İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyata kapital qoyuluşunda azalma - səbəb nə?

Bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 8,9 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilib

Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşlarında ötən ilin ikinci yarısından başlanan azalma davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 8,9 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilib. Bu dövrdə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz azalıb. Ümumi sərmayənin 1 milyard 50,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinin, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinin, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Sərmayə qoyuluşunun 77,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 70,8 faizini təşkil edib. 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 44,8 faizi sənaye, 26,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 21,6 faizi tikinti, 2,5 faizi informasiya və rabitə, 1,7 faizi təhsil, 0,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, qalanı digər sahələrə yönəldilib.

Rəsmi statistikadan

2025-ci ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 618,6 milyon manatlıq investisiya yönəldilib. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən 1 milyard 390,3 milyon manatlıq investisiyanın 280,6 milyon manatı (ümumi sərmayənin 14,0 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə olunub.

Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 638,1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilmişdi. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artmışdı. Ümumi sərmayənin 1 milyard 439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinin, 1 milyard 64,7 milyon manatı (40,3 faizi) xidmət sahələrinin, 133,7 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdü.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 80,4 faizini təşkil etmişdi. Həmçinin 2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 38,0 faizi sənaye, 36,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 19,6 faizi tikinti, 2,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə,  qalanı digər sahələrə sərf olunmuşdu.

2024-cü ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 904,9 milyon manatlıq investisiya yönəldilmişdi. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 1 milyard 733,2 milyon manatlıq investisiyanın 97,9 milyon manatı (ümumi sərmayənin 3,7 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilmişdi.

Beləliklə, aydın olur ki, ötən ilin iki ayı ilə müqayisədə 2025-ci ilin yanvar-fevralında Azərbaycanda mənzil tikintisinə investisiyalarda 2 dəfədən çox, qeyri-neft-qaz sektoruna yatırımlarda bu sektorun sənayesinə sərf olunan vəsaitlərin həcmində 2,8 dəfədən çox artım qeydə alınıb. Neft-qaz sektoruna investisiyalar 286,4 milyon manat, qeyri-neft-qaz sektoruna yatırımlar isə 342,9 milyon manat azalıb.

Yuxarıda da qeyd etdik ki, iqtisadiyyata kapital qoyuluşlarında azalma ötən ilin ikinci yarısından başlayıb. İlin ilk yarısında bu göstəricinin artması yekunda cüzi azalmanın qeydə alınmasına imkan verib. Belə ki, rəsmi məlumata əsasən, 2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 435,1 milyon manat və ya 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib. İl ərzində neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən 2024-cü ilin yekununda cari əməliyyatlar hesabının (CƏB) profisiti 4.7 milyard dollar və ya ÜDM-in 6.3 faizini təşkil edib. Bu göstərici 8,3 milyard dollar profisitin qeydə alındığı 2023-cü illə müqayisədə 3,6 milyard dollar və ya 57 faizə yaxın azalıb. Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən 11.9 fai azalaraq 15.1 milyar dollar, qeyri-neft-qaz sektoru üzrə isə 18.5 faiz artaraq 10.4 milyard dollar olub.

İl ərzində birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 742.4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 226.5 milyon dollar azalıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 7  milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.8 milyard dollar təşkil edib. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 968.9 milyon dollar kəsir yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80.7 faiz təşkil edib. Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 32.1 faiz azalaraq 1.4 milyard dollar olub.

Ötən il həmçinin tədiyə balansının ehtiyat aktivləri 438.1 milyon dollar azalıb. Halbuki 2023-cü ildə tədiyə balansının ehtiyat aktivləri 5 milyard 356.4 milyon dollar artmışdı. Mərkəzi Bank bildirir ki, 2024-cü il üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənibr. Kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə bağlı)  5 milyard dollar kəsir yaranıb. Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi ilə bağlı xarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri 438.1 milyon dollar azalıb.

Buna baxmayaraq, Mərkəz Bankın baş direktoru Vüqar Əhmədovun fikrincə, ölkədə makroiqtisadi sabitlik üçün təhdid yoxdur: “Cari əməliyyatlar balansının profisitinin (CƏB) ÜDM-də çəkisinin 5 faizdən yuxarı olması ölkənin iqtisadi dayanıqlığını göstərir”.

O bildirib ki, ölkənin xarici sektoru əlverişlidir. Mərkəzi Bank 2025-ci ildə CƏB-in profisitini 5,5 milyard dollar proqnozlaşdırıb. Müşahidə edilən normallaşma prosesi onu göstərir ki, ortamüddətli dövrdə də CƏB-in profisiti 5 milyard dollar ətrafında olacaq. Bu müsbət fon ümumilikdə makroiqtisadi sabitliyi dəstəkləyici bir amildir. Neftin qiymətinin cari əməliyyatlar balansına təsirinə gəlincə, Vüqar Əhmədov bildirib ki, insanlar epizodik olaraq, yəni bir gün və ya on gün neftin qiymətlərində enişə reaksiya verə bilər. Amma tədiyyə balansı illik dövrü əhatə edir: “Biz markoiqtisadi sabitliyə ciddi bir təhdid görmürük”.

Eldəniz Əmirov - FOTOBAZA Pravda.az

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan kimi ölkələrdə əsas kapitala yatırılan investisiyaların tərkibində neft-qaz sektoruna yatırımlar çox böyük paya malik olur: “Bura həm axtarış-kəşfiyyat, həm yataqların işlənməsi, qazma avadanlıqlarının alınması, infrastrukturun qurulması, istismar texnologiyalarının tətbiqi, emal texnologiyaları, daşınma, nəqliyyat infrastrukturunun qurulması və digər istiqamətlər aiddir. Bütün bu istiqamətlər üzrə Azərbaycanda çox böyük investisiyalar yatırılıb və bunlar ölkə iqtisadiyyatına ümumi investisiya portfelində əksini tapıb. Azərbaycanda neft hasilatının təbii olaraq azalması dövrü başladığına görə investisiya tutumlu bu sektorda əsas kapitala yatırımların azalması ilə müşayiət olunur. Bu azalma ölkə üzrə ümumi göstəricilərdə - ölkə üzrə əsas kapitala investisiyaların azalmasına gətirən əsas faktorlardan biridir. Əlbəttə, tək səbəbi deyil, lakin əsaslarından biridir”.

İqtisadçı bildirir ki, əsas kapitala yatırımların azalmasında qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində investorların davranışları da ciddi rol oynayır: “İstər daxili, yerli, istər xarici investorlar ehtiyatlı mövqe tuturlar. Eyni zamanda neft qiymətlərinin azalması investorlar üçün əlavə risk amili yaradır. Həmçinin işğaldan azad olunan ərazilərdəki bərpa işlərinin geniş miqyası da burada rol oynayır. Beləliklə, bütün bu amillərin təsiri ilə ölkə iqtisadiyyatına kapital yatırımlarında azalma qeydə alınır. Digər bir məsələ, kapital qoyuluşlarının azalması fonunda iqtisadi artımın çox cüzi həddə düşməsidir. İki ayda cəmi 0.2 faizlik bir artım var. Kapital qoyuluşlarında azalma uzunmüddətli dövrdə ümumi məhsul istehsalını, məhsuldarlığı aşağı salır, nəticə etibarilə qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir. Çünki əsas kapitala qoyuluşların aşağı həcmi böyük iqtisadi layihələrin sayını azaldır, məşğulluğa, əhalinin gəlirlərinə mənfi təsir edir”.

E.Əmirovun fikrincə, əsas kapitala investisiyaların azalmasının qarşısının alınması şəraitdə mövcud investisiya resurslarının düzgün paylanmasının təmin olunması son dərəcə vacibdir: “İkinci tərəfdən, qeyri-neft sektoruna yanaşmada bir qədər fərqli prinsiplərin həyata keçirilməsinə ehtiyac var. Bu, həm bürokratik əngəllərin aradan qaldırılması, həm vergi islahatları, həm də ümumilikdə qanunvericiliyin  daha da təkmilləşdirilməsi baxımından vacibdir. Ümumiyyətlə, hesab edirəm ki, ölkədə dayanıqll iqtisadi inkişaf üçün 4 prinsip mütləqdir:

Mikro sahibkarla qəti işimiz olmur;

Kiçik sahibkarın problemini həll edirik;

Orta sahibkara dəstək oluruq;

İri sahibkarı qəti nəzarətsiz buraxmarıq.

Bu prinsiplər pozulanda, hansısa proqram və ya hansısa mexanizm istənilən dayanıqlı nəticəni verə bilmir".

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR