Onlayn ictimai-siyasi qəzet
İranın rəsmi “Mehr” agentliyinin yaydığı məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri Natanza yaxınlığında yerləşən strateji nüvə obyektinin üzərində İsrailə məxsus hava hədəflərini aşkar edərək məhv edib.
Musavat.com-un xəbərinə görə, qeyd edilir ki, hücumlar ya pilotsuz uçuş aparatları (PUA), ya da uzaq mənzilli raketlər vasitəsilə həyata keçirilib. Hədəf isə açıq şəkildə İranın nüvə proqramının əsas mərkəzlərindən biri – Natanz nüvə kompleksi olub.
Hadisə İranla İsrail arasında getdikcə daha da kəskinləşən hərbi qarşıdurmanın fonunda baş verir. Son günlər ərzində İsrailin İran ərazisində həyata keçirdiyi intensiv hava zərbələri nəticəsində çox sayda yüksək rütbəli İran komandiri həlak olub, bir sıra strateji infrastruktur dağıdılıb. Bu kontekstdə Natanz kimi obyektlərin hədəfə çevrilməsi təəccüblü sayılmır. İran isə cavab zərbələri ilə paralel olaraq ölkə daxilində hava təhlükəsizliyi sistemlərini maksimum dərəcədə səfərbər edir.
“Mehr” agentliyinin məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri gecə saatlarında aktivləşib və “yüksək dəqiqliklə” hədəfləri vurub. Rəsmi mənbələr bildirirlər ki, zərərli obyektlər Natanz ətrafında aşkarlanıb və tam şəkildə zərərsizləşdirilib. Hadisə nəticəsində heç bir strateji obyektin zərər görmədiyi, habelə mülki əhalinin təsirlənmədiyi vurğulanır.
Maraqlıdır ki, hələlik İsrail Müdafiə Qüvvələri (IDF) bu hücumla bağlı heç bir açıqlama verməyib. Ənənəvi olaraq Təl-Əviv bu tip əməliyyatlara dair mövqe bildirməkdən çəkinir.
Qeyd edək ki, Natanz obyekti 3 gün öncə İsrail tərəfindən bombalanıb. Lakin bu kompleks daha əvvəllər də kiberhücumların və sabotaj cəhdlərinin hədəfi olub. 2020-ci ildə burada baş verən partlayışla bağlı məsuliyyətin dolayısı ilə İsrailə aid olduğu bildirilmişdi.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ