Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden HƏMAS lideri İsmayıl Haniyənin qətlə yetirilməsini şərh edərkən, “ciddi narahatlıq” keçirdiyini bildirib. O, İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında tezliklə atəşkəs razılaşmasına nail olmağa çağırıb. Maraqlıdır ki, ABŞ prezidenti Co Bayden elə həmin gün İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında İrandan gələcək hər hansı təhdid qarşısında ölkəsinin İsrailin təhlükəsizliyinə sadiq qalacağına söz verib. “Prezident Bayden bir daha İrandan gələ biləcək hər hansı təhdid, o cümlədən Həmas, Hizbullah və Husilər kimi vəkil terror qrupları qarşısında İsrailin təhlükəsizliyinə sadiqliyini təkrarladı”, - Ağ evin yaydığı bəyanatda bildirilir. Görüş zamanı Bayden və Netanyahu həmçinin “İsrailin ballistik raketlər və pilotsuz uçuş aparatlarından (PUA) təhdidlərə qarşı müdafiəsini dəstəkləmək səylərini” müzakirə ediblər. Bəyanatda həmçinin qeyd olunub ki, bu səyləri dəstəkləmək “ABŞ-ın müdafiə silahlarının bölgəyə yerləşdirilməsini” də əhatə edə bilər.
Hizbullahın baş katibi Həsən Nəsrullah isə dünən açıqlama verərək bildirib ki, İsmayıl Haniyyə ilə eyni gündə öldürülən Hizbullahın hərbi lideri Fuad Şükürə qarşı törədilmiş sui-qəsdin “qaçılmaz cavabı” olacaq.
Hizbullaha yaxın mənbələrin məlumatına görə, çərşənbə günü Tehranda keçirilən görüşdə İran rəsmiləri və onun proksi qüvvələri, o cümlədən Hizbullah və HƏMAS-ın nümayəndələri İsrailə mümkün cavab ssenarilərini müzakirə ediblər. Bildirilir ki, görüşdə “İran, Hizbullah və Husilərin eyni anda İsrail hədəflərini bombalaması və ya hər tərəfin ayrı-ayrılıqda, lakin koordinasiyalı şəkildə cavab verməsi” müzakirə edilib. İraqdakı İslami Müqavimət Hərəkatının adı çəkilməyən liderlərindən biri AFP-yə açıqlamasında İranın hazırladığı cavab zərbəsinin təfərrüatlarını belə açıqlayıb: “Əvvəl İran İraq, Yəmən və Suriyadan olan qrupların iştirakı ilə hərbi hədəflərə qarşı ilk müdaxiləyə rəhbərlik edəcək, bunun ardınca isə Hizbullahın müdaxiləsi ilə ikinci zərbə endiriləcək”.
Dünən axşam İranın rəsmi televiziyası da yaxın saatlarda İsrailə hücum edəcəkləri barədə anons verib. Bir sözlə, görünən budur ki, həm İran, həm də ABŞ və İsrail Yaxın Şərqdə geniş miqyaslı döyüşlərə hazırlaşır. Bəs, qaçılmaz kimi görünən bu savaşda tərəflərin uğur qazanma şansları nə qədərdir?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə yeni müharibə alovunun güclənməsindən “narahatlıq keçirməsi” “məsəl üçün” deyilən yalandan başqa bir şey deyil:
“Hər halda İsrail Baş naziri Binyamin Netanyahu ABŞ səfərindən sonra həm İranda, həm də Livanda məlum sui-qəsd planlarını həyata keçirdi. Fikrimcə, Netanyahu İranla savaş ssenarisini müzakirə etmək üçün ABŞ-a getmişdi və görüşdüyü bütün siyasilərdən razılıq aldıqdan sonra İsrailə qayıtmışdı. Dərhal sonra isə İranla müharibənin start düyməsi olan məlum sui-qəsdləri həyata keçirmişdi”.
Heydər Oğuz İranla müharibənin əsl səbəbini onun yaxın günlərdə nüvə silahlarının istehsalını tamamlayacağı və sınaqdan çıxaracağı ehtimalı ilə əlaqələndirir:
“ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken ötən ayın 21-də Kolorado ştatında keçirilən təhlükəsizlik konfransında çıxış edərək əslində İranla savaşın anonsunu vermişdi. O, çıxışında İranın 1 və ya 2 həftə ərzində nüvə silahları üçün tələb olunan parçalanan material istehsal edə biləcəyini bildirmişdi. ABŞ-ın buna mane olmaq əzmində olduğunu təkrarlayan dövlət katibi bu sahədə “mövcud vəziyyətin yaxşı olmadığını” da etiraf etmişdi. Açığı, İran əgər ən geci iki həftə ərzində nüvə silahını istehsal edəcəkdisə və ABŞ bunun qarşısını almaq istəyirdisə, illərdir planlaşdırılan müharibə bu aralıqda başlamalı idi. Əks halda, nüvə silahları İrana toxunulmazlıq qazandıracaq və eynilə Şimali Koreya kimi, onunla hesablaşmaq çətinləşəcəkdi. Böyük ehtimalla Netanyahu da məhz bu səbəbdən tələm-tələsik ABŞ-a yollanmış və həm indiki prezident Co Baydenlə, həm də ölkənin gələcək rəhbəri olmağa namizəd Donald Trampla görüşmüşdü. Görünən budur ki, o, hər iki hakimiyyətdən də gözlənilən müharibədə dəstək qarantiyası alıb”.
ABŞ tərəfindən dəstəklənən İsraillə müharibədə güclü tərəfin əks qütb olduğunu İranın da bildiyini düşünən siyasi şərhçi cənub qonşumuzun məhz bu səbəbdən savaşdan yayınmağa çalışdığını, amma bunu reallaşdırmağın asan olmayacağına inanır:
“Açığı, İranın indiki müharibə bəyanatlarının onun arzularını əks etmədiyini düşünürəm. İrana qalsa, Tehranda onlarla İsmayıl Haniyə öldürülsə belə, savaşa girişməz. Çünki bu savaşda onu təkcə İsraillə yox, həm də ABŞ-la müharibə aparmalıdır. İranın isə belə bir gücü yoxdur. Bu səbəbdən də bacardığı qədər savaşdan qaçmağa çalışan İran hər dəfə ağır imtahanlara tutulur və gərginliyi artırmaq istəmir. Amma son təxribat elə həddə baş verdi ki, İranın savaşdan yayınmaq imkanları da məhdudlaşdı. Ölkənin paytaxtında ən qorunaqlı yeri vurmaq, bundan əlavə, Livan Hizbullahının hərbi liderini də sıradan çıxarmaq İran üçün rahat həzm ediləsi durum deyil. Mümkündür ki, İran yenə hansısa süni hədəflərə zərbə endirərək, həm öz qürurunu qorumağa çalışsın, həm də ölkə ictimaiyyətinə “mən qisasımı aldım” deyə bilsin. İran buna gedərsə, növbəti dəfə daha ağır zərbəylə qarşılaşacaq və istər-istəməz bu savaş çıxacaq. Səbəbini isə artıq izah etmişəm. Nüvə silahına erişməyin bir addımlığında İran ya indi savaşa cəlb olunacaq, ya da heç vaxt. İsrail isə Yaxın Şərqdə ona meydan oxuyan nüvə dövləti görmək istəmir. Yeri gələndə bu, ABŞ-ın da, Avropa ölkələrinin də maraqlarına uyğun deyil, həmçinin Çinin də, Rusiyanın da”.
Heydər Oğuzun fikrincə, əslində İranın müttəfiqi kimi görünən Rusiya və Çin də İranın savaşa girməsində maraqlıdır:
“Çünki özləri də ABŞ-ın hədəfindədirlər və İranda başlayacaq böyük müharibə ortaq düşmənlərinin diqqətini onlardan uzaqlaşdıracaq, öz əraziləri savaş meydanına çevrilməyəcək. Xüsusilə Rusiya üçün ABŞ-ın başının İranda qarışması göydəndüşmə bir fürsətdir. Ən azı o səbəbdən ki, ABŞ-da güclü təsir gücünə malik olan yəhudi lobbisi İsrail savaşarkən, ABŞ silahlarının başqa yerə göndərilməməsinin qarşısını alır. Nəticədə Ukrayna ilə təkbətək qalan Rusiya Ukrayna müharibəsinin taleyini öz xeyrinə dəyişdirmə imkanlarına qovuşacaq. Çin də həmçinin İranın İsraillə savaşa girməsini özü üçün taleyin sürprizi və ona qızıl nimçədə bəxş edilmiş bir nemət kimi alqılaya bilər. Əvvəla, ona görə ki, ABŞ-ın başının Yaxın Şərqdə qarışması istər-istəməz onun Sakit-Hind okeanında Çini çevrələmə siyasətini xeyli səngidəcək və Pekin öz hərbi qüdrətini artırmaq üçün vaxt qazanacaq. İkinci ona görə ki, İranın İsrail və ABŞ-la savaşa cəlb olunması Çinin də Yaxın Şərqə manevr imkanlarını artıracaq. Həm ərəb ölkələri, həm də İran arasında vasitəçilik missiyasına başlamaq imkanı yaradacaq. Beləcə, İran-İsrail toqquşması uzandıqca Yaxın Şərqə nəzarəti Çin öz əlinə keçirmək fürsəti yaxalayacaq”.
Bu baxımdan İran-İsrail və ABŞ ziddiyyətindən ən çox faydalanan ölkənin Çin olacağını proqnozlaşdıran Heydər Oğuzun qənaətincə, bəlkə də bu səbəbdən Vaşinqton bu konfliktin böyüməməsini Təl-əvivə məsləhət görür: “Tel-əviv isə ələ düşmüş fürsətdən maksimum faydalanmağa və əzəli düşmənlərini sıradan çıxarmağa çalışır. İran-İsrail savaşının ən çox qazananı Çin ola bilər”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ