Onlayn ictimai-siyasi qəzet
İranın Xarici İşlər naziri Abbas Araqçi Misirin “Əl-Qəd” telekanalına verdiyi müsahibəsində Suriya münaqişəsi və İranın bu prosesdəki rolu barədə geniş açıqlamalar verib. Musavat.com xəbər verir ki, o, İranın Suriyadakı fəaliyyətlərinin yalnız məsləhətçi xarakter daşıdığını və heç vaxt hökumətə öz iradələrini diktə etmədiklərini vurğulayıb.
Abbas Araqçi bildirib ki, İran heç vaxt Suriya hökuməti ilə xalqı, müxalifət və ya rejimə qarşı olan qüvvələr arasındakı münasibətlərə müdaxilə etməyib.
“Biz Suriya ordusunun döyüşməkdən imtina etdiyi hallarda belə heç bir hərəkət etməmişik. Çünki Suriyanın daxili işlərinə qarışmağı özümüzə uyğun hesab etmirdik. Biz Suriyanın ordusu əvəzinə müxalifətə qarşı çıxmağın bizim işimiz olmadığını düşünürdük.”
Araqçi əlavə edib ki, o, dəfələrlə Suriya hökumətinə, Xarici İşlər Nazirliyinə və şəxsən Bəşər Əsədə Türkiyə ilə dialoqa başlamağı tövsiyə edib.
“Suriya hökuməti və Əsəd Türkiyə ilə danışıqlara razılıq vermədi. Onlar nə müxalifətlə, nə də Türkiyə ilə danışıqlara açıq idi. Suriya hökuməti hesab edirdi ki, Türkiyə qüvvələri onların ərazilərindən çıxmadan, bu ölkə ilə danışıq aparmaq mümkün deyil. Onların fikrincə, torpaqlarını işğal edən bir ölkə ilə dialoq məntiqli deyildi. Amma biz bu mövzuda fərqli düşünürdük və dialoqun hər halda faydalı olduğuna inanırdıq.”
Nazir qeyd edib ki, Bəşər Əsəd ilə sonuncu dəfə onun süqutundan bir həftə əvvəl görüşüb və bu görüş zamanı ona danışıqlara başlamağı tövsiyə edib.
“Bazar ertəsi günü Əsədlə görüşdüm və ona yenidən Türkiyə ilə danışıqlara başlamağı məsləhət gördüm. Mən ona dedim ki, Suriya ordusunda döyüş ruhu yoxdur və o, bu ruhu canlandırmalıdır.”
Araqçi İranın Suriya ilə münasibətlərində heç vaxt zorakılığa əsaslanmadığını və yalnız məsləhətçi rolunu oynadıqlarını qeyd edib:
“Bizim Suriya hökuməti ilə münasibətlərimiz heç vaxt onlara iradəmizi diktə etməyə əsaslanmayıb. Biz yalnız tövsiyələr verib, məsləhətlərimizlə dəstək olmuşuq.”
BİZİM ŞƏRH: Musavat.com ekspertlərinə görə, Abbas Araqçinin İranın yalnız məsləhətçi xarakterli dəstək verdiyini iddia etməsi, gerçəkliyi əks etdirməkdən uzaqdır. Dünyada Suriya münaqişəsini araşdıran hər bir mütəxəssisə məlumdur ki, Bəşər Əsəd rejiminin cinayətlərində İran hökumətinin də böyük rolu vardır.
İran, Suriyada münaqişənin hər mərhələsində Əsəd hökumətini dəstəkləyib. Əsəd ordusunun zəifliyi və döyüş ruhunun olmaması fonunda, İran özünə bağlı proksi qüvvələri, o cümlədən “Hizbullah” kimi silahlı qrupları Suriya rejiminə dəstək üçün səfərbər edib. Bu qüvvələr bəzən Əsədin öz ordusundan daha təsirli olmuş, münaqişənin 13 il ərzində daha da şiddətlənməsinə səbəb olmuşdur.
İranın bu “dəstəyi” nəticəsində bölgə əsl fəlakət zonasına çevrilib. Münaqişə zamanı 1 milyondan çox suriyalı həyatını itirib, 6 milyondan çox insan isə qaçqın vəziyyətinə düşüb. İranın bu rolunu kiçiltmək cəhdləri həm reallığı təhrif etmək, həm də özünü beynəlxalq aləmdə məsuliyyətdən kənar göstərmək məqsədi güdür.
Beləliklə, Araqçinin açıqlamaları İranın Suriyadakı dağıdıcı fəaliyyətlərini ört-basdır etməyə yönəlmiş bir yanaşmadır və bölgədə İranın səbəb olduğu insan itkilərini və faciəni gizlətmək mümkün deyil.
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ