Onlayn ictimai-siyasi qəzet
İran Xarici İşlər Nazirliyi Azərbaycanın KİV-lərində yayımlanan xəbərləri təsdiqləyərək, Azərbaycanın Xarici İşlər Nazirliyinin İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfəri Mariyanı çağıraraq ona rəsmi etiraz notası təqdim etdiyini bildirib.
Azərbaycan tərəfinin narazılığı İranın dövlət televiziyasında yayımlanan və İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi Ayətullah Amilinin Türkiyə və Azərbaycan liderlərinə qarşı səsləndirdiyi fikirlər olub. Bakı bu çıxışları “təhqiramiz və təxribat xarakterli” kimi qiymətləndirib.
İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru Möctəba Demirçili, IRNA agentliyinə verdiyi açıqlamada, bu fikirlərin İranın rəsmi mövqeyi ilə əlaqəli olmadığını bildirib.
O qeyd edib:
“İranın siyasəti qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərin inkişafına yönəlib. Azərbaycanın Xarici İşlər Nazirliyinin etirazı İranın şimal-qərbində yerləşən bir şəhərdə fərdi şəxsin yersiz və düşünülməmiş çıxışları ilə bağlıdır.”
İranlı diplomatın sözlərinə görə, belə açıqlamalar rəsmi Tehran tərəfindən dəstəklənmir və bu, İran-Azərbaycan münasibətlərinə zərər vuracaq bir addım kimi qəbul edilmir.
İranın Azərbaycana qarşı siyasəti: təxribatlar, düşmənçilik və diplomatik gərginlik
İran Xarici İşlər Nazirliyinin açıqlamaları və Azərbaycana yönəlik siyasəti bir daha göstərir ki, Tehran mollaları Azərbaycan dövlətinin suverenliyindən narahatdır və bölgədə öz mövqelərini qorumaq üçün müxtəlif təxribatçı metodlara əl atırlar. Azərbaycanın etiraz notası İranın yüksək rütbəli dini nümayəndəsi Ayətullah Amilinin çıxışları ilə bağlıdır. Bakı bu çıxışları “təhqiramiz və təxribat xarakterli” adlandırıb. Lakin bu, İranın Azərbaycana qarşı yürütməkdə olduğu düşmən siyasətinin yalnız bir tərəfidir.
Azərbaycanın Tehrandakı səfirliyinə 2023-cü ildə edilən hücum İranın təxribatçı siyasətinin ən açıq nümunəsidir. Avtomatla silahlanmış şəxsin səfirliyə hücumu nəticəsində bir diplomat qətlə yetirildi, bir neçə nəfər yaralandı. İran bu hadisəni lazımi səviyyədə araşdırmamaqla, beynəlxalq hüququn əsas prinsiplərini pozdu. Bu, Tehran rejiminin Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqeyini açıq şəkildə ortaya qoyur.
İranın Azərbaycanın sərhədlərinə hərbi qoşun yığması və bölgədə gərginliyi artırmaq cəhdləri, onun Azərbaycana qarşı “təzyiq siyasətinin” bir hissəsidir. Bu, yalnız hərbi deyil, həm də ideoloji müstəvidə özünü göstərir. İran mediasında Türkiyə və Azərbaycan daim təhqir olunur, məzhəbçilik və daxili ixtilaf yaratmaq cəhdləri ilə çıxışlar yayımlanır.
Ayətullah Amilinin uzun illərdir Azərbaycana qarşı etdiyi çıxışlar İranın dövlət siyasətinin bir hissəsi olaraq qəbul edilir. Amili Azərbaycanın rəhbərliyini və dövlətini təhqir etməklə yanaşı, cəmiyyət arasında düşmənçilik toxumu səpməyə çalışır.
İranın Azərbaycana qarşı bu cür hərəkətləri göstərir ki, Tehran Azərbaycanın müstəqilliyi və güclənməsindən ciddi narahatdır. İranın dövlət televiziyalarında yayımlanan təhqiramiz çıxışlar, sərhəd təxribatları və diplomatik hücumlar, Tehran rejiminin bölgədə “qaşınma rejimi”ndə olduğunu sübut edir. Lakin Azərbaycan bu təxribatlara hər zaman qətiyyətli cavab verib və verəcək.
Azərbaycan, həm qonşuluq münasibətlərinə, həm də beynəlxalq hüquqa uyğun siyasət yürütməklə yanaşı, öz suverenliyini qorumaqda qətiyyətlidir. İran isə öz təxribatçı siyasəti ilə həm bölgədə, həm də beynəlxalq arenada daha çox təcrid olunur. Bu yanaşma, nəinki Cənubi Qafqazın, hətta İranın öz gələcəyi üçün də ciddi təhlükə yaradır. Azərbaycanın müstəqilliyi və gücü İranın bu təxribatlarına qarşı ən böyük cavabdır.
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ