Onlayn ictimai-siyasi qəzet
İran rəhbərliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ittihamlarını süngü ilə qarşılayıb.
Təşkilat bu yaxınlarda islam respublikasında "koordinasiya edilmiş və gizli" nüvə proqramı ilə bağlı xülasə hesabatını açıqlayıb.
İsrail beynəlxalq ictimaiyyəti “İranın qarşısını almaq üçün gecikmədən hərəkətə keçməyə” çağırıb və avropalılar bu məsələni BMT Təhlükəsizlik Şurasının gündəliyinə salmağa qərar veriblər.
İran Xarici İşlər Nazirliyi isə opponentlərini MAQATE-nin yeni hesabatının məzmununun hər hansı siyasi istismarından çəkinməyə çağırıb. “İran İslam Respublikası baş direktorun (MAQATE-nin direktoru Rafael Qrossini nəzərdə tutulur) tərəfsizliyin olmaması və hesabatın hazırlanması və dərci zamanı siyasi təzyiqin yaratdığı peşəkar yanaşmaya məhəl qoymamasından dərin təəssüf hissi keçirir”, - deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.
XİN bir daha bəyan edib ki, İranın uranın zənginləşdirilməsi proqramı yalnız dinc məqsədlər üçün həyata keçirilir, MAQATE-nin tam nəzarəti altındadır və tamamilə şəffafdır”.
Təəssüf ki, buna inananlar azdır. Hesab olunur ki, lap başından bəri, İran “uran-uran” deyə proqram tərtib etdiyi gündən onun əsas məqsədi hazırlanmış uzaqmənzilli ballistik reketləri nüvə bombası daşıyan başlıqlarla təmin etməkdir.
Bu gerçəklik “nüvə klubu”na daxil olan dövlətlərdən (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail) 8-ni o qədər də narahat etmir, doqquzuncu üçün böyük təhlükə deməkdir. Çünki İsrailin bir nüvə bombardmanına tab edə bilməyəcək qədər ərazisi var. Üstəlik, İran məhz İsraili “Yer üzündən silmək”lə təhdid edir. Ona görə də İranın nüvə silahına yiyələnməsinin ən qatı əleyhdarı İsraildir.
İndiikdə İsrail İrana “nüvə silahı sevdası”ndan əl çəkməsi üçün MAQATE vasitəsilə təsir göstərmək istəyir. MAQATE-nin rəhbərlər şurasının tələbi ilə keçən il hazırlanmış məxfi hesabatından çıxarışlar mayın 31-də Qərb xəbər agentliklərində dərc olunub. Sənəddə göstərilir ki, ekspertlər “BMT-nin nüvə nəzarəti orqanına bəyan edilməyən materiallardan istifadə etməklə gizli nüvə fəaliyyətləri” aşkar ediblər.
Bu, əlbəttə, gözlənilirdi. İran elə dövlətdir ki, manevrlər etməyi yaxşı bacarır, bəzən münasibətləri son dərəcə gərginləşdirir, qopma-qırılma nöqtəsinə gətirir, sonra özünü kompromisə gedirmiş kimi göstərir, anlaşmaya meylli olduğunu büruzə verir, gərginliyi azaldır, vaxt qazanır, amma məqsədyönlü fəaliyyətini gizli şəkildə davam etdirir, getdiyi yoldan geri çəkilmir.
“Nüvə danışıqları”na başladığı vaxtdan bəri rəsmi Tehran dəfələrlə belə manevrlər edib, ABŞ-nin də, Avropanın da, BMT və MAQATE-nin başının altına balış qoyub. Tehran yalnız İsraili heç vaxt inandıra bilmyəib ki, onun nüvə proqramı dinc xarakter daşıyır və o, nüvə silahı əldə etmək niyyətindən vaz keçib.
Hazırda sözügedən hesabatın müəllifləri İranın MAQATE nümayəndələri ilə əməkdaşlığının səviyyəsini bir sıra aspektlərdə hələ də “qeyri-qənaətbəxş” adlandırırlar. Çünki İran tərəfi bəzi tədqiqat obyektlərində yüksək zənginləşdirilmiş uran hissəciklərinin mənşəyini aydın izah etmək istəməyib.
Eyni zamanda, hesabat müəllifləri İranda 60%-ə (silah səviyyəsinə yaxın) qədər zənginləşdirilmiş uranın həcminin son illərdə təxminən iki dəfə (408,6 kq-a qədər) artdığına diqqət çəkirlər. Hesabatda qeyd edilir ki, bu nüvə materialı daha da zənginləşdirilərsə, MAQATE meyarlarına əsasən, ən azı 9 döyüş başlığı yaratmağa kifayət edəcək.
Agentliyin təqdim etdiyi hesabat İranın bəyan olunmamış nüvə fəaliyyəti ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasına verilməsi üçün ciddi səbəb ola bilər. Bu məlumata görə, artıq dörd Avropa ölkəsi MAQATE-nin hesabatının nəticələrindən istifadə edərək İranı pisləyən qətnamənin baxılması üçün BMT Təhlükəsizlik Şurasına təqdim edilməsinə hazır olduqlarını bildiriblər. İyunun 9-da keçiriləcək görüşdə güman ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) ortaya qəti mövqe qoyacaq.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bu xüsusda bildirilib: "Beynəlxalq ictimaiyyətin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, İran məqsədyönlü şəkildə nüvə silahı yaratmaq istiqamətində irəliləməkdə davam edir. Hesabat İsrailin uzun illər israr etdiyi şeyi inandırıcı şəkildə təsdiqləyir: İranın nüvə proqramının məqsədi heç bir halda dinc xarakter daşımır. Bu, İranın uranın zənginləşdirilməsi üzrə işinin miqyasında və səviyyəsində açıq şəkildə özünü göstərir".
İsrail rəhbərliyi İranda mövcud olan uranın zənginləşdirilməsi səviyyəsinin "yalnız nüvə silahı əldə etmək istəyən ölkələr üçün xarakterik" olduğunu və bu yanaşmaların "mülki və enerji sferasında heç bir əsası olmadığını" vurğulayır.
ABŞ MAQATE ilə Yaxın Şərq konsorsiumu yaradaraq, nəzarəti altında mülki məqsədlər üçün uranı zənginləşdirmək ideyası üzərində düşünür. Bu, İranın uranı zənginləşdirmə prosesini müvəqqəti olaraq dondura bilər. Çünki bu zaman Tehranın uranı “mülki məqsədlər üçün zənginləşdirmək” bəhanəsi əlindən alınır. İranın bununla razılaşmayacağı indidən aydındır.
Amma o halda ABŞ və İsrailin necə addım atacağı bəlli deyil.
Araz Altaylı, Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ