənqid edib. Millət vəkili məsələnin araşdırılmasını, Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağanın həqiqət olduğu təqdirdə bunu parlamentdə müzakirəyə çıxaracağını söyləyib:

“Əgər Mülki Aviasiya Təşkilatının belə bir qərarı varsa, açıq deyirəm, bu axmaqlıqdır. Belə bir şey varsa, biz parlamentdəki çıxışlarımızda bu mövzunu davam etdirəcəyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Ata” aviaşirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb. Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunu separatçılığın təbliği kimi qələmə veriblər. Bundan sonra İran Hava Yolları Şirkəti Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanması yasaq edilib.

Doğrudan da, əhalisinin yarıdan çoxu türk (azərbaycanlı) olan bir dövlətdə təyyarədə azərbaycanca salamlaşma necə qəbahət, hətta cinayət sayıla bilər? Hansı əsrdə yaşayırıq? Azərbaycanlı prezident Məsud Pezeşkian bu biabırçılığa reaksiya verəcəkmi? Fars şovinistləri yerində oturdacaqmı?

Əslən Güney Azərbaycandan olan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“İlk öncə ”Ata" Hava Yolları Şirkətinin rəhbərinə təşəkkür edirəm ki, bu cür  möhtəşəm addımı atıb. Olduqca təqdirəlayiq işdir və bunun davamlı olmasını arzulayır, tələb edirəm. Həqiqətən də tabular yavaş-yavaş sınır, bütün azərbaycanlılar öz kökünə, soyuna geri dönür, ana dilini  sevməyə, bu dildən istifadə etməyə başlayır və bu da düşmənlərin gözünə bir ox kimi batır.

Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına fars molla rejiminin etirazı təəccüblü deyil. Çünki onlar da bilirlər ki, artıq dünyada siyasi-ictimai, hətta iqtisadi, mədəniyyət bazalarını itirirlər, hər gün daha çox küncə sıxışırlar və təbii olaraq haqq bərpa olunur. Haqqın da bərpası budur ki, İranın əsas sahibləri olan azərbaycanlılar artıq assimilasiya tələsindən azad olmaq ərəfəsindədir və İranın gələcəyi keçmişdə olduğu kimi Azərbaycan türklərinin əlində olacaq".

Sayman Aruz hesab edir ki, bu məsələlərin hamısının müdafiəsini prezident Pezeşkiandan tələb etmək doğru deyil:

“Çünki Pezeşkian müxtəlif xalqların və etniklərin yaşadığı dövlətin prezidentidir. Bu baxımdan Pezeşkianın bu cür məsələlərə hər hansı ciddi müdaxiləsi ciddi qarşıdurmalara gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, xalqın özü öz müdafiə sisteminin aktivləşməsinə kömək etməlidir. Əgər Təbrizin, Urmiyanın, eləcə də digər ərazilərin millət vəkilləri bu məsələdə öz sözlərini deyirlərsə, xalq da bu hərəkata dəstək verməlidir. Yəni xalq öz millət vəkillərinin arxasında durmalı və öz sözünü  kürsüyə oturtmalıdır. Bir sözlə, bu, xalq işidir, xalqın başlatdığı, davam edəcəyi və məqsədə çatdıra biləcəyi addımdır.

Həqiqətən də Pezeşkian hakimiyyətə gələndən bir çox müsbət addımların, dəyişikliklərin şahidi oluruq ki, bu da, təbii ki, Pezşekianın sırf azərbaycanlı olmasından irəli gəlir. Lakin məsələ burasındadır ki, bizim İranda arzuladığımız ciddi və vacib məqamları Pezeşkian təkbaşına edə bilməyəcək. Gərəkdir ki, İran daxilində güneylilərin dəstəyi daim və davamlı olsun. Üstəlik türk dünyasından da ona ciddi dəstək verilməli və onun əleyhinə olanlara isə ciddi reaksiyalar verilməlidir.

Hesab edirəm ki, artıq kərpic-kərpic Bütöv Azərbaycan evi, müstəqil, azad Güney Azərbaycan evi qurulmaqdadır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR