Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Ankarada keçirilən üçtərəfli görüşdən sonra mətbuat konfransında deyib ki, Özbəkistan, Azərbaycan və Türkiyənin coğrafi mövqeyi və tranzit potensialı strateji əhəmiyyətə malikdir.
"Bu sahədə yaxın əməkdaşlıq sadəcə yükdaşımanın sabitliyini təmin etməyəcək, həm də qlobal bazarın ehtiyaclarını qarşılayan yeni nəqliyyat koridorlarının yaradılmasına da səbəb olacaq".
Bu fikirləri Musavat.com üçün şərh edən iqtisadçı Eldəniz Əmirov hesab edir ki, bu tip görüşlər Türkiyənin Mərkəzi Asiyada olan nüfuzunun ciddi artmasından, eyni zamanda Türkiyənin Mərkəzi Asiya respublikalarına daha çox nüfuz etməsindən qaynaqlanır.
E.Əmirov vurğulayıb ki, Özbəkistan artıq Şərq-Qərb dəhlizinin iştirakçısıdır:
"Şərq-Qərb dəhlizi barədə danışarkən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyənin adını çəksək də, Özbəkistan bu dəhlizin cənub hissəsində olan ölkədir. Özbəkistan Orta dəhlizdən bu gün də yararlanır. O ki qaldı yeni nəqliyyat dəhlizləri barədə fikirlərə, hesab edirəm ki, söhbət Zəngəzur dəhlizindən gedir. Çünki bütün hallarda Xəzər dənizi üzərində Mərkəzi Asiya tərəfdə iki böyük liman və Xəzər dənizinin qərb sahilində, yəni Azərbaycan tərəfdə isə Bakı Beynəlxalq Ticarət Limanı var ki, bu liman həm Lapis Lazuli, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizinin, eyni zamanda Orta dəhlizin birbaşa kəsişmə nöqtəsidir. Bu dəhlizlər, o cümlədən Şimal-Qərb dəhlizi, Cənub-Qərb dəhlizi, Şərq-Qərb dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunun bir elementidir. Bu baxımdan, söhbət əgər tam yeni bir hissədən gedirsə, hazırda bu, potensial olaraq Zəngəzur dəhlizidir.
Məhz Zəngəzur dəhlizi üzərindən birbaşa Türkiyəyə keçid mümkündür. Hesab edirəm ki, türk dünyasının vahid inteqrasiyası üçün həllini gözləyən yeganə problem Zəngəzur dəhlizi ilə bağlıdır. Bu problem həll olunduqdan sonra həm yeni nəqliyyat dəhlizi yaranacaq, həm də vahid türk dünyası inteqrasiya olunmuş formada inkişaf edəcək".
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ