İnsanlara hürriyət, millətlərə istiqlal!

İran acığını güneylilərdən çıxır – “Yerusəlim Post”

İran hakimiyyəti İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun baş tutmamasının acığını Güney Azərbaycandan çıxır. Novator.az-ın məlumatına görə, belə bir iddia İsrailin “Yerusəlim Post” qəzetində yer alıb.

Qəzet qeyd edir ki, Azərbaycan dövlətinin İsrail səfirliyinə hücum planını pozduğu ictimaiyyətə bir neçə gün qabaq bəlli olub. Bunu yazarkən “Yerusəlim Post” Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin iyulun 10-da yaydığı məlumatı nəzərdə tutur. Həmin məlumatda deyilir ki, Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xan başqa şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycanda terror aktı törətməyi planlaşdırıb: “O, cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib, paytaxt Bakıda yaşadığı müddətdə üçüncü dövlətin səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib. Favzan Musa Xan qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq ittihamı ilə cinayət başında tutulub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirir”.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında terrorun hansı ölkənin səfirliyi əleyhinə planlaşdırıldığı göstərilməsə də, söhbətin İsrail səfirliyindən getdiyi şübhə doğurmur. Bunu Azərbaycanın kütləvi informasiya vasitələrində dərc edilən xəbər və şərhlər, İsrail rəsmilərinin açıqlamaları da təsdiqləyir. Terror cəhdinin sifarişçisi kimi isə İran ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasından üç gün sonra İsrailin xarici işlər naziri Eli Kohen birbaşa bəyan edib ki, Azərbaycanda İsrail səfirliyinə terror cəhdinin arxasında İran dayanır. Nazir bildirib ki, Azərbaycanda ələ keçən terrorçu İrandan maliyyələşib və oradan təlimat alıb.

“Yerusəlim Post”un yazdığına görə, Bakıda terror cəhdinin qarşısının alındığı elan ediləndən sonra İranın əxlaq polisi Güney Azərbaycan şəhərlərində küçələri dolaşa-dolaşa hicab qaydalarına riayət olunmasını yoxlamağa başlayıb.

İranda əxlaq polisi rəsmən irşad patrulu adlanır. İrşad sözü burada düzgün davranışa yönəltmə mənasında işlənir. Daxili İşlər Nazirliyinə tabe olan bu polis dəstəsi çoxdan yaradılıb və işi küçələri dolaşaraq hicab qaydalarına riayət olunmasını yoxlamaq olub.

Amma 2022-ci ilin sentyabrından başlanan və bir neçə ay davam edən etiraz aksiyaları zamanı əxlaq polisinin fəaliyyətini dayandırdığı deyilirdi. Aksiyalar 22 yaşlı kürd qadın Məhsa Əmininin paytaxt Tehranda hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsinə etiraz olaraq keçirilmişdi və kütləvi iğtişaşlara gətirmişdi. İrşad patrulunun fəaliyyətini dayandırdığını ilk dəfə 2022-ci ilin dekabrında İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri söyləmişdi. Müstəqil mənbələrin o vaxtlar İrandan yaydığı xəbərlərdə həqiqətən patrulların küçələrdə gözə dəymədiyi vurğulanırdı. Aksiyalar səngiyəndən sonra, 2023-cü ilin fevralından bəri yayılan məlumatlarda da İran polisinin faktiki hicab qaydalarını pozanlara dəyib-dolaşmadığı qeyd edilirdi. Lakin iyul ayının ortalarında Qərb mediasında əxlaq polisinin fəaliyyətini bərpa etdiyi haqda məlumat yayılıb. “Yerusəlim Post”un irşad patrulunun Güney Azərbaycanda hicab qaydalarına riayət olunmasını yoxlamağa başladığı barədə xəbəri bundan bir neçə gün sonraya təsadüf edir. Lakin “Yerusəlim Post” hesab edir ki, məsələ hicabda deyil, rejim bu yolla azərbaycanlıları kollektiv şəkildə cəzalandırmaq istəyir, səbəb isə azərbaycanlıların İsrail səfirliyinə qarşı terrora imkan verməməsidir. Qəzetin rəyinə görə, xaricdə azərbaycanlılara əli çatmayan Tehran rejimi qəzəbini İran dövlətində yaşamağa məhkum olmuş azərbaycanlılara yönəldib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR